Ukrayna Rusiyaya qarşı müharibədə bütün ümidlərini F-16-lara bağlayıb. Amma F-16-ların nə zaman Kiyevə təhvil veriləcəyi bəlli olmadığı kimi, onu idarə edənlərin təlimi də xeyli zaman ala bilər. Belə çıxır ki, Ukraynanın gümanı Allaha qalıb. Hər halda Pentaqon rəsmilərinin açıqlamalarından belə anlaşılır.
“ABŞ-da F-16 qırıcıları ilə bağlı təlim keçən ukraynalı pilotların hazırlığı 2024-cü ilin sonuna kimi davam edə bilər. Tədqiqat təlimlərin beş aydan səkkiz aya qədər davam edəcəyini göstərir. Birləşmiş Ştatlar hələlik daha dəqiq tarixlər deyə bilməz”.
Ovqat.com-un məlumatına görə, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.
O xatırladıb ki, hazırda bir qrup ukraynalı pilot Arizonadakı aviabazada uçuş təlimlərini davam etdirir.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, pilotların təlimin sona çatması onların hazırlıq səviyyəsindən asılıdır.
"Beləliklə, mən gözləyirəm ki, ilin sonuna qədər bu pilotlar təlimlərini başa vuracaqlar, lakin daha konkret vaxt çərçivəsi verə bilmərəm", deyə Rayder əlavə edib.
Məlumata görə, ABŞ-ın Arizona ştatında bir qrup ukraynalı pilot sinif otaqlarında və simulyatorlarda F-16-nın idarə edilməsinin əsaslarını öyrənirlər. Onlar daha sonra uçan real təyyarələrdə təlimlərini davam etdirəcəklər. Bildirilir ki, gələcəyin pilotlarının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün qayıtması zərurəti ilə əlaqədar kurs sürətləndirilə bilər. Məlumatlardan o da anlaşılır ki, Ukrayna hərbçiləri təlimlərinin mühüm bir hissəsini ingilis dilini öyrənməyə həsr ediblər.
Bu yaxınlarda telemarafon zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirmişdi ki, ukraynalı pilotların və şəxsi heyətin F-16-nı idarə etmək üçün hazırlanması prosesi planlaşdırıldığı kimi davam edir. Onun sözlərinə görə, hazırda Danimarka, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və bir sıra başqa ölkələrdə təlimlər keçirilir. Burada təkcə pilotlar deyil, həm də təyyarələrə texniki qulluq göstərəcək və silahlarla məşğul olacaq yerüstü personal da təhsil alır. İndiyədək 6 ukraynalı pilotun Böyük Britaniyada ingilis dilini öyrənmək də daxil olmaqla əsas təlimlərini tamamladığı iddia olunur.
İqnat həmçinin bildirmişdi ki, təyyarələrin tədarükü ilə bağlı heç bir elan və ya hər hansı bir son tarix elanı gözlənilməməlidir. Düşmən ondan istifadə etməsin deyə heç kim bu cür məlumatı açıq yaymayacaq.
Paylaş: