Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin tarixi və səfərdə iştirak edən jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəbi açıqlanıb.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, səfər müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə bununla bağlı məlumatlar əvvəlcədən açıqlanmayıb.
“Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Biz hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq. Hər zaman da bunu dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mənim mətbuatdan izlədiyimə görə, ora səfər edən jurnalistlərimiz hər hansı problemlə qarşılaşmayıblar. Çünki orada görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhülkəsizlik təminatı çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”, – deyə icma sədri bildirib.
Qeyd edək ki, noyabrın 17-21də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Eyni zamanda, erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.
Azərbaycandan Ermənistana və Dağlıq Qarabağa “Trend” İnformasiya Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçiyev getmişdi. Ermənistandan Azərbaycana “Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Dağlıq Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan gəlmişdi/Report.
Paylaş: