Rusiya və İran gəmiləri sanksiyalardan yayınaraq malların gizli çatdırılması üçün Xəzər dənizindən fəal şəkildə istifadə edirlər. Rusiya gəmiləri həmçinin avtomatik identifikasiya sisteminə (AIS) məlumat ötürülməsini dayandıraraq “qaranlıq” limanlara daxil olurlar.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.
Nəşrin məlumatına görə, təkcə son üç ayda Rusiya bayrağı altında üzən gəmilərin AİS-ə məlumat ötürülməsini dayandırması ilə bağlı 600-dən çox hal müəyyən edilib ki, bu da sistemdə problemlərin yaranmasına səbəb olub.
“Bu yaxınlarda Xəzər dənizində Rusiya və İran arasında üzən 12 gəmi “qaranlıq” limanlara daxil olub. Onların hamısı Rusiya və ya İran təşkilatlarına məxsus olub, Rusiya və ya İran bayrağı altında üzüblər”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, Ukraynanın işğalından əvvəl Rusiyanın İranla ticarətə ciddi ehtiyacı yox idi. Belə ki, 2020-ci ildə Rusiya İrana təxminən 1,4 milyard dollar həcmində mal ixrac edib və təxminən 800 milyon dollar dəyərində də mal idxal edib. 2021-ci ildə isə Rusiyanın ixracı 3 milyard dolları, idxalı isə təxminən 1 milyard dolları keçib. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı İran həm də Rusiya üçün böyük ehtiyac duyulan silah tədarükçüsünə çevrilib. İyunda rəsmi Moskva ilin sonuna qədər İran və digər Avrasiya ölkələri ilə azad ticarət sazişinin imzalanacağını, rəsmi Tehran isə Rusiya ilə böyük həcmdə neft və qaz mübadiləsi gözlədiyini bildirib.
Paylaş: