"Birləşmiş Ərəb Əmirlikləri regiondakı ən mühüm ticarət və iqtisadi tərəfdaşlarımızdan biridir. Keçən il ticarət həcmimizi 25 faiz artıraraq 10 milyard dollara çatdırdıq. Bu rəqəm artmaqda davam edir. Türkiyə ilə Əmirliklər arasında ticarət və investisiya sahəsində çox ciddi potensial var. Səfərimiz zamanı biz bu potensialın aktivləşdirilməsi istiqamətində atılan addımları dəyərləndirdik".
Musavat.com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, qəbul edilən birgə sazişlə Türkiyə-BƏƏ əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb:
"Biz Yüksək Səviyyəli Strateji Şura mexanizmini yaratdıq. Mexanizmin yaradılması ilə gündəliyimizdəki məsələləri ən yüksək səviyyədə müzakirə edə biləcəyimiz platformanı təmin etdik. Birgə sazişdən əlavə, müxtəlif sahələrdə 13 saziş imzalanıb. Bu sazişlərin ümumi dəyəri 50,7 milyard dollardır".
Ərdoğan xatırladıb ki, 2023-cü il Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətlərinin qurulmasının 50 illiyidir.
Paylaş: