Xəbər lenti

 

Loğman ZÜLFÜQARLI,
“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi

Dövlət başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar azad və ədalətli rəqabət mühitinin yaradılmasını şərtləndirir

 

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunun üçün lazımi şərait yaradılmış, dayanıqlı və sabit iqtisadi sistemin formalaşdırılması təmin edilmişdir. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində reallaşdırılmış kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun təkcə Azərbaycan üçün ənənəvi sferalarda deyil, həm də yeni hesab edilən sahələrdə hərtərəfli inkişafı daha da sürətləndirmişdir. Bütün bunların nəticəsidir ki, özəl sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.
Dünyada formalaşan yeni iqtisadi şəraitdə Azərbaycanın sabit və davamlı inkişafını təmin edəcək yeni Strateji Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlar ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, respublika əhalisinin rifah halının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, ölkəmizin zəngin iqtisadi potensialının istifadə effektivliyinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, məşğulluğun təmin olunması nöqteyi-nəzərdən sahibkarlığın rolu böyükdür. Çünki Prezident İlham Əliyev ölkəmizdə sahibkarlar üçün əlverişli biznes, investisiya, azad və ədalətli rəqabət mühitinin yaradılmasına həmişə böyük önəm verir, dəstəyini əsirgəmir.
Dövlət başçısı tərəfindən həyata keçirilən daxili və xarici siyasətə sadiq olan sahibkarlar əmindirlər ki, növbəti yeddi ildə də cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz böyük nailiyyətləri sayəsində tərəqqinin yeni zirvəsinə doğru inamla irəliləyəcəkdir.
Azərbaycanda özəl sahibkarlıq üçün yaradılan şəraitdən bəhrələnən çoxsaylı müəssisələrdən biri təsisçisi olduğum “Bakı İnşaat Sənaye” ASC-dir. Müəssisə öz fəaliyyətini ISO 9001 beynəlxalq keyfiyyət standartı üzərində qurub. Sənayenin əsas sahələrindən birini təşkil edən ağır metallurgiya sferasında fəaliyyət göstərən müəssisəmizdə əsasən ixracyönümlü məhsullar istehsal edilir. Bura müxtəlif ölçülü şveller, künclük, kvadrat və zolaqlar, boru, profil çeşidləri daxildir. Eyni zamanda, ölkə bazarında böyük tələbat duyulan digər metal məmulatlarının istehsalı da həyata keçirilir. Hazırlanan bütün məhsul növləri həm də Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma sisteminin uyğunluq sertifikatlarına malikdir. Səhmdar cəmiyyətimiz xaricə yüksək keyfiyyətə malik rəqabətqabiliyyətli satış qiymətləri ilə mal ixrac etməklə hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Son dövrdə müəssisəmizin ixrac əməliyyatlarında 35 faizə qədər artım qeydə alınmışdır. Bu da təkcə son dörd ayda respublikamızın valyuta daxilolmalarında müəyyən artım deməkdir. 
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin daim yaxşılaşdırılmasını, infrastrukturun modernləşdirilməsini hədəfləyən yeni-yeni layihələrinin reallaşdırılması, dövlət və sahibkarlıq arasında münasibətlərin inkişaf etdirilməsi nəticəsində milli iqtisadiyyatımızın strukturunda özəl sahibkarlığın xüsusi çəkisi artmaqda davam edir. Özəl sektora hərtərəfli dövlət qayğısının daha bir bariz nümunəsi kimi “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” respublika Prezidentinin 2016-cı ilin yanvarında 745 saylı Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrilə müəyyən olunmuş güzəştlərin tətbiq olunması xüsusi qeyd edilməlidir. 12 oktyabr 2017-ci ildə “Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd etdiyim güzəştləri əldə etmək hüququ verən İnvestisiya Təşviqi Sənədi təqdim olunmuşdur. Qeyri-neft sektorunun inkişafında, özəl sahibkarlıq fəaliyyətinin və investisiya yatırımlarının stimullaşdırılması istiqamətində həmin güzəştlərin təqdim edilməsi böyük önəm daşıyır. Buna görə biz möhtərəm Prezidentə öz dərin təşəkkürümüzü bildiririk.
Özəl sahibkarlığın gerçək inkişafında, sahibkarların ölkəmizin sosial-iqtisadi tərəqqisində rolunun artmasında ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevin müdrikliyi bizə əlavə güc verir, rastlaşdığımız çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Biz bilirik ki, xalqımızın xoşbəxt gələcəyi, Azərbaycanın dövlətçilik ənənələrinin yaşaması məhz Heydər Əliyev siyasətinin alternativsizliyi, cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə bağlıdır. 
Azərbaycanda həyata keçirilən köklü islahatların başlıca vəzifəsi ölkəmizin iqtisadi mənafelərinə cavab verən milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və ixracyönümlü istehsal sahələrinin daha da inkişaf etdirilməsidir. Bu baxımdan qeyd etdiyimiz kimi, respublikamızda azad sahibkarlığın inkişafı, sağlam rəqabət mühitinin yaradılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. 
Azad sahibkarlığın, sağlam rəqabətin qarşısını ala biləcək bütün maneələrin, o cümlədən inhisarçılıq meyillərin aradan qaldırılması istiqamətində aparılan işlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və bütün sahələrdə inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb: “Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa, - biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir, - ancaq, eyni zamanda böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır. Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin”. 
Göründüyü kimi, dövlət başçısının iqtisadiyyatımızın bütün sahələrində azad və ədalətli rəqabəti, milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin edilməsində müstəsna rola malik özəl sahibkarlığın fəaliyyətini məhdudlaşdıra biləcək bütün amillərin, xüsusilə də inhisarçılıq meyillərinin qarşısının alınmasında qətiyyətli olduğunu nümayiş etdirir: “Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır”.
Odur ki, yalnız dövlət başçısının həyata keçirdiyi siyasət çərçivəsində öz işini quranlar Azərbaycana fayda verə bilər. Yalnız bu halda onların fəaliyyəti milli iqtisadiyyatımızın inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, Azərbaycanda rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların çeşidinin genişləndirilməsinə, ölkəmizə yeni investisiyaların cəlb olunmasına, bir sözlə - dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətə, xalqımıza xidmət etmiş olacaqdır.
Azərbaycan iqtisadiyyatı ildən-ilə möhkəmlənir, onun daxilində keyfiyyət dəyişiklikləri baş verir, respublikamızda vətəndaş həmrəyliyi güclənir, sabitlik hökm sürür. Dövlət başçısı da qeyd etmişdir ki, ölkəmiz bu gün əsl sabitlik adasıdır: “Dünyada təhdidlər artır, münaqişələr alovlanır, Azərbaycan isə sabitlik, inkişaf adasıdır”. Bu inkişafı və sabitliyi qorumaq hər birimizin borcudur.

 




Ana səhifəyə qayıt        Baxış: 1 471          Tarix: 24-05-2018, 17:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma