Beynəlxalq Bankın xarici kreditorları birbaşa İlham Əliyevə məktub yazaraq şikayətlərini bildiriblər
Azərbaycan Beynəlxalq Bankı tərəfindən irəli sürülən 3.3 mlrd. dollarlıq borc restrukturizasiyası planının şərtləri bankın kreditorlarını qane etmir. Onlar şərtlərin dəyişdirilməsi üçün çalışırlar. Bu barədə ABŞ-ın “Bloomberg” mətbuatına investorlar qrupunun 2 üzvü deyib.
Bankın kreditorları SOFAZ-ın (Dövlət neft fondu) 1 mlrd. dollar depozitinin restrukturizasiya planına daxil edilməsinin onların səsvermə hüququnu zəiflətdiyini düşünür.
ABB çərşənbə axşamı Londonda baş tutan təqdimatda xarici borc və depozit öhdəliklərini dövlət istiqrazları və bankın öz istiqrazları ilə əvəz etmək təklifini irəli sürməklə investorların qəzəbinə düçar olub. Bank əsas borc tələblərində 20% güzəşt nəzərdə tutulduğu planın təsdiq olunması üçün kreditorların üçdə ikisinin səsini almalıdır. SOFAZ-ın prosesə daxil edilməsi ilə Beynəlxalq Bankın ehtiyacı olduğu səsin təxminən üçdə biri əvvəlcədən təmin edilmiş olur, bu da investorların plana qarşı etiraz imkanlarını zəiflədir. Azərbaycan restrukturizasiyasını avqustun 24-də başa çatdırmaq istəyir.
Kreditorlar həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına olan təxminən 500 mln. manatlıq (297 mln. dollar) subordinasiyalı borc öhdəliyinin restrukturizasiya siyahısına daxil edilməməsindən şikayətlənirlər. Planda 100 milyon dollarlıq subordinasiyalı borc öhdəliklərinin 50 faiz endirim edilərək dövlət istiqrazları ilə əvəz edilməsi təklifi də etirazla qarşılanır.
“Bloomberg” agentliyi yazır ki, kreditorlar qrupu mayın 19-u restrukturizasiya planının detalları açıqlanmamışdan qabaq bəzi şikayətləri ilə bağlı prezident İlham Əliyevə müraciət edib. İnvestorlar məktubda öncədən xəbərdarlıq edib ki, “restrukturizasiya planı xarici kreditorlar arasında ayrı-seçkiliyə yol verdiyi halda səsverməni qazanmaq məqsədi ilə kreditorlar sinfini qruplaşdırmaq seçki saxtakarlığına cəhd kimi qiymətləndiriləcək”.
İlkin
Paylaş: