Xəbər lenti

 

 Nazilə Nəriman

Dostoyevski “dünyanı məhəbbət xilas edəcək” - deyirdi, Cavid isə gözəllik və sevgini özünün tanrısı adlandırırdı.

Təəssüf ki, çoxları eşitdiklərini  müstəqim mənada qəbul edərək bu barədə düşünməyə, deyilənləri məntiq süzgəcindən keçirməyə çalışmırlar.  Halbuki, hər iki dahinin  oxşar fikirləri arxasında  həqiqətən  daha dərin mənaların olduğu yəqindir.

Bəzən "sevgi nə vaxt dünyanı xilas edib" kimi   bəsit yanaşmaların da şahidi oluruq və məlum olur ki, sevgi-məhəbbət dedikdə, onlar sadəcə qadın-kişi arasında münasibətləri nəzərdə tuturlar. Halbiki, burda, sadə dillə desək, insanın insana, bütün canlılara, təbii gözəlliklərə yanaşması nəzərdə tutulur.

İnsan Yaradanın elə bir kamil kəşfidir ki, bütün yaradılmışların fövqündə dayanır. Nədir onu möhtəşəm və fərqli edən? İnsanın azadlıq eşqi və yaranmışlara sevgisi- qayqısı… Bəs dünyanın əşrəfi sayılan insanı şərəfsizlik girdabına sürükləyən səbəblər hansıdır? Nəyə görə yaranmışların ən möhtəşəmi olan insanın qəzəbi, nifrəti, biganəliyi ucbatından ömrümüz  getdikcə  zülmət kimi acı və mənasız olur, həyatlar ucuzlaşır, öldürmək su içmək kimi asanlaşır?  

 Bütün dərdlərin-problemlərin ilkin səbəbini araşdırdıqda qarşımıza sevgisizlik və ya sevgi qıtlıqı cixir. Demək olar ki, dünyanı cirkinləşdirən bütün rəzilliklər məhz sevgisizlik sindromundan yaranır. İnsanın öz iç dünyasında yaradaraq sonra  nəfsinə qurban verib öldürdüyü sevginin yerində yaranan qəddarlıq keçici xəstəlik kimi  sürətlə bütün dünyaya yayılır. İnsanları pozitiv təbəssümdən, xeyirxah  əməllərdən məhrum edir.

Sevgini məhv edən amillərin önündə isə  EQO dayanır. İnsanın yalnız ozünü sevməsi və başqalarına nifrətlə yanaşması dünyanın xilasına imkan verməyən başlanğıcdır. Təkcə öz nəfsini, öz rahatlığını, öz sağlamlığını, öz sevincini düşünən insan tədricən biganə və soyuq qəlbli buz parçasına çevrilir. Eqoist insan  ətrafındakılara  sevgi və şəfqət gözü ilə baxmır, "başqaları  vecimə deyil, xəstəlikləri, ölümləri,  əzab-iztirabları məni narahat etmir, bəla  məndən ötsün, kimə dəyirsə dəysin" kimi düşüncələr beynində kök salır. Tək istəyi başqalarından hansısa şəkildə faydalanmaqdır.

 Qarşısındakı insana ancaq mənfəət əldə etmək gözü ilə baxan eqoistlərin  sayı çoxaldıqca, həyatın  sevgi ümmanı da qurumağa başlayır, yaşam səmalarındakı bəyaz səadət buludları qaranlığa gömülür, zülmət hər tərəfi qapayır. Buna görə də ağıllı adamlar, fərqli düşüncə və mühakimə sahibləri dünyanı sevginin yaratdığı gözəlliklərin xilas edəcəyinə inanarlar. Bu inamı başqalarına da təlqin edir, onlara ümid bəxş edirlər. Bu ümid sonda ölməsin deyə….




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 27-08-2019, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma