Xəbər lenti

Banklarda əmanətlərin dollarlaşma səviyyəsi düşüb. Hazırda fiziki şəxslərin əmanətləri 10 milyard 858,4 milyon manat təşkil edir. Bunun 39,7 faizi xarici valyutadan ibarətdir. Məlumdur ki, 2015-ci ildə yaşanan devalvasiyadan sonra bu göstərici 80-85 faizə çatmışdı, həmin tarixdən sonra ilk dəfə xarici valyuta 40 faizdən aşağı yerdə qərarlaşıb. 

İqtisadçı-ekspert Fuad İbrahimov Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu, məsələn, dollara tələbatın azalması və ya dolların etibarlılığı itirməsi ilə əlaqəli deyil:

“Nəzərə almaq lazımdır ki, 2015-ci ildən sonra mərhələli şəkildə xarici valyutalarda depozitlərin faiz dərəcələri kəskin şəkildə azalmışdı. Həmin dövrə qədər bərabərlik hökm sürürdü. Əgər illik Azərbaycan manatına depozit müqavilələrdən 14 faiz verilirdisə, dollarla da elə verilirdi, bu isə vətəndaşlara sərf edirdi, ona görə də əksər hallarda vətəndaşlar dollarla və ya digər xarici valyutalarla öz depozitlərini yerləşdirirdilər. Devalvasiyadan sonra isə bu meyil kəskin şəkildə azaldı”.

Ekspert bildirib ki, indiki vəziyyətdə vətəndaşlar manatla gəlir əldə etdikləri və 2015-ci ildən bəri manat dayanıqlı vəziyyətdə qaldığı üçün ona daha çox üz tuturlar:

“Orada depozit müqavilələrindən faiz dərəcələri yüksəkdir. Əgər hər hansısa fors-major vəziyyət yaranarsa, əhali nə edəcəyini bilir, artıq kapitallarını yerləşdirməkdə kifayət qədər təcrübəlidirlər. 2015-ci ildəki devalvasiya hər kəsi ümumi vəziyyətdən xəbərdar etdi. Hamı bildi ki, bu məsələdə əsas şərtlərdən biri də neftin qiymətidir. İndi neftin qiyməti birjalarda kifayət qədər yüksəkdir, eyni zamanda büdcə xərclərində manatın səviyyəsi diversifikasiya olunmuş səviyyədə saxlanılır, ona görə də əhli təxmini bilir ki, bu gün manatın ucuzlaşması baş verməyəcək. Əsas səbəb budur. Ancaq təkrar deyim ki, heç bir halda dollara qarşı etibar itməyib, onun manat qarşısında dayanıqlılığını itirmə ehtimalı da yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 3 672          Tarix: 10-10-2022, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma