Neft treyderləri tezliklə Asiya bazarlarını əvəz edəcək yeni satış bölgələri tapmağa hazırlaşa bilərlər.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Asiyanın əsas iki iqtisadiyyatı olan Çin və Yaponiyada benzinə azalan tələbat neft idxalını kəskin daraldıb. Proqnozlar göstərir ki, dünyanın ən böyük neft emalçısı olan "China Petroleum & Chemical Corp." dövlət şirkəti iyun-avqust aylarını əhatə edən dövrdə gündəlik neft emalını 10% və ya 240 min barel azaldacaq.
Aprel ayında Çində neftə tələbat 0,3%, benzin istehlakı isə 6,3% azalıb. "Shanghai Securities News" informasiya agentliyinin məlumatına görə, Çində "Sinopec" yanacaqdoldurma məntəqələri artıq benzinin litrinə 2,3 yuan endirim etməyə başlayıb.
Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) yaydığı hesabatda bildirilir ki, 2017-ci ildə Çində benzinə tələbat 95 min barel/gün təşkil edib. Bu isə öz növbəsində son 2 ilin orta göstəricisi olan 230-290 min barel/gündən çox aşağıdır.
İEA Çində benzinə tələbatın azalmasını əhalinin velosiped və elektromobillərə üstünlük verməsi ilə əlaqələndirib. Belə ki, 2016-cı ildə Çində 352 min elektrikli avtomobil qeydiyyatdan keçib. Bu, ABŞ-dakı analoji göstəricidən 200 min ədəd çoxdur. 2014-cü ildən bu günədək Çində bu göstərici 381% artıb.
Xatırladaq ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, iyun ayında Yaponiyanın məcmu neft idxalı illik müqayisədə 12,5% azalaraq 95 mln. barel təşkil edib.
Paylaş: