Xəbər lenti

Pərviz Heydərov yazır...

Bu gün ölkədə makroiqtisadi dayanıqlıqda mühüm rol oynayan amillərdən biri də xarici ticarətdi, yəni bu sahədə əməliyyatlarda müsbət saldodur, dəyər nöqteyi-nəzərindən ixracın idxaldan üstün olmasıdır. Cari ilin yanvarında Azərbaycan xarici ölkələrlə 3 milyard 289 milyon 500 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu, 2022-ci ilin eyni dövrüylə müqayisədə 19% azdır.

Lakin illik xarici ticarət dövriyyəsinin 1 milyard 876 milyon 800 min ABŞ dolları ixracın, 1 milyard 412 milyon 700 min ABŞ dolları isə idxalın payına düşdüyündən 464 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb. Başqa sözlə desəm, az qala yarım milyard dollar...

Bu, o deməkdir ki, valyuta gəlirlərimiz çoxdur - aldığımızdan çox satırıq.

Ancaq diqqəti cəlb edən bir məqam vardır. O da bundan ibarətdir ki, son bir ildə ixrac 39,2% azaldığı halda, idxal 44,9% artıb. İdxalın artması diqqəti bəlkə də o qədər cəlb etməzdi əgər, onun tərkibində yeyinti məhsullarının da həcmi artmasa idi. Hansı ki, bu çox ciddi mənfi faktordur.

2023-cü ilin yanvar ayında Azərbaycana 169 milyon 761 min dollar dəyərində yeyinti məhsulları idxal edilib ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 19 milyon 905 min dollar və ya 13,3% çoxdur. Ötən ilin eyni ayında ölkəyə 149 milyon 856 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Doğrudur, keçən ilin yanvarında bu rəqəm daha çox təşkil etmişdi - 35,6 %... Söhbət, bunda deyil.

Məsələ ondadır ki, ümumi idxal hər il artmaqla tərkibində yeyinti məhsullarının da həcmi artır. Buna görə də inflyasiyanı və daxili istehlak bazarında bahalaşmanı kənar amillərin alovlandırdığını qeyd edirik. Bu təbiidir, o səbəbdən ki, bahalaşma ilə inflyasiyanın sürətli və münbit daşıyıcısı elə yeyinti məhsulları sayılır...

Odur ki, hesab edirəm, bu məsələ xüsusi diqqət tələb edir və nə qədər gec deyil, nəzarətə götürülməlidir. İdxal olunan yeyinti məhsulları dedikdə söhbət, ət, süd, qaymaq, kərə yağı və süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki-heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir.

Cari ilin yanvarında ölkəyə, 4 milyon 882 min 720 manatlıq ət, 2 milyon 226 min 270 manatlıq süd və qaymaq, 5 milyon 789 min manatlıq kərə yağı və süddən hazırlanmış digər yağlar, 19 milyon 845 min 690 manatlıq meyvə-tərəvəz, 5 milyon 946 min 230 manatlıq çay, 43 milyon 423 min 110 manatlıq buğda, 2 milyon 737 min 350 manatlıq qarğıdalı, 8 milyon 35 min 710 manatlıq düyü, 13 milyon 8 min 110 manatlıq bitki və heyvan mənşəli piylər və yağlar gətirilib.

Ümumən yeyinti məhsulları idxalda 12%-dən çox pay təşkil edir. Hələ bu yaxşıdır. Keçən il qeyd olunan rəqəm 15,3% təşkil edirdi, 2021-ci ildə isə 14,3%... Rəqəmlərin aşağı və yuxarı doğru bu cür dəyişməsi ölkəyə idxal həcminin ümumən hər il yüksəlməsiylə əlaqədardır. Qlobal iqtisadiyyatda yüksək inflyasiya və bahalaşma tendensiyası fonunda isə bu, yerli istehsalat

təzyiqi artırır.

Yuxarıda bir sıra ərzaq məhsulları üzrə dəyər nöqteyi-nəzərdən idxal həcmini açıqladım. Bunların bəziləri üzrə idxal əməliyyatları azalıb və yaxud çoxalıb. Əsas bu deyil. Əsas odur ki, adları çəkilən bəzi yeyinti məhsullarını görəsən, biz nədən idxal edirik?! Məsələn, ətdir, süddür, meyvə-tərəvəzdir və sair, bunları niyə kənardan gətiririk?

Ölkəmizə 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2 milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. İqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçildiyi halda, idxal sözügedən sahə üzrə niyə artır?!

Bütün bu suallar ciddi açıqlama tələb edir. Real vəziyyət odur ki, idxal artdıqca və genişləndikcə yerli istehsal daha çox zəifləyir. Üstəlik, aqrar istehsal və tədarükün qarşısı getdikcə daha çox alınır.

Ümumiyyətlə, ötən yazımda da qeyd etdim ki, real olaraq hələ ki xarici ticarətimizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura sahibdir. Bu isə heç də qənaətbəxş vəziyyət deyil. Qeyri-neft sektorunun inkişafı sayəsində bunun əksini təmin etməliyik.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, xarici ölkələrlə 3 milyard 289 milyon 500 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, 2022-ci ilin eyni dövrüylə müqayisədə 19% azdır. Çünki ixrac son bir ildə 39,2% azalıb.

Ərzaq və yeyinti məhsulları üzrə idxal məhsullarının ölkə daxilinə getdikcə daha çox gətirilməsinin qarşısı təcili surətdə alınmalıdır. Bunun üçünsə onu stimullaşdırılan amillər müəyyən edilməli və aradan qaldırılmalıdır. Əks təqdirdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı seçilmiş prioritet təhlükə altına düşəcək.

Çünki onun əsas qolu aqrar sektor - kənd təsərrüfatı məhsulları istehsalı və emalı sayılır. Adı çəkilən sektor isə artıq demək olar ki, təhlükə altındadır.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 2 994          Tarix: 19-02-2023, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma