Cəlbedici şərtlər təmin olunarsa, azad olunan ərazilərə bir neçə milyard dollarlıq Səudiyyə mənşəli investisiya təmin etmək mümkündür
Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki bərpa prosesinə yerli sərmayə ilə yanaşı, xarici investisiyaların da cəlbinə nail olmağa çalışır. Bunun üçün hökumət bu ilin yanvarından etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verib: Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının divident gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.
Azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara kommunal ödənişlərdə də güzəştlər tətbiq olunur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Beləliklə, hökumət azad olunan ərazilərin iqtisadiyyatının bərpasına özəl investorları stimullaşdırmaq üçün kifayət qədər böyük güzəşt və imtiyazları nəzərdə tutan addımlar atıb. Bu addımlarla yanaşı, geniş yatırım imkanlarına malik ölkələrin müvafiq qurumları ilə müzakirələr, təmaslar intensivləşdirilib.
Bir neçə gün əvvəl Şuşada keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclası bu baxımdan maraq doğurur. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun dediyinə görə, tədbir KOBİA və Səudiyyə Palataları Federasiyasının təşkilatçılığı ilə baş tutub. İclasda işgüzar əlaqələrin genişləndirilməsi və Qarabağda investisiya imkanlarını müzakirə edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı fondları və müvafiq dövlət qurumları ilə Azərbaycan arasında əlaqələrdə intensivləşmə ötən ildən müşahidə olunur. Dekabr ayında Səudiyyə Ərəbistanının investisiyalar naziri, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətini Prezident İlham Əliyev də qəbul edib.
Xalid ibn Əbdül Əziz Əl-Faleh səfər çərçivəsində Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla da görüşüb, işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib. Zəngilanın “Ağalı” kəndində jurnalistlərə açıqlamasında Səudiyyəli nazir bəyan edib ki, ölkəsinin investorları işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji (günəş və külək enerji sahəsində), turizm, kənd təsərrüfatı və texnologiya sahəsinə yatırım etməkdə maraqlıdır.
O qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif aspektləri var. Səudiyyə Ərəbistanı Azərbaycanda beş infrastruktur layihəsində iştirakçı olub. Krallıq həmçinin işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən öz torpaqlarına geri qaytarılması və həyatın normal axarına qayıtması üçün investisiya edə bilər.
Nazir bildirib ki, Qarabağda geniş kənd təsərrüfatı potensialının olduğu bugünkü səfər zamanı müşahidə edilib: “Qarabağda iribuynuzlu heyvandarlıq sahələri ilə tanış olduq. Böyük potensialın olduğunu gördük. Səudiyyə Ərəbistanı üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi zəruridir və bu baxımdan işğaldan azad edilmiş ərazilərə yatırımda maraqlıyıq. Zəngilanda yeni tikilən hava limanı çox cəlbedicidir. Eyni zamanda yeni yaradılan ağıllı kəndi görmək bizdə xoş təəssürat yaratdı və təəccüb doğurdu. İndi mənimlə birlikdə buraya Səudiyyə Ərəbistanının böyük nümayəndə heyəti gəlib. Burada yalnız dövlət deyil, özəl sektor, o cümlədən energetika, xüsusilə də yaşıl enerji, turizm və kənd təsərrüfatında çalışan özəl biznesin təmsilçiləri var. Səudiyyə Ərəbistanı Qarabağ regionuna investisiya yatırmaq niyyətindədir. Xüsusi qeyd edim ki, yeni tikilən ağıllı kənd və Zəngilan aeroportu bizi təəccübləndirdi. Buralar ailəvi istirahət üçün gözəl yerlərdir”.
Dekabrın 19-da isə Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu, Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclası keçirilib. İclasdakı çıxışında S.Şərifov bildirib ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər. O qeyd edib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər.
Böyük Qayıdış”ı öz gücümüzə reallaşdırırıq - Aktual | Hafta.az
Müştərək komissiyanın iclası zamanı Krallığın investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh bildirib ki, ölkəsi azərbaycanlı tələbələrə təqaüd ayıra bilər: “Elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanı universitetlərində təhsil almaq üçün təqaüd proqramı hazırlaya bilərik. Bu müxtəlif sahələri, o cümlədən texnologiya, rəqəmsal sahələr, riyaziyyat və digər elm sahələrini əhatə edə bilər”.
O da məlum olub ki, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır. Bu məsələ Bakıda keçirilən biznes forum çərçivəsində Səudiyyə Ərəbistanının “ARCO for human resources” şirkəti ilə Azərbaycan Məşğulluq Agentliyi (HR Cell) arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub. Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əmək haqqı rekruitinq haqqına (500 ABŞ dolları) əlavə 850 ABŞ dollardan başlayır: “Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını "Krallığın 2030-cu il baxışı" proqramının icra tələblərinə uyğun olaraq ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq. Səudiyyə Ərəbistanı bazarında bütün fəaliyyət növləri və peşələri üzrə iş yerləri var, Azərbaycan vətəndaşları üçün Səudiyyə Ərəbistanı Krallığında məşğulluq imkanları isə iki ölkə arasında münasibətlərin və strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək", - memorandumda bildirilir.
Xalid bin Əbdüləziz Əl-Falih çox maraqlı açıqlama verərək, Səudiyyə Ərəbistanının Azərbaycanın Avropaya elektrik enerjisi ixracı prosesində iştirak etmək istədiyini bəyan edib. Səudiyyəli nazir əlavə edib ki, Buxarestdə imzalanan sənədə qoşulmaq fikrindədirlər: “Bildiyiniz kimi, "Acwa Power" şirkəti Azərbaycanda 240 meqavatlıq enerji layihəsi icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enerjisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".
Səudiyyə Ərəbistanı investisiya imanları çox geniş olan bir ölkədir. İndiyədək bu ölkə ilə iqtisadi-ticari, həmçinin investisiya əlaqələrinin güclü inkişafı qeydə alınmayıb. Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 400 milyon dollar investisiya yatırıb. “Acwa Power” şirkətinin yatırımı da nəzərə alınsa, məbləğ ən yaxşı halda 700 milyon dollara çatar. İndiyədək Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir.
Neftlə zəngin olan Səudiyyə Ərəbistanı böyük maliyyə ehtiyatlarına malik ölkələrdəndir. Uzun illər boyu inkişaf etmiş ölkələrin istehsal sahələrinə yüz milyardlarla dollar yatırımlar edilib. 2008-ci ildən etibarən Səudiyyə fond və şirkətləri sənayedən çəkilməyə və vəsaitlərini yeni texnologiyalar sahəsinə yönəltməyə başlayıblar. Bura müasir maliyyə bazarı alətlərindən tutmuş İT startapları, elektromobil, alternativ enerji istehsalına qədər çoxsaylı istiqamətlər aiddir.
Səudiyyə şahzadəsi Əl-Valid ibn Təlal əl-Səudun yaratdığı "Kingdom Holdinq" şirkəti "Four Seasons", "Citigroup", "Twitter", "21st Century Fox", "The Walt Disney Company" şirkətlərində paya, həmçinin Paris və Nyu-Yorkda öz hotellərinə malikdir.
"Bloomberg"in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Suveren Fondu (Public Investment Fund) kiberidman sahəsinə 38 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq planının tərkib hissəsi olan bu yatırımla Səudiyyə 2030-cu ilədək dünya kiberidmanının mərkəzi olmağı hədəfləyir. "Public Investment" Fundu artıq bu yatırımlar üzrə fəaliyyətləri həyata keçirmək üçün "Savvy Games Group" adlı şirkət də yaradıb.
Adıçəkilən fond bundan əvvəl "Activision Blizzard", "Electronic Arts", "Nintendo", "Embracer Group AB" şirkətlərinə, həmçinin "Modern Times Group" şirkətinin kiberidman bölməsinə 1,05 milyard dollar yatırım edib.
Bütün bunlar onu göstərir ki, cəlbedici şərtlər təmin olunarsa, azad olunan ərazilərə bir neçə milyard dollarlıq Səudiyyə mənşəli investisiya təmin etmək mümkündür. Bu isə vətənlərinə dönəcək on minlərlə insan üçün iş yeri imkanı deməkdir...
Dünya SAKİT,
“Yeni Müsavat”
Paylaş: