Xəbər lenti
Dünən, 19:25

 

Amerika Erməni Assambleyasının (AEA) həmsədri Entoni Barsamyan “Amerikanın səsi” ilə söhbəti zamanı bildirib ki, ABŞ-ın Ermənistana marağı artıb.

ABŞ Konqresinin bir neçə ermənipərəst üzvü qərara alıb ki, öz ofislərinin təmsilçilərini martın 31-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda “prezident seçkiləri”ni müşahidə etmək üçün ezam etsinlər. Ermənistana siyasi marağın artması, əlbəttə, “məxməri inqilab”la şərtlənir. Ancaq marağın əsasında yalnız bu halın olduğuna inanmaq, bəlkə də, natamam qiymətləndirmə olardı. Burada, şübhəsiz, geopolitik durum öz əhəmiyyətli rolunu oynayıb. Səbəblər, həqiqətən, dərin və çoxyönlüdür. Maraqlıdır ki, ABŞ bu kimi addımlarda ikili münasibət nümayiş etdirir. Belə ki, ABŞ Konqresi Donbas məsələsində, Abxaziya və Osetiyadakı analoji məsələlərə oxşar addımları atmır. Bu ikili münasibət isə ABŞ öz maraqları kontekstində yürütdüyü siyasətdən xəbər verir.

“Cümhuriyət”ə açıqlamasında politoloq Elşən Manafov ABŞ-ın bu addımının Azərbaycana təzyiq məqsədi daşıdığını deyib:

“Birləşmiş Ştatların Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında cərəyan edən proseslərə münasibətində sərgilədiyi mövqe, beynəlxalq hüququn ortaya qoyduğu dəyərlərdən daha çox ABŞ-ın geosiyasi maraqlarını əks etdirir. Sovet İttifaqının çökməsindən sonra ABŞ, Rusiyanın MDB məkanında təsir imkanlarını daraltmaq və nüfuz dairəsini xeyli məhdudlaşdırmaq məqsədi ilə müxtəlif ölkələrdə öz korporativ maraqlarına xidmət edəcək siyasi elitaların hakimiyyət başına gəlməsinə nail oldu. Ukraynada da, Gürcüstanda da bu analoji vəziyyət oldu. Mərkəzi Asiyada ABŞ Rusiya ilə çox ciddi geosiyasi qarşıdurmaya gedir. Bu mənada dövlət katibi Mayk Pompeonun Belarusa və Mərkəzi Asiya ölkələrinə səfərində məqsəd, təmsil etdiyi dövlətin bu ərazilərdə zəifləməkdə olan mövqeyini möhkəmləndirmək və Rusiya-Belarusiya münasibətlərində yaranan çatın böyüməsinə nail olmaq idi. Gürcüstana gəldikdə isə o, Qərbə inteqrasiyada birmənalı mövqe sərgiləyir. Bu amil Gürcüstanın həm iqtidar, həm də müxalif partiyalarının mövqeyində özünü aydın göstərir. Ona görə də Gürcüstanın Rusiya ilə hazırkı münasibəti Birləşmiş Ştatları məmnun edir. Rəsmi Bakı isə MDB məkanında Rusiya ilə münasibətdə kifayət qədər fərqli kontekstdə yürütdüyü siyasətlə ABŞ-ın diqqətindən yayınmır. Azərbaycan bölgədə gedən mürəkkəb geosiyasi proseslərin mahiyyətini dərk edir, burada ABŞ-a alternativ mövqe tutan İran və Rusiya faktorunu nəzərə alır. Bu amillərdən çıxış edərək Azərbaycan iqtidarı balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsinə daha çox önəm verir. Təxminən iki il əvvəl Azərbaycanın dövlət başçısı qeyd etdi ki, bu balanslaşdırılmış siyasətdən daha çox ölkənin milli təhlükəsizlik maraqlarına cavab verən bir siyasətdir. Amma bütün hallarda Azərbaycanın həyata keçirdiyi istər enerji, istərsə də xarici siyasəti çoxsektorlu siyasətdir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət, tərəflər hər hansı biri ilə problemlərin yaranmaması naminə ortaya qoyulmuş mövqedir. Yəni, Azərbaycan nə ABŞ-la, nə də Rusiya ilə problem yaranmasını istəmir. Qarabağ məsələsində ABŞ ona görə bu mövqedən çıxışe dir ki, Azərbaycan Qərbə inteqrasiya müstəvisində Ağ Evin istədiyi kimi sürətli addımlar atmır. Yəni Azərbaycan Gürcüstandan fərqli olaraq Qərbin təhlükəsizlik sisteminə inteqrasiya ilə bağlı məsələlərdə birmənalı mövqe sərgiləmir. Azərbaycan regionda ABŞ-ın geosiyasi maraqlarını nəzərə alaraq region dövlətləri ilə münasibətləri onun istədiyi müstəviyə gətirmir. Yəni, Azərbaycan ABŞ-ın istədiyini deyil, öz milli maraqlarını qoruyan müstəqil siyasət yürüdür. Buna görə də Amerikanın Donbasdan, Abxaziya və Osetiyadan fərqli olaraq Dağlıq Qarabağa olan münasibəti Azərbaycana təzyiq metodu kimi dəyərləndirilə bilər. Bu təzyiq siyasi elitaların münasibətlərində özünü qabarıq büruzə vermir”.

Politoloq onu da qeyd edib ki, ABŞ 100 il əvvəl həyata keçirdiyi siyasət xəttini təkrar edir. Azərbaycan buna getməyəcək:

“1919-cu ilin mayında Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycanın diplomatik nümayəndə heyəti AXC-nin ildönümü ilə bağlı ABŞ prezidenti Vudro Vilsonla görüşdü. Görüşdə ABŞ-dan AXC-nin müstəqilliyini tanınması istənildi. Lakin ABŞ bizim müstəqilliyimizi tanımadı. Məqsəd də Azərbaycanı Rusiyaya münasibətdə iqtisadi blokada siyasətinə cəlb edərək Sovet rejiminin çökdürülməsinə nail olmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti də bu olaylarda töhfəsini verməli idi. Nəticə olaraq isə Azərbaycana Rusiyanın təzyiqləri gücləndi və böyük ərazilər itirdik. Bu mənada ABŞ 100 il əvvəl yürütdüyü siyasəti təkrar edir. Yəni, ABŞ Azərbaycanı Rusiyaya münasibətdə istədiyi müstəviyə cəlb etməyə çalışır. Azərbaycan isə 100 il əvvəlki deyil və ABŞ-dan nəsə istəmir. Hazırda Azərbaycan öz təhlükəsizlik məsələlərini özü təmin etmək iqtidarındadır. Qaldı Amerika-Ermənistan münasibətlərinə, Vaşinqton çalışacaq ki, Ermənistanı Rusiyanın təsir dairəsindən qoparsın. Paşinyanın da hakimiyyət başına gəlməsində Qərbin ortaya qoyduğu mövqe və Sorosun milyardlarının gücü özünü qabarıq şəkildə göstərmişdir. Əbəs yerə Paşinyanın komandasına “Sorosun uşaqları” demirlər. Məqsəd əvvəl Ermənistanı, sonra isə Azərbaycanı Qərbin təsir dairəsinə salmaqla Rusiyanın Yaxın Şərqə olan çıxış yollarını bağlmaqdır. Nəhəng neft və qaz ölkəsi olan Rusiyanı öz sərhədləri daxilinə sıxışdırmaqla gələcək perspektivdə bir neçə dövlətə parçalamaq istəyirlər ki, ABŞ-ın dünya hegemonluğu ilə bağlı iddiaları təmin olunsun”.




Ana səhifəyə qayıt        Baxış: 2 067          Tarix: 25-02-2020, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma