Xəbər lenti
 

Afsəddin Nəbiyev,
AMİP Sədrinin müavini
 
Mövzunun başlığı, məşhur atalar sözündən götürülüb. Bu ifadə adətən işi başlayıb sona çatdırmayan, hazırlıqsız və səhlənkar adam haqqında işlədilən ifadədir.
 
Nəzərinizə çatdıracağım problem əslində  bütün Azərbaycan vətəndaşlarını çox ciddi şəkildə düşündürməlidir. Bu problem təhsil problemidir – bəli, bitib tükənməyən, hər zaman aktual olan, daima yeni yanaşmalar  tələb edən    bir sahə. 
 
Bildiyim qədər, təhsillə bağlı ən mütərəqqi sərəncam, 19 yanvar 2015-ci ildə   Azərbaycan Respublikası Prezidentinin 995 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı beş ili əhatə edən 2015-2020-ci illər Fəaliyyət Planı olmuşdur. Beş il tamam oldu, baxaq, görək sərəncam və Fəaliyət Planı necə yerinə yetirilib? 
 
Əvvəlcə onu bildirim ki, Sərəncamın əsas mahiyyəti müasir tələblərə  cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tuturdu. 


 
Fəaliyyət Planında ən vacib məqamlardan birini nəzərinizə çatdırıram:
 
Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı  təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter planşetlə təmin olunması –təsdiq olunmuşdur. 
 
İndi buradan, Təhsil Nazirliyinə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsul şəxslərindən fəaliyyət planının yerinə yetirilməsi barədə hesabatı təkcə müxalif partiyanın təmsilçisi olaraq deyil, həm də vətəndaş olaraq  tələb edirəm. Ən əsası  da  hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə  təmin olunması prosesinin başa çatması ilə bağlı məsələyə münasibət bildirsinlər. Əgər qarşınıza qoyulan  bu plan yerinə yetirilibsə, buyurun, nümayiş etdirin, yox əgər üzərinizə qoyulan vəzifə həyata keçirilməyibsə o zaman səbəblərinə aydınlıq gətirin. 
 
Təhsilə bağlı daha bir ağrılı problem isə internet   qiymətlərinin hər bir vətəndaş üçün, şagird və tələbələrimiz üçün əlçatan olmaması ilə bağlıdır ki, bu suala da Nəqliyyat, Rabitə  və Texnologiyaları Nazirliyi aydınlıq gətirməlidir.  Internetin Azərbaycan vətəndaşlarına, şagirdlərinə əlçatan olmadığını bir neçə qonşu ölkələrin qiymətləri ilə müqayisə edərək nəzərinizə çatdırım. Misal üçün qonşu dovlət Rusiyada smartfonu olan istənilən şəxs rus rublunun  Azərbaycan manatına olan məzənəsində təxminən 5 manata bir ay ərzində limitsiz internetlə təmin olunur. Təkcə Rusiyanın tanınmış  MTS  deyil, Meqafon, Yota və digər mobil operatorları, üstəlik vilayətlərarası,  kifayət qədər ödənişsiz danışıqlarla müştərilərə xidmət göstərirlər. Azərbaycanda isə misal üçün Bakcell mobil operatoru 50 GB paketi 30 manata təklif edir. Baxın Rusiyada limitsiz internet ayda təxminən 5 manata, Azərbaycanda  (hətta limitlə) 50 GB 30 manata təklif olunur. Qardaş Türkiyə dövlətindən digər bir nümunəyə baxaq. Türkiyədə mobil operatorların təqdim etdiyi internet paketində 8 GB – 35 TL-yə başa gəlir ki, bu da Azərbaycan manatının ekvivalentində təxminən 8 manata bərabərdir. 
 
Digər  internet paylayıcılarının təklif etdiyi qiymətlər də qonşu dövlətlərdən çox bahadır. Məsələn Fiber Optik internet 30 Mbit/s dək Azərbaycanda 38 manata təklif olunursa, Türkiyədə limitsiz internet 25Mbit/s, Azərbaycan manatının məzənnəsi ilə18 manata  təklif olunur. 
 
Misallar çoxdur. Hətta Azərbaycanda internet təklif edən, qurumlar həm provayder, həm də qiymət müəyyən edən tərəfdir. Bu məsələni də başa düşmək çox çətindir. İllər öncə 2013 cü ildə  Azerspace /Africasat-1A Rabitə Peyki  orbitə buraxılanda, bir çox rəsmilər 2020-ci ilədək Azərbaycanda, telekommunikasiya sahəsində  inanılmaz dəyişikliklər olacağını bəyan etmişdilər. Bəs sadə vətəndaşlar, bu dəyişiklikləri nə zaman hiss edəcək? 




Mövzu həm də ona görə aktualdır ki, yeni Təhsil naziri təyin olunmuş Emin Əmrullayev   bu yaxınlarda mətbuata müsahibəsində qeyd etdi ki, pandemiya davam edərsə, məktəblərdə onlayn dərslərin keçirilməsi qaçılmaz olacaq. Məktəblərimiz, şagirlərimizin elektron vasitələrlə təminatı necə olacaq? Bu məsələyə də yeni təyin olunan təhsil nazirimizin aydınlıq gətirilməsi yaxşı olardı.  





Ana səhifəyə qayıt        Baxış: 4 544          Tarix: 20-09-2020, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma