Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Martın 31-dən etibarən Azərbaycanda faktiki karantin vəziyyəti elan olunub. Qanunda belə bir maddənin olmamasına baxmayaraq, Nazirlər Kabineti ölkə ərazisində bir sıra qadağalar tətbiq etdi. Əhaliyə yalnız yeni şəraitdə yaşayışa öyrəşmək və bu karantinin nəticələrini gözləmək qalır.
Yaxşı bəs keçmişdə belə hadisələr baş vermişdimi? Əslinə qalsa, 100 il əvvəl karantin ilə kimisə təəcübləndirmək çətin idi. Orta əsrlərdən bəri karantin tədbirləri çox geniş vüsət almışdı. 19-cu əsrə kimi ümumiyyətlə ticarət karantinsiz fəaliyyət də göstərmirdi. O dövrdə səhiyyənin inkişafı da aşağı idi və bunu nəzərə alaraq karantin tədbirlərindən çox aktiv istifadə edirdilər. Adətən bu, bir çox xəstəliklərin geniş yayılmasına imkan vermirdi. Ona görə, əgər indi bizə pandemiyaya qarşı istifadə olunan alətlər təəccüblü gəlirsə, bu sadəcə bizim səhiyyə sisteminə və XXI əsrin texnologiyalarına inamımız ilə bağlıdır.
Misal üçün, bu yaxınlarda təsadüfən 1848-ci il üçün “Zaqafqazskiy vestnik” adlı qəzetin birinci nömrəsini açmışdım və ilk səhfəsində karantin ilə bağlı elan yerləşdirilmişdi. Elana görə Türkiyə və İran ilə sərhədlərdə bu ölkələrdə taun xəstəliyinin geniş yayılmasına görə tətbiq olunan karantin rejimi aradan qaldırılırdı.
Bəs bizim yaxın tariximizdə belə bir hadisə baş vermişdimi? Birbaşa Azərbaycan ilə bağlı olan ən məşhur hadisə 1930-cu ilə aiddir. O zaman Hadrutda taun epidemiyası baş vermişdi. Bu epidemiyanın dayandırılması məşhur Sovet virusoloqu Lev Zilberin adı ilə bağlıdır. Amma bu epidemiya 3-4 kəndi əhatə etmişdi və sadəcə maraqlı adətlərinə görə yadda qaldı (ondan sonraki dövrlərdə də müxtəlif xəstəliklər ilə bağlı olan epidemiyalar baş verirdi, misal üçün, 1970-ci ildə Naxçıvanda vəba, sadəcə yenə çox da böyük olmayan əraziləri əhatə edirdi). Bəs indiki miqyasa, bir şəhərin qapadılmasına gətirmiş epidemiyalar yaxın keçmişimizdə olmuşdumu? Belə bir fakt SSRİ tarixində olub və düz “Xruşov mülayimləşməsi”nin ortalarına təsadüf edib. Epidemiyanın tarixi A.F. Serenkonun “Təbii çiçəyin gətirilmiş ocaqları” («Заносные вспышки натуральной оспы») adlı kitabda təsvir olunub.
İlk əvvəl qeyd etmək lazımdır ki, “variola vera” (Azərbaycan dilində “təbii çiçək”) adlı xəstəlik daim mövcud idi. Orta əsrlərdə bu xəstəlik hər il minlərlə insanın ölümünə gətirirdi. Hətta Azərbaycanda belə bu xəstəlik 1930-cu illərə kimi geniş yayılmışdı. Yalnız məcburi qaydada vaksinasiyanın tətbiqindən sonra SSRİ ərazisində xəstəliyin miqyası get-gedə azaldıldı və 1937-ci ildə bu xəstəliyin son ocağı qeydə alındıqdan sonra tamamən söndürüldü.
1959-cu ildə bu xəstəliyin mövcudluğu demək olar ki, hər kəsin yadından çıxmışdı. Baxmayaraq ki, uşaqlıqdan hamıya müvafiq vaksinlər vurulmağa davam edirdi. Deyilənə görə, rəssam Aleksey Alekseyeviç Kokorekinə də uşaqlıqda vaksin vurulmuş, amma onun orqanizmi nəyə görəsə gözlənilən reaksiyanı göstərməmişdi. Heç bir müvafiq yoxlama aparılmadan, 1959-cu ilin dekabrın ikinci ongünlüyündə o, Hindistana səfərə yollanırdı. Xarici ölkələrə səfər ərəfəsində məcburi vaksinasiyadan hamı keçməli idi.
Kokorekinin vaksinasiya olunub-olunmadığı bəlli deyil, amma müvafiq sənədi almışdı. Hindistanda müxtəlif yerləri (hətta hansısa yerli brəhmənin yasını) ziyarət etdikdən sonra ayın 22-si Moskvaya qayıtdı. Moskvaya qayıdandan sonra və xəstəxanada vəfat etdiyi dövrə kimi (7 gündən sonra) o, bir çox insanla görüşməyə müvəffəq oldu.
Xəstəliyin ölkədə tam məhv edilməsindən uzun müddət keçmişdi deyə, adi poliklinika həkimləri təbii çiçəyin əlamətlərinə çox da böyük önəm vermədilər. Xəstənin şikayətlərinə baxmayaraq, ona qrip diaqnozu qoydular. Ölümündən sonra növbəti gün yarılma vaxtı müəyyən olundu ki, rəssam təbii çiçəkdən ölüb. Bunu müəyyən edən kimi, sistem dərhal işə başladı. Məlum oldu ki, son 4 günü keçirtdiyi xəstəxanada (Botkin xəstəxanasında) o, ən azı 4 pasyenti və həkimi yoluxdura bilib. Dərhal xəstəxananın karantinə bağlanması barədə qərar verildi. Xəstəxana isə kiçik deyildi (2,5 mindən çox xəstə var idi). Nəticədə tam bağlandı və bütün pasiyentlər ilə birlikdə personal da cəmiyyətdən izolyasiya olundu. Bundan sonra DTK, DİN və digər qurumlar Kokorekin ilə təmasda olan insanları axtarıb, karantinə göndərməyə başladılar. Hətta onun tanışlarından biri o dövrdə institutda tələbələrdən imtahan götürürdü. Nəticədə həm onun tanışını, həm tələbələri karantinə göndərdilər.
Ümumiyyətlə o dövr üçün presedentsiz addımlar atılmışdı. Bir neçə günə birbaşa və ya dolayı təmasda olan 9 min insanı (yəni onunla, ya onun təmasda olduğu insanlar ilə) karantinə göndərdilər. Hətta onunla təmasda olub başqa şəhərlərə gedənləri də müəyyən etdilər. Misal üçün, onun dostlarından biri Parisə uçan təyyarədə idi. Təyyarə geri qaytarıldı və müvafiq şəxs də karantinə getdi. Digər şəhərlərə gedən xəstəxana pasiyentləri, onun tanışları (yeri gəlmişkən, Sovet dövründə də şəhərlərarası miqrasiya çox az deyildi. Belə ki, bu 7 gün ərzində onunla birbaşa və ya ikincidərəcəli təmasda olan 250 nəfər başqa şəhərlərə getmişdi) də nəzarətə götürülmüşdü. Hətta bəzən absurda çatırdı. Onlardan biri adi qrip (sonradan qripin olduğu təsdiqləndi) ilə poliklinikaya gəlmişdi, amma yerli hakimiyyət bunun şübhəli olduğunu nəzərə alaraq həm pasiyenti, həm bütün poliklinikanı karantinə bağladı.
Müvafiq xəstəliyin Moskvadan kənarlara çıxmaması üçün, şəhərdən bütün giriş-çıxışlar qapadıldı. Nəticədə yeni il istirahəti üçün Moskavaya gələn insanlar bayramsız qaldılar və hətta evlərinə qayıda bilmədilər. 15 gün ərzində bütün izolyasiya addımları atılmışdı və yanvarın 15-ində bütün əhalinin yenidən vaksinasiyasına dair qərar verildi. Moskva əhalisi o vaxt 5,5 milyon təşkil edirdi. Moskva ətrafında isə 4,3 milyon insan yaşayırdı. Başqa sözlə bu qədər insanın çiçəyə yoluxmaması üçün addımlar atmaq lazım idi.
Əvvəlcə Taşkentdən və SSRİ-nin digər bölgələrindən vaksinlər gətirilməyə başladı (Moskvada olan vaksinlərin sayı kifayət deyildi). Hər bir insan üçün ən azı 2 vaksin gətirilirdi (20 milyon dozaya yaxın vaksin çatdırılmışdı). Qərarın verilməsi və Moskvaya vaksinin tam sayda çatdırılmasına 3 gün kifayət etdi və yanvarın 19-u vaksinasiya başladı. Moskva üzrə 10 gün ərzində (19 yanvar – 1 fevral) 6 187 660 insana vaksin vurulmuşdu (bəzən gün ərzində 1,5 milyon insana vaksin vurulurdu). Moskva vilayətində bu rəqəm 4,3 milyona bərabər idi. Başqa sözlə 10 günə 10,5 milyon insana vaksin vurulmuşdu. Bunun üçün yalnız Moskvada 27 minə yaxın tibb işçisi səfərbər olunmuşdu.
Yalnız müvafiq xəstələri cəmiyyətdən izolyasiya edib, əhalini tam vaksinasiyaya cəlb edəndən sonra Moskvanın sərhədlərini açdılar. Bu da fevralın ilk ongünlüyündə baş verdi. Nəticədə epidemiyanın qarşısı 44 günə (amma aktiv tədbirləri saysaq 19 günə) alındı. Ümumi olaraq 46 nəfər yoluxdu, onlardan 3-ü vəfat etdi. Epidemiya da Moskvadan kənara çıxmadı. 17 il sonra isə bu xəstələyə yoluxan son şəxs qeydiyyata alınmışdı.
Toğrul Maşallı,
Azlogos.eu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər