Qardaş ölkədə keçirilən seçkilərin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək.
Qeyd edək ki, hökumətdə dəyişikliklər olacağı anonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyli sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlarla daxil olacaq.
Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?
Musavat.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzunu bu cür şərh edib:
"Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən, Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.
Bununla yanaşı, qısamüddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq, hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır".
Vüqar Bayramov qeyd edib ki, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdısa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir:
"Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş ölkə növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq".
V.Bayramov Ərdoğanın yenidən seçilməsindən sonra Azərbaycan və Türkiyə arasında birgə strateji əməkdaşlığın daha da dərinləşəcəyini vurğulayıb:
"Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması bunları təsdiq edir. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.
Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətlidir. Ərdoğanın yenidən prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq".
Paylaş: