Xəbər lenti

Avropada bir sutka ərzində Rusiyaya məxsus və ya Rusiya neftindən asılı olan iki böyük emal müəssisəsində ardıcıl partlayış baş verib.

Musavat.com xəbər verir ki, hadisələr həm Rumıniyada, həm də Macarıstanda qeydə alınıb və Rusiya enerji sektoruna ağır zərbə kimi qiymətləndirilir.

Günorta saatlarında Rumıniyanın Ployeşti şəhərində “Lukoil” şirkətinə məxsus Petrotel neft emalı zavodunda partlayış olub. Digi24 telekanalının məlumatına görə, hadisə tullantı sızmasından sonra qaz toplanması nəticəsində baş verib. Partlayış zamanı bir işçi xəsarət alıb, zavodun bir hissəsi isə fəaliyyətini dayandırıb.

“Petrotel” Rumıniyada Rusiyanın əsas sənaye aktivlərindən biri hesab olunur. Uzun müddətdir ki, bu müəssisənin fəaliyyəti ölkə ictimaiyyətində narazılıq yaradırdı, çünki sanksiyalara baxmayaraq, zavod “Lukoil”in Avropadakı istehsal şəbəkəsini qoruyub saxlayırdı.

Axşam saatlarında oxşar hadisə Macarıstanın Sazxalombatte şəhərində baş verib. Burada “Drujba” boru kəməri vasitəsilə Rusiya nefti qəbul edən ən böyük emal zavodunda güclü yanğın qeydə alınıb. Partlayışdan sonra başlayan yanğın bir neçə saat davam edib, alovun kilometrlərlə uzaqdan görünməsi yerli sakinlər arasında təşviş yaradıb.

Hazırda hadisələrin səbəbləri araşdırılır, lakin ilkin versiyalara görə, qaz sızması və boru xəttindəki yüksək təzyiq partlayışlara səbəb olub.

Qərb analitikləri hesab edirlər ki, bu ardıcıl hadisələr Kremlin enerji siyasətinin “öz bumeranqına çevrildiyini” göstərir. Onların fikrincə, illərlə Avropanı enerji asılılığı ilə təhdid edən Rusiya indi həmin asılılığın fəsadlarını özü yaşayır.

Sosial şəbəkələrdə yayılan videolarda və şərhlərdə hadisələr “Rusiya əkdiyini biçir” kimi qiymətləndirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 992          Tarix: Dünən, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma