Xəbər lenti

                                      PROLOQ
Ərsən üç mərtəbəli ağ binanın qapısından eşiyə çıxanda dərindən nəfəs aldı. Elə bil çiynindən dağlar ağırlığında yük götürmüşdülər. Bu ağ binanın içindəki çürük iyi verən mənəviyyatsızlıq ilə bir addımlıqdakı təmiz, oksigeni bol olan saflıq arasında təsəvvürə gəlməyəcək qədər böyük təzad vardı. Bu saf təbiəti, bu dağları qoyub getmək çətin olsa da, Əhmədzadənin rayonda yaratdığı simasızlıq və yaramazlıqlar tədricən rəhbər işçilərin, demək olar ki, əksəriyyətini öz ağuşuna almışdı, bəlkə bunlara da dözmək olardı. Lakin son zamanlarda respublikanın bəzi ərazilərinin, o cümlədən də Ərsənin doğulub boya-başa çatdığı rayonun Ermənistan ilə sərhəd zonasında yaylaların ermənilərə “satılmasına” qarşı narazılıq edənlərin tutulub həbsxanalara doldurulması, raykom katibinin bu işlərdəki fəallığı, haqq sözün eşidilməməsi  onu təngə gətirmişdi. Sonuncu məqaləsi “Satılmış torpaqlar” qəzetdə çap olunan kimi qəzetin redaksiyasına milis dəstəsi hücum edib, redaksiyanın altını üstünə çevirmişdi, qəzetin təzəcə çap olunmuş, hələ mətbəə iyi verən nömrəsi bütünlüklə müsadirə olunmuşdu. Bunlara dözmək olardı, amma son vaxtlarda qəzetə vəsait ayrılması məsələsi də böyük bir problemə çevrilmişdi. Redaksiya əməkdaşları nə qədər səbr nümayiş etdirsələr də, mətbəə işçiləri narazılıq edir, əmək haqqlarını vaxtında ala bilmədiklərindən şikayətlənirdilər. Fəxrəddin usta tez-tez sınan çap maşınını təmir edib saz hala gətirməyi günlərlə yubadırdı. Bəhanəsi də əmək haqqının vaxtlı vaxtında ala bilməməsiydi. Əslində Fəxrəddin ustanın günahı yoxdu, külfətini dolandırmaq üçün başqa işlərə getmək məcburiyyətində qalırdı. Şəxsi adamların işlərini görmək (buna çastnı işlər deyirdilər) günlərlə vaxt aparırdı. Fəxrəddin usta həm də içkiyə meyilli idi, yaxşı pul qazananda yaxşı da içib dəmlənirdi. Bu rayonun adamları da evinə, həyətinə buraxdığı, evində işlətdiyi adama bir işçi kimi yox, qonaq kimi münasibət bəsləyirdi. Mütləq işçiyə ən ləziz yeməklər hazırlanar, səhər, nahar  və bəzən də axşam yeməyi verilərdi. Fəxrəddin ustanın şəxsi işdən günlük qazancı mətbbə işindən aldığından iki-üç qat artıq olardı. Buna baxmayaraq mətbəədə əmək haqqı vaxtında verilsəydi, Fəxrəddin usta işini sevən adamdı, işləyərdi. Amma aylarla yubanmalar istər-istəməz işçilərdə narazılıq yaradırdı. Klişe yığan Zeynəb də son günlərdə dilə gəlmişdi, üzü tutar-tutmaz işçilərdən borc istəmişdi. Redaksiya əməkdaşları da elə Zeynəbin günündə olduqlarından kömək edə bilməmişdilər.    
Ərsən bütün bunların düşünülmüş şəkildə Əhmədzadə tərəfindən verilmiş tapşırıqla əlaqəli olduğunu anlayırdı. Rayon maliyyə şöbəsinin müdiri xüsusi seçilmiş bir adamdı. Əhmədzadənin tapşırığını canla-başla yerinə yetirməyi özünün müqəddəs vəzifəsi sayırdı. Belə bir mühitdə qalıb işləmək bir bəlaya çevrilmişdi, qəlbi saf və təmiz bir gəncdə gələcəyə olan inamı da itirmək bahasına gələcək nəsə ona lazımsız görünür, daha özündən asılı olmayaraq buradan ayrılmaq, istər-istəməz hələlik bu yerləri tərk etmək  məcburiyyətindəydi.
Raykomun birinci katibinin son dəfə dediyi sözlər beynində təkrar olundu. “Sən mənim tələblərimə uyğun deyilsən”. Katibin tələblərinin nədən ibarət olduğunu yaxşı bilirdi. Lakin azacıq qeyrəti, vicdanı olan adam bu tələblərə baş əyməzdi. Təbii ki, Ərsən kimi gənc, əxlaqı, düşüncəsi yerində olan, əsl mənada ziyalı olan şəxs isə heç zaman belə şeyləri qəbul etməzdi. Ərsən fikirləşirdi; ya burada qalıb müti bir qul kimi hər şeyə baş əyib vəzifə tutmaq, ya da hələlik buraları tərk edib getməliydi. Üçüncü yol yoxdu, kitablarda oxuduğu mübarizə üsullarını bu balaca rayonda həyata keçirmək mümkün deyildi, daha böyük mübarizə meydanı və mübariz gəncliyin yetişdiyi məkan respublikanın mərkəzi ola bilərdi. Tələbəlik dövründən tanıdığı, sözü, əməli bir olan, müstəqil dövlət qurmaq arzusu ilə yanıb alışan dostlarının əksəriyyəti mərkəzdə çalışırdı. Hər dəfə görüşlərində Əbülfəz müəllim də onu mübarizənin içərisinə, mərkəzə dəvət edirdi.
Burada isə hələ sovet rejiminin tüğyan elədiyi bir zamandı. Bu o zamandı ki, adicə bir söz üstündə adamları tutub türmələrə doldurur, üç-beş qəpik üstündə bir satıcını on illərlə həbsə göndərir, təsərrüfatların maliyyə hesablarında şişirtmə rəqəmlərlə küllü miqdarda yeyinti halları yaradıb dövlət büdcəsini talayanları  yüksək vəzifələrə qaldırırdılar. Belə bir məqamda kiçik məhəlli xarakterli bir mübarizənin nə ilə nəticələnəcəyini tam dəqiqliklə aydın görən  Ərsən universitetdə az da olsa, yeni düşüncəli, demokratik fikirli gənc müəllimlərin təlqin etdiyi ikinci yolu seçmişdi. Əbülfəz müəllimin yanında, sovet rejimini kökündən kəsib atmaq, yeni düşüncə, yeni amallar ilə yaşayan gəncliyin yanında olmağı arzulayırdı. Ona görə də raykom katibiynən sözü düz gəlmirdi, hər dəfə görüşlərində aralarında olan uçurum bir qədər də dərinləşirdi. Bilirdi ki, Ərsəni qınayanlar da, ittiham edənlər də olacaqdı, “qığılcımdan atəş doğar” fəlsəfəsiylə düşünənlər də bir başqa fikirdə bulunacaqdı. Amma nə olur olsun, geriyə yol kəsilmişdi, irəli getmək, yeni olacaqlara hazırlaşmaq gərəkirdi. Yeni olacaqlar isə əslində başlamışdı, vilayətin hər yerində baş qaldıran narazılıqlar, rayon mərkəzlərində kiçik mitinqlər ilə əvəzlənir, ayrı-ayrı fəallar ortaya çıxır, mərkəzdən gələcək xəbəri gözləyirdilər.
 Ərsən ağ rəngli “Jiquli”yə yaxınlaşıb qapısını açdı və sürücünün yanında oturdu. Maşının pencərəsindən içəriyə daxil olan xəfif külək saçlarına sığal çəkirdi, maşının güzcüsünə baxıb qalstukunu düsəltdi. Əlini cibinə salıb “Azərbaycan” siqareti çıxartdı. Qutudan siqaret götürüb damağına qoyub yandırdı. Dərindən bir qullab vurub tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi. Döyüşdən qalib çıxan əsgərə bənzəyirdi. Kürəkləri oturacağı tam tutmuşdu. Sifətində təbəssüm yaranmışdı. Sürücüyə, - kəndə sür, - dedi.  
Sürücü mühərriki işə saldı. 06 markalı “Jiquli” yerindən götürüldü, arxasında ağappaq bir iz, bir kölgə buraxa-buraxa irəliləməyə başladı.
          Yol Araz qırağından keçirdi. Araz çayını görüncə dərdləri bir az da artdı. Ürəyi qubar elədi, elə bil, dünyanın xəracını ondan istəyirdilər. Əslində Araz dərdi elə dərddi ki, dünyanın xəracından da ağırdı. Tikanlı məftillər sanki Ərsənin ürəyinin içindən keçirdi. Bir milləti, bir Vətəni parçalayıb üz-üzə qoymuşdular. Yadına uşaq ikən qatarla Bakıya getdiyi günlər düşdü. Qatarın pəncərəsindən Araza baxır, o biri sahildəki insanları görmək istəyirdi. Amma rus əsgəri onu da çox görürdü, Araza tərəf baxmağı qadağan etməyə çalışırdı. Ərsən o zaman hələ orta məktəbin aşağı siniflərində oxuyurdu. Anası onu yay tətilində Bakıya gəzməyə aparmışdı.  Ömrü boyu unuda bilməyəcəyi o səfər xatirələrə çevrilmişdi. Sonra qatarda anası ona Arazdan danışmışdı. Araz qırağındakı yulğun  kollarının arasında Qaçaq Nəbinin atlı dəstəsinin çar jandarmalarına qarşı necə vuruşduqlarını söyləmişdi. Qaçaq Nəbi nə istəyirdi? Haqqı olacaq bir şey:- Azadlıq! Azadlıq istəyirdi!  Amma onu verən yoxuydu, bu tərəfdə çar jandarmaları, o biri tərəfdə şah ajanları xalqın başına müsibət açırdılar. Nəbi də göz görə-görə yerli məmur və bəylərin zülmünə qarşı çıxırdı. Amma bütün bunlara baxmayaraq bu müsibətlərə dözə-dözə yaşayan xalq, zamanla bir çox mənəvi keyfiyyətlərinin aşılanmasına məruz qalırdı.
         Ərsən bu düşüncələrin qoynunda bəzən xəyal qırıqlığına da uğrayırdı. Axı, indi nə çar isul-idarəsi zamanıydı, nə də şah rejimi. Bəs bu raykom katibi – balaca “şahcıq” nə istəyirdi?! Ərsənin rayonu tərk edib getməsi bu “şahcığın” qabağından qaçmaq deyildimi?! Əslində burada qalıb bu “şahcıqla” ağıllı-başlı mübarizə də apara bilərdi, lakin bu heç nəyi dəyişməyəcəkdi. Çünki sovet maşını xarab olan bir hissənin dəyişilməsi ilə yenilənir, fəaliyyətini davam etdirirdi. Bu maşını birdəfəlik əzib sıradan çıxartmaq, sovet işğalından azad olmaq, müstəqil Azərbaycan Demokratik Respublikasını qurmaq lazımdı. Bunun üçün lazım olan qüvvələr mərkəzdə cəmləşmişdi, Ərsən də öz yerini onların arasında görürdü. Bu yolda ölüm-itim, həbsxana həyatı da ola bilərdi, amma azadlıq da havayı verilmir axı. Mərkəzdə gizli yığıncaqlar keçirilir, sovet rejiminin yıxılması üçün planlar qurulurdu. Ərsən hələ tələbə ikən bu yığıncaqların bəzilərində iştirak etmişdi. Sevimli müəllimlərinin rəhbərlik etdiyi gizli yığıncaqlar azadlıq və müstəqillik yolunda atılan ilk addımlar kimi böyük əhəmiyyət kəsb edirdi. Ərsən onları unutmamışdı, unuda da bilməzdi.
Həbsxanadan qayıdan Əbülfəz müəllimin son görüşlərində dediyi sözlər ona rahatlıq vermirdi:  “Mən dəfələrlə demişəm ki, sovet hökuməti qan üstündə qurulub, gec-tez dağılacaqdır, gənclər buna hazır olmalıdır. Bu sahədə yerlərdə iş getməlidir, amma mən sizi Bakıda - mərkəzdə gözləyirəm”. Bu, bir tapşırıq idi. Qəti qərara gəlmişdi, xalqın taleyinin həll olunduğu bu günlərdə kənarda qala bilməzdi. Qanıyla, canıyla bu torpağa, bu yurda bağlı olan, xalqının dərdinə yanan bir insan daha böyük mübarizə meydanına atılmağa hazırlaşırdı.  
Ərsən fikirli olanda sürücü də dinib danışmazdı. Sanki “Jiquli” maşını avtomatik olaraq idarə olunurdu. Maşın gedir, Ərsəni də özüylə birlikdə aparırdı. Ərsən isə xəyallara qoşulub hara getdiyini özü də bilmirdi. Aman, Allah, bu nə gediş idi? Bu gedişin qayıdışı olacaqdımı? Bilmirdi, qayıtmaq haqqında heç fikirləşmirdi də. Son dəfə dədə-baba yurduna baş çəkmək istəyirdi, maşın da onun bu arzusunu anlayır kimi Araz qırağı yoldan ayrılıb dağlara sarı döndü.
***
                                                            I hissə  
Günəş doğsaydı da, doğmasaydı da səhər açılacaqdı, yenə təbiət canlanacaqdı. Amma bu səhər Günəş ilə açılmışdı və səhərin sübh vaxtı dağlar al şəfəqlər ilə elə boyanmışdı, elə boyanmışdı ki, bəs deyərdin, heç min il bundan sonra da bu dağlar belə rəng görməyəcəklər. Ya da, o ağ buludlar var ha, bir də çətin ki, dağları belə qucaqlaya. Elə bil buludlar dağların harasa çıxıb gedəcəyindən qorxurdu. Bu Günəşli səhər çoxlarının ömrünə  sevinc gətirirdi, çoxlarının qapısına səs-səda paylayırdı. Çoxlarının samovarı lap sübh tezdən qaynayırdı. Bircə Şahsənəm anadan başqa.
Şahsənəm ana çoxdan oyaq idi, heç gecəni yatmamışdı da. Ancaq yerindən də durmaq istəmirdi. Sanki gözlərini açmağa qorxurdu. Qorxurdu oğlu Ərsən da oyana bilər. Şahsənəm ana bilmirdi ki, oğlu da yatmayıb, oğlu da oyaqdır, elə-beləcə gözlərini yumubdur. Şahsənəm ananı qorxudan heç də çörək dərdi deyildi. Şühbəsiz ki, hələ Allaha şükür, təknədə çörək, küpədə pendir vardı, içməyə də Allahın suyudu, qaynadıb çay dəmləyirsən. Yox, bunlar ananı əsla narahat etmirdi, Şahsənəm ananın fikrindən keçənlər başqaydı.
Şahsənəm ana bu gün oğlunu yola salmalıydı, cibinə pul qoymalıydı. Bir ay idi bu haqda fikirləşirdi. Əri Məmmədin ölümündən sonra onun adına 12 manat təqaüd kəsilmişdi. Son ayda aldığı 12 manat təqaüdün qəpiyinə də əl vurmamışdı. Qışdan da elə bir ruzi qalmamışdı. Satdıqları meyvə pulundan cəmi 20 manat birtəhər qoruyub saxlamışdı. Yaxşı bilirdi ki, bu pula bir ay yaşamaq çətindi, özü də şəhər yerində. Neçə dəfə taleyini qarğımışdı. Neçə dəfə həsrətli-həsrətli ah çəkmişdi:
- Hardasan ay kişi, dur ayağa, yaman yerdə bizi tərk elədin, - demişdi. Bu gün oğlun məktəbi qutarıb, Bakıya oxumağa gedir. Dur, oğlunu yola sal, cibinə pul qoy, uğur dilə. Sənin oğlun yaxşı oxuyur, hamıdan da seçilir. Heç insafdı ki, belə bir oğul şəhərdə oxuyanlara kənardan baxa-baxa qalsın?! O gün Əlihüseyn müəllim deyirdi ki, bəs Ərsən çox çalışqandır. Onu mütləq oxutmaq lazımdır. O, böyük adam olacaqdır. Nə bilim daha nələr-nələr deyirdi. Deyirdi Ərsənı rayonda da yaxşı tanıyırlar. Hamı ona ümid bəsləyir. Eşidirsənmi, ay kişi. Bu gün Ərsən yola düşür. İnstituta gedəcək,  sənin xəbərin yoxdur.  Məni tək qoydun. Əlimdən nə gəlir, kimin qapısına gedim. Adamların üzü elə bərk olub, elə dönüb ki, elə bil dünyanın axırıdır.
Bu cür düşüncələrlə Şahsənəm ana yavaş-yavaş yerində dikəldi, evinin alçaq pəncərəsindən bayıra baxdı. Hər tərəf ağappaq süd kimi idi. Ürəyində Günəşi qarğımaq istədi, amma yox, niyə qarğısın ki... Nə olsun, Günəş doğsa da, doğmasa da səhər açılmalıydı, bu gün gəlməliydi. Günəşin nə günahı vardı? O ki ağappaq işığını bu həyətdən əsirgəməmişdi, hamının həyətini işıqlandırdığı kimi Şahsənəm ananın da həyətini işıqlandırmışdı. Bəlkə elə Günəş bu həyəti işıqlandırdığına görə də, yavaş-yavaş qəlbində hər şey aydınlaşırdı. Yadına qardaşı Səlim düşdü, gözünün ağı-qarası qardaşı, əziz-xələf qardaşı... Neçə illərdi qardaşı Bakıda işləyirdi. Şahsənəm də öz əlinin səliqəsiylə ala inəyin südündən hazırladığı yağından, şorundan Bakıya gedib gələnlərlə qardaşına pay göndərərdi. Qardaşı Səlim də hərdən ona balaca da olsa, hədiyyələr göndərərdi. Şahsənəm də fikirləşərdi ki, hədiyyənin nə böyüyü-kiçiyi. Hədiyyədir, sağ olsun qardaşını, indiki zamanda kim kimə nə verir ki... Necə deyərlər: “Dost dostu yada eyləyər bir çürük cəviz ilə”... Amma, yox, Şahsənəmin qardaşı Səlim elə-belə adam deyildi, hörmətli, izzətli alimiydi. Bir bacı kimi Şahsənəm ondan ötrü canından belə keçərdi. İndi də qardaşı  Bakıdan gəlib ata evini sökdürüb yenidən özü istədiyi kimi tikdirirdi. Maşallah olsun Səlimə varı-dövləti (özünə qismət olsun) başından aşırdı. Bəs qardaş nə gündə gərəkdir?..
Şahsənəm ananın üzünün rəngi duruldu, gözlərinə işıq gəldi, ürəyində özünü danladı da, Səlim kimi qardaşı olan da dərd çəkər?! Sanki çoxdan bəri axtardığını tapmışdı.
– Dur bala, dur Ərsən. Gedək görək dayıngil neyləyirlər. Yenə şəhər adamıdır. Sənə də köməyi çatar. İşi-gücü də ki... Allah daha da artıq eləsin...
        Şahsənəm ana qardaşı Səlimin yanına  ümid ilə gedirdi.
Səlim orta yaşlı, yaraşıqlı bir kişiydi. Saçları arabir ağarmışdı. Bakıda institutların hansındasa dərs deyirdi. Arvadı Zemfira (ona Zema xanım deyirdilər) şəhər qızı idi. Atası deyilənlərə görə adlı-sanlı kişi olmuşdu, amma necə olmuşdusa, gəncliyində  bir hay (erməni) qızına vurulmuşdu, sonra onunla evlənmiş, Zemfira da ikinci qız olaraq bu evlilikdən doğulmuşdu. Səlimdən bir-iki yaş kiçik olardı. Amma elə geyinirdi, elə bəzənirdi ki, deyərdin bəs 18 yaşında qızdır. 14-15 yaşında oğlu olmasına baxmayaraq inanmaq olmurdu ki, belə bir qadın ana ola bilər. Bədən quruluşuna xüsusi diqqət ayırırdı, gimnastika ilə məşğul olur, gözəlliyini qoruyub saxlamağa çalışırdı. Çox ədalı xanım idi. İşi-gücü göstəriş vermək, buyurmaq idi. Səlimin bacısı Şahsənəm ana səhərdən axşama kimi onun qulluğunda durardı. Paltar yuyardı, ocaq qalayardı, samovar salardı və bu kimi xırda-para işlərdən başını qaşımağa macalı olmazdı.      Zema Şahsənəm ana ilə oğlu Ərsəni görən kimi əzilə-əzilə dedi:
–                     A balam, gəlin çıxın da... Günorta oldu ki... Evdə bir stakan sərin su
yoxdur. Ərsən, qaç, iki vedrə sərin su gətir. Səlim sərin çeşmə suyu istəyir.
         Şahsənəm ana Ərsənin üzünə baxıb gözləriylə işarə etdi ki, “tələs, a qadan alım, qoy dayın sənin qoçaqlığını görsün”. Zema xanım əzilə-əzilə davam elədi:
–                     Bu sudan keçmək olmur ki, içəndə də gərək bu sudan içəsən, nədir e...
o minerallı sular bunun yanında.
Ərsən istədi ki, dayısının oğlu Zahiri də özüylə çeşməyə aparsın, səhər-səhər çeşmənin buz sularında əl-üzlərini yusunlar, həm də Zahirdən şəhərdə necə, nə cür gəzib dolaşmağı, avtobus marşurutlarını öyrənsin, necə də olmasa Zahir şəhərdə doğulmuşdu, orada böyümüşdü, hər halda şəhər qaydalarını da yaxşı bilərdi. Ərsən dedi :
–  Zahir də mənimlə getsəydi...
Zemfira xanımın rəngi tutuldu, qaş-qabağını salladı. Zemfira xanım oğlunu ərköyün böyüdürdü. Əlini ağdan qaraya vurmasına razı olmaz, onun hər istəyini yerinə yetirərdi. Müxtəlif ləziz yeməklər hazırlatdırıb oğluna yedirməyə çalışardı. Bu səhər də onun üçün südlü sıyıq hazırlamışdı.   
- Zaxir hələ kaşasını yemiyib. Sən qaç yubanma.
Zemfira xanım Zahirə həmişə Zaxir deyirdi. Hər dəfə də bu sözü işlədəndə mütləq yadına Zaxar düşərdi, qızlıq vaxtını, orta məktəb illərini xatırlayardı. Onun yaddaşında o illərin xatirəsi unudulmazdı. Oğlunu bu qədər əzizləməyi də bu adı xatırlatması ilə əlaqədardı. Bu adı da oğlu üçün özü seçmişdi. Səlim o vaxt uşaq dünyaya gələndə oğluna atasının adını vermək istəyirdi. Amma Zemfira xanımın çıxardığı hoqqaların qarşısında dayana bilməyib, onun təklifini qəbul etmək məcburiyyətində qalmışdı.
Zemfira xanım bir anın içində dəyişə bilirdi. Səlim müəllim o dəyişikliyi, bozarmış, turşumuş sifəti görməmək üçün o dəqiqə də arvadının bir sözünü iki eləməzdi və hətta əzizləməyə çalışar, ona Zema xanım deyə müraciət edərdi. Tədricən bütün qohum-əqrəba və tanışlar da Zemfiraya Zema xanım deməyə alışmışdı. Ərsən də bu illər ərzində dayısının arvadı ilə ehtiyatlı hərəkətlərini dəfələrlə müşahidə eləmişdi. Bu səbəbdən də Ərsən Zema xanımın bir anın içində turşumuş sifətini görməmək üçün hər şeyə hazır idi, lap o pudluq vedrələrdə ölə-ölə su gətirməyə də. Belə də etdi. Ərsən vedrələri götürüb qapıdan çıxdı.  
Şahsənəm ana işini bilirdi, yetirən kimi süpürgəni götürüb həyət-bacanın təmizliyi ilə məşğul olmağa başlamışdı. Süpürdükcə elə bil ömründən düşüb itən  illəri də tozun-torpağın içində qərq edirdi. Payızda saralıb düşən yarpaqlar kimi xatirələr də xəyalından silinib gedir, çənə, dumana bürünüb yox olurdu. Zema xanım bu dəfə də Şahsənəm ananın işinə qarışdı:
-         Aaa.... bu nədi? Səhər-səhər tozu aləmə yayırsan?! Götür o samovarı tez
qaynat. İndi Səlim samovar çayı istəyəcək...
Şahsənəm süpürgəni bir tərəfə qoyub belini dikəltdi. Axşamdan həyətin bir küncündə qalan samovarı yaxına gətirib, axşam özünün gətirdiyi su ilə doldurdu. Ağac qırıntıları toplayıb odladı. Səlim artıq oyanmışdı, pəncərədən boylanıb bacısı Şahsənəmə “sabahın xeyir” dedi. Şahsənəm qardaşı Səlimi görən kimi ona və uşaqlarına dua etməyə başladı:
        - Bacın qurban, necəsən, ay Səlim? Allah səni mənə çox görməsin...
Səlim əynində pijama evdən çıxıb həyətdə gəzişməyə başladı, gəzişə-gəzişə də elektrik üzqırxanı ilə azacıq tüklənmiş üzünü taraş edirdi. Səlim xüsusi zövqlü  bir adam idi, həmişə nikbin görünüşü ilə adamları heyrətə salırdı. Təzə evi də şəhər qaydasında, yüksək memarlıq-arxitektura layihəsi ilə tikilmişdi. Şəhər qaydası evin içərisində hamam, rahatlanma mərkəzi, isti-soyuq su... əlqərəz hər şey üsulunca hazırlanmışdı, ancaq bir qədər təmir işlərində çatışmazlıqlar vardı, onları da ustalar işləyib hazırlayırdılar.  Otaqların birində kəndin ən yaxsı ustası sayılan dülgər Qədir işləyirdi. Ona köməkçi kimi “general” ayamalı Qasım çalışırdı. Hərdən dülgər Qədir “general” Qasıma söz atırdı:
-Məşə general, bu işlərin axırı necə olacaq?
“General” Qasım da ona belə cavab verirdi:
-Meşədə general olmur, Qədir əmoğlu.
-Mən sənə meşə demirəm ki, məşə deyirəm, məşə general, yəni məşədi general...
-Qədir əmoğlu, vallah, bu adı özümə sığışdıra bilmirəm, indi itə daş atırsan, generala dəyir, general o vaxtlarıydı, barmağıynan göstərirdilər... Qədir əmoğlu, o bizim irayonnu eşşək Yasin var e.., tanıyırsan də onu...
- Hansı Yasin, məşə general?
- O yoğun adama oxşamazı deyirəm də... Nədi o... buralarda onun-bunun şələsini ora-bura daşıyıb qəpik-quruş alardı e... bir dənə də səfeh qərdəşi var də... qarnıyoğun Xalıq...
- Nə olsun?
- Məsələ də ondadı ki, nə olsun?! Belə o olsun ki, indi Bakıda onu elə böyük vəzifəyə qoyublar ki... adamı var ey... adamı... İki eşşəyin arpasını bölə bilməyən indi insan taleyini həll eləyir. Burda deyirlər e... gərəy adamın cəhənnəmdə də adamı ola...
- Buna bax e... dağılasan, a dünya...
- Qədir əmoğlu, vallah belə şeyləri görəndə adamın lap ölməyi gəlir. Dünya yaman xarab olub e...
- Day demə...
Dülgər Qədir bir qədər fasilə verib düşündü. Sonra da nə isə kəşf etmiş kimi dilləndi:
- Məşə general, mıxı vur getsin, bizə nə... səninki mıx vurmaqdı, sən də mıxıı vur.
- Hə, bizə nə... Qədir əmoğlu, adam eşşəyi minir, yoxsa eşşəy adamı minir... amma olmur də... Qədir əmoğlu, belələrini görəndə yadıma yumutdamayan toyuq düşür...
Səlim müəllim ustaların bu zarafatlarını dəfələrlə eşitmişdi. İndi də səslərini eşitdikcə köhnə əhvalatları da xatırlayıb ləzzət ala-ala ayaqyoluna tərəf gedirdi. Səlim müəllimin leksikonunda ayaqyolunun bir adı vardı: İbornu.  Onun bu sözdən çox xoşu gəlirdi.  Səlim müəllimin şakəri idi, kəndə gələndə dədə-baba qaydası ilə ibornuda oturub rahatlanana qədər özü üçün mızıldanardı. Bu gün də şakəri qalxmışdı, özünü bir təhər ibornuya saldı, bir qədər keçmiş rahatlandı və mızıldanmağa başladı.
 Millət kefdə-toydadı,
 Dünya bir qoz boydadı...
 Dünya Səlim müəllimin gözündə, doğrudan-doğruya, lap elə qoz boyda görünürdü. Səlim müəllimin kefi sazıydı, pul-para dərdi çəkmirdi. Bu kənddən çıxıb gedəndə bütün kənd uşaqları kimi Səlim müəllim də əziyyət çəkmişdi, yarı ac, yarı tox günlər keçirmişdi. Sonra da institutu qurtaranda onu institutda saxladılar. Əvvəllər ona təklif edilən pula, hədiyyələrə gözünün ucu ilə də baxmırdı. Elə ki, Zemfira ilə evləndi, o gündən pul həyatının mənasına çevrildi. Səlim müəllim bir də onda ayıldı ki, daha tələbələrin başına yox, əlinə baxır. Beləcə ələ baxa-baxa Səlim müəllim pullandı, sonra da dəyişilib tamam başqa adama çevrildi. Pul da olandan sonra daha yaşamağa nə vardı ki. Kəndə gələndə də qohum-əqrabaya hədiyyə gətirərdi. Birinə bir qutu Hindistan çayı verərdi. Birinə 300 qramlıq konfet qutusu verərdi. Kəndlilər də Səlim müəllimin gətirdiklərini böyük bir matah hesab edib Bakıya qayıdanda yoluna kənd məhsullarından qoyardılar. Elə kənddə qaldığı müddətdə də müxtəlif çeşidli hədiyyələr ilə tez-tez onu yad edərdilər. Görərdin biri bir beçə gətirib ki, bəs Səlim müəllim şəhər yerində sınıxıbdı, bu beçənin bişirib yesin, rəngi-rufu özünə gəlsin. Digər qonşu hər səhər təzə inək südü gətirərdi, başqa birisi də baldan, qaymaqdan, təzə tərəvəzdən ta bostan məhsullarına kimi. Hələ çoban Qədim də hər dəfə bir kök erkək quzu gətirər Səlim müəllimin ayağının altında kəsərdi. Hər dəfə də belə deyərdi:
-Səlim müəllim bizim kəndimizin şanı-şöhrətidir, mən savadsız adamam, çobanam, belə şeyləri yaxşı bilmərəm... Amma Səlim müəllimi bütün dünya tanıyır. 
 Çoban Qədim quzunu kəsib şaqqalayar, sonra da ocaq qalayıb iki-üç şiş kabab çəkər, özüylə gətirdiyi tut arağını ortaya qoyar, Səlim müəllim ilə öz təbirincə desək, bir-iki rumka girlədər və durub gedərdi. Gedəndə mütləq Səlim müəllimin zəhmət çəkib Bakıdan ona gətirdiyi 300 qramlıq konfet qutusu və bir bağlama da hind çayını özüylə aparmağı unutmazdı. Bu hədiyyələri çoban Qədim Səlim müəllimdən alanda özünü dünyanın ən xoşbəxt adamı sayardı. Axı, Səlim müəllim böyük adam idi, professor idi... Qədim kimdi ki... adicə bir çoban, pah-pah... nə böyük adammış... 
Bu dəfə də elə, Səlim müəllim hədiyyəli gəlmişdi. Bacısı Şahsənəmi də yadından çıxartmamışdı. Bacısına bir şal gətirmişdi, üstünə də 300 qramlıq konfet bağlaması və bir çay qutusu qoyaraq xüsusi səliqə ilə onu “Kommunist” qəzetinə bükmüşdü.
Sahsənəm də bunu qardaşının çox böyük hədiyyəsi kimi qəbul etmişdi. Daha neyləsin, bəy verən atın dişinə baxmazlar. Şahsənəm elə həmən gün arı pətəklərini bir-bir açıb baxmış, qardaşına iki çərçivə bal kəsib aparmışdı. Ata yurdunun ümidi idi qardaşı, -“şəhərdə nə yeyirdi, nə içirdi - hamısı zir-zibildi, heç olmasa burada bir ağzının dadı-tamı dəyişsin,”- demişdi.
Səlim müəllim rayona gələndə həmişə Bakıdan özüylə oxumaq adına bir dəstə də “Kommunist” qəzeti  gətirərdi. Ancaq onları oxumazdı, ya nəyisə bu qəzetlərə büküb hədiyyə verərdi. Ya da qəzeti dörd yerə bölüb Səlim müəllimin ibarəsincə desək, ibornudakı yeşiyin üstünə qoyardı ki, burada zəruri ehtiyaclara sərf edilsin. Bakıda “Kommunist” qəzetini işlətməyə qorxardı, amma burada – bu kənd yerində kimiydi belə şeylərə baxan. Səlim müəllimin də, baxmayaraq ki, özü də kommunist idi, nəinki “Kommunist” qəzetindən, lap elə kommunistlərdən də zəhləsi gedirdi. Acığını da “Kommunist” qəzetindən Səlim müəllimin öz təbirincə desək, “ibornuda” istifadə ilə soyudurdu. 
Səlim müəllim həm də yaxşı yeyib-içmək azərkeşiydi, qohum-əqrəba, dost-tanış, qonşular da bunu bilirdi. Hamı da Səlim müəllimi qonaq aparmağa çalışırdı. Qonaqlıq vermək istəyənlərin də min təmənnası olurdu. Səlim müəllim də bunları bilirdi. Bilə-bilə də çağrılan yerdən qalmaz, yaxşıca yeyib-içəndən sonra ondan olunan xahişlərin altından elə çıxırdı ki, hamı da razı qalırdı.  
Ərsən pudluq vedrələri zorla sürüyə-sürüyə küçə qapısından içəri saldı. Nəfəsi qulaqlarından çıxırdı, təngiyirdi. Vedrələri yerə qoyub başını qaldırdı. Qarşısında duran adamı bir anlıq tanımadı. Bu bədən, bu paltar Zema xanımın idi, yəqin, lap yəqin Zema xanımın idi. Aman Allah, bəs bu ağappaq, südlü qatıqlı sifət kimindi?! Bu necə üz idi, necə sifət idi? Ərsən çaşıb qalmışdı, nə edəcəyini bilmirdi.
-         Nə durmusan key kimi, suyu bura gətir. Səlim, ay Səlim, zibillər də
dünəndən yığışıb qalıbdı...
Bu, Zema xanımın səsi idi. Allah, demə, sifət də onun idi. Ərsənın qəlbində qəribə hisslər vuruşurdu.  Bu kənddə çox adam süd-qatıq tapıb yeyə bilməsə də, amma Zema xanım üz-gözünü südlü-qatıq ilə yuyurdu. Yuyurdu yox, sən demə Zema xanım masqa qoyurmuş ki, üz-gözü qırışmasın, gənc və təravətli qalsın. Bax bunlar Ərsənin hələ anlamayacağı işlər idi. Qəribədir işlərin, dünya!.. Burada Ərsən bir ah çəkdi. Elə ah çəkməliydi də... Nə deyəsən belə dünyaya... toylarda müğənnilər hərdən dünya haqqında segah oxuyardılar. Mütləq o oxunan segahda da dünyanın gərdişindən şikayət, ah, nalə olardı. Axı dünya namərd idi, mərdimazar idi, dünya insanları çürüdür, məhv edirdi. Dədə-baba aşıqlardan belə dünyadan şikayət edə-edə gəlirdi bu yazarlar. Son vaxtlarda da ustad şairlərin şeirlərini oxuyurdular toylarda. Əvvəl başlayırdılar Səməd Vurğunun “Dünya” şeirindən, sonra da keçirdilər, Bəxtiyar Vahabzadəyə, Məmməd Araza. Məmməd Arazın da “iti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüm?” ifadəsini təkrar-təkrar deyib yanğılarını söndürürdülər. Elə Ərsənin də bu dəqiqələrdə fikrindən bu misralar keçirdi ki, yenə də gözü Zema xanıma sataşdı.
Zema xanım heç vaxt zibili özü atmazdı, heç oğluna da atdırmazdı. Şəhərdəki evlərində qulluqçu işləyərdi. Bütün zibilli işləri də qulluqçu görərdi. Səlim müəllim Zema xanımı ora-bura aparıb gətirmək üçün sürücü də tutmuşdu. Zibil atmaq “səadəti” hərdən sürücünün də qismətinə düşərdi. Ancaq neyləyəsən ki, kənd yerində qulluqçu yoxdu.  Bu zibilləri mütləq ya Səlim müəllim özü atmalıydı, ya da hər gün qardaşına baş çəkən, qardaşının yolunda canını qurban verməyə belə hazır olan Şahsənəm ana. Amma Ərsən burada olanda zibil atmaqdan xoşlanmasa da, anasının və ya dayısının zəhmətini çəkməyi bir kiçik kimi özünə borc bilirdi.
Amma bu heç də Ərsənin ürəyincə deyildi, ona görə də dayısıgilə getməkdən həmişə min bəhanə ilə boyun qaçırmağa çalışırdı. Hər dəfə Ərsən zibil vedrəsini boşaldanda nələrin şahidi olmurdu. Bu zibil vedrəsində cürbəcür kiflənmiş konfetlər, şokaladlar, kolbasalar, toyuq budları, ağ çörək, qovun, qarpız dilimləri olurdu, dayısıgil çox israfçılıq edirdilər, Ərsənin anlamında bunlar harınlaşmış məxluqatlara bənzəyirdi.
         Ərsən yaxşı başa düşürdü ki, Səlim müəllimin işlərində uyğunsuzluqlar var. Bütün bu işlər halal zəhmət haqqı ilə görülə bilməzdi. Tutaq ki, dayısı çox pul qazanır, axı belə də olmaz. Səlim oğlu Zahiri də, arvadı Zema xanımı da çox istəyirdi. Səlim müəllim parıldayan qara laklı ayaqqabılarından oğlu Zahirə də almışdı. Cüt geyinirdilər. Ərsən görürdü ki, Səlim müəllim də, oğlu Zahir də bu kənddə hamıdan qəşəng geyinirdilər. Heç Ərsəngilin məktəbinin direktoru da belə geyinə bilməzdi, onun qara laklı ayaqqabısı yoxuydu. Hələ Səlim dayının “Qaz-21” volqasının gözəlliyi qiyamətiydi. Bu elə gözəl maşın idi ki, par-par yanırdı. Hələ bu maşının içindəki  yapon maqnitafonunda səslənən, Ərsənın əvvəllər heç vaxt eşitmədiyi mahnılar nə qədər gözəl idi. Ərsən bu mahnılara həmişə mavi “Volqan”ı yuyanda qulaq asa bilərdi. O, hələ bir dəfə də olsun, başqa birisində belə gözəl maşın görməmişdi. Bəlkə də Bakıda belə maşınlar çoxuydu, lakin bu kəndə ilk belə maşını Səlim müəllim gətirmişdi. Bu gün də bu gözəl, mavi volqanın yuyulmaq vaxtı idi. Ərsən maşını yumağa həvəslə qoşulurdu, insafən dayısı oğlu Zahir də maşının yuyulmasına köməklik edirdi.
Günortadan keçirdi. Şahsənəm ana həyətdə ora-bura qaçır, o işin, bu işin qulpundan yapışır və içində  özü-özü ilə əlləşirdi. Nə qədər çalışsa da qəlbindən keçənləri açıb qardaşı Səlimə deyə bilmirdi.
Ərsən ilə Zahir tər-təmiz yuyulmuş maşını qurulayırdılar. Səlim müəllim kənarda dayanıb “Volqa” maşınını yuyulduqdan sonrakı gözəlliyinə tamaşa edirdi. Maşınının maqnitofonundan estrada musiqisi eşidilirdi. Bütün səsi ilə çığıran müğənninin səsindən başqa heç nə eşitmək olmurdu.
Zahir atasına baxıb qışqırdı:
– Paa.., maşın hazırdır. Axı, söz vermişdin bizi gəzməyə aparacaqsan.
-  Hə, yaxşı siz hazırlaşın, indi hava istidir, bir azdan gedərik. Ərsəni də
apararıq.
-  Mən gedə bilməyəcəyəm.
-  Nə üçün, bacoğlu, bizimlə gəzmək istəmirsən?
– Dayı, mən bu gün yola düşürəm, qəbul imtahanlarına lap az qalır, sənəd qəbulunun vaxtı da keçir...
–  Hə, – dedi Səlim müəllim və elə bil indi yadına düşdü ki, Ərsən oxumağa getməlidir. Lakin hara? Bu sual bir an Səlim müəllimin beynində dolandı.
-  Hə, nə olar? Amma gəl, gəl otur, bacoğlu, baxaq görək fikrin nədir? Hansı
institutda oxumaq istəyirsən?
        Həyətdə stullar qoyulmuşdu. Səlim müəllim əyləşmişdi, oğlu Zahir ayaqüstə durmuşdu,  atası ilə gəzməyə çıxmağı gözləyirdi. Ərsən sıxıla-sıxıla dayısının qarşısında oturdu, Şahsənəm ana da bir kənarda ərik ağacına söykənib dincini alırdı. İstər-istəməz qardaşının Ərsənlə maraqlanması diqqətini cəlb etdi.
        Səlim müəllim Ərsəni dinləmədən özü öz sualına cavab verərək danışmağa başladı:
     -  Bilirsən, bacoğlu, bu xalq təsərrüfatı institutu ki var, yaxşı institutdur. Amma buna pul təsərrüfatı institutu da deyirlər. Bura girə bilsən yaxşıdır. Universitetin hüquq, şərqşünaslıq, jurnalistika fakültələri də pis deyil. Böyüklərin uşaqları oxuyur. Qaldı ki, medinstitut, bunun da qiyməti iyirmi mindir. İndi sən bunların hansına getmək istəyirsən?
Ardı var

Nizami Muradoglu

Baki / AZERBAYCAN








Ana səhifəyə qayıt        Baxış: 3 902          Tarix: 16-04-2021, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma