İtaliyanın Apuliya vilayətində TAP qaz kəmərinin tikintisinin qatı əleyhdarlarından biri olan Avetran şəhərinin meri Antonio Mino İtaliya polisi tərəfindən həbs edilib.
Ovqat.com virtualaz.org-a istinadən bildirir ki, o, polis tərəfindən "Koza Nostra" mafiya klanının mümkün rəhbərlərindən biri kimi şübhəli qismində saxlanılıb.
Aparıcı İtaliya nəşrləri "La Republica" və "La Stampa"nın yazdıqlarına əsasən, Antonio Minonun həbsi son illər ərzində mafiyaya qarşı aparılan ən irimiqyaslı əməliyyat çərçivəsində baş tutub.
Əməliyyatın məqsədi kriminal qruplaşmaların 116 nümayəndəsinin həbsidir. Xüsusi əməliyyatda 1000 nəfərdən artıq polis əməkdaşı iştirak edir, mafiyanın daldalanacaqlarının aşkar edilməsi məqsədilə helikopterlərdən və digər xüsusi texnikadan, həmçinin kinoloji təcrübəyə malik itlərdən istifadə edilir.
ANSA informasiya agentliyinin məlumatına görə, Apuliya vilayətində 27 nəfər saxlanılıb. Onların arasında iki şəhər meri də var. Bunlar Apuliya vilayətinin Avetran şəhərinin meri Antonio Mina və Salerno vilayətinin Erkye şəhərinin meri Cuzeppe Margeritidir.
Bundan əlavə, 54 nəfər Kataniya vilayətində saxlanılıb və onların hamısı "Koza Nostra"nın bosslarından biri olan Benedetto Santapaolanın qruplaşması ilə əlaqələrdə ittiham edilirlər.
Maraqlıdır ki, Antonio Mino Azərbaycan qazını Avropaya çatdıracaq TAP qaz kəmərinin tikintisinin əleyhinə aksiyaların təşkilatçılarından biridir. O, Mortano və Melendunyo şəhərlərinin merləri ilə birlikdə qaz kəmərinin keçəcəyi ərazidən zeytun meşəliyinin köçürülməsinə qarşı çıxır.
Mortano və Melendunyo şəhərlərinin merləri bir neçə gün öncə Apuliyada keçirilmiş etiraz aksiyasında da iştirak ediblər. Həmin gün etirazçılar 300-dən çox polis əməkdaşı ilə əsl küçə döyüşlərinə qatılmışdılar. Yerli məmurlar qaz kəmərini tikən şirkəti ittiham edirlər ki. o, turizm mövsümündə işlərini dayandırmayıb.
Qeyd etməyə dəyər ki, İtaliyada Azərbaycan layihəsinə qarşı etirazlarda bu ölkədəki mafiyanın ortaya çıxması ilk dəfə deyil. İtaliya mətbuatı dəfələrlə yazıb ki, TAP əleyhinə etirazların arxasında İtaliya mafiyası durur.
Paylaş: