Xəbər lenti
 
Prezidentin “Dövlət qulluğu haqqında qanuna dəyişikliklər”lə bağlı parlamentə təqdim etdiyi layihə ciddi ajiotaja səbəb oldu. Bəzi mətbuat orqanları layihəni Prezident Administrasiyasının ləğv olunması kimi qiymətləndirdi, yeni eranın başlandığından danışdı.
Maraqlıdır ki, bu zamana qədər mətbuatın hər dediyini qulaqardına vuran Prezident Administrasiyasının verilən bu şərhə reaksiyası da özünü çox gözlətmədi. Xəbər yayılar-yayılmaz PA-nin qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azertac-a açıqlama verərək layihəni “Administrasiya ləğv olunur” kimi şərh edənləri yalanladı. Bununla da qalmadı, iddianı irəli sürənləri bisavadlılıqda günahlandırdı.
Daha sonra təkzibçilərin də sayı artdı. Gah Zahid Oruc media qarşısına çıxıb, millətə hüquq dərsi keçdi, gah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açıqlama verərək, qanun layihəsində yazılanları təkrarladı.
Görünən bu idi ki, Prezidentin qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə yeni layihə təqdim etməsi hakimiyyət orqanlarında həqiqətən də böyük nigarançılıq yaradıb. Əks təqdirdə hakim komandanın indiyə qədər görünməyən bu canfəşanlığını başqa cür yozmaq mümkün deyil.
Hakim komandanın daxilində yaranmış bu nigarançılıq xüsusilə Şahin Əliyevin açıqlamalarında özünü büruzə verirdi. Jurnalistləri Konstitusiya oxumamaqda günahlandıran Şahin müəllim onlara Əsas Qanunun 109-cu maddəsini xatırladaraq deyirdi: “Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub”.
Açıqlamasının sonunda daha da irəli gedən Şahin Əliyev ilk başda dediyi “qanun” sözünü daha da konkretləşdirir, hətta şəxsləşdirmə yolunu tuturdu: “Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi".

Hörmətli hüquqşünasın sözündən belə çıxır ki, Prezident hansısa bir qanunda nəzərdə tutulan qurumun adına toxuna bilməz, amma eyni müddəa Kontitusiyada yer alıbsa ona əhəmiyyət vermədən dəyişdirər. PA sözçüsünün bu məntiqinin nə qədər isabətli olub-olmadığını müəyyənləşdirməyi Administrasiyanın başbilənlərinin öhdəsinə buraxırıq. Bizi isə tamam başqa məsələ maraqlandırır.
Şahin Əliyevin bu qəhrəmancasına şərhinə nəzər salanda istər-istəməz adamın beyninə müəyyən suallar yaranır. Üzünü tutub bu mübarək adama demək istəyirsən ki, “nə gözəl, Şahin müəllim, bir halda ki, qanun dəyişikliyində Prezident Administrasiyasının ləğvi nəzərdə tutulmayıbsa, onda siz niyə narahatsınız? Konstitusiyadan başı çıxmayan 3-4 jurnalistin ağzına gələni yazması sizdə nədən bu qədər qəzəb hissi yaradır? Qoyun, hər zamankı kimi hər kəs danışsın, içlərinin qurdunu öldürsün. Onsuz da yenə dəyirman öz işində, çaxçax baş ağrıtmaqla məşğul olacaq”.
Azərbaycanın siyasi mühitini, medianın hakimiyyətə təsir imkanından uzaqlığını və ölkə rəhbərliyinin ümumiyyətlə ictimai rəylə hesablaşmamasını nəzərə alanda Şahin müəllimin bu açıqlamanı jurnalistlər üçün vermədiyi ortaya çıxır. Zatən həmin açıqlamanın sonunda konkret adın çəkilməsi və onun “qanunları poza bilməyəcəyini” deməsi də mesajın kimə ünvanlanlandığından xəbər verir. Sanki Prezident Administrasiyasının sözçüsü kimlərisə Konstitusiyaya hörmət etməyə çağırır.
Heç kimin Konstitusiyanı poza bilməyəcəyini deyən sözçü, yəqin, unudur ki, Azərbaycan adlı məmləkətdə pozulmayacaq qanun yoxdur. Bu gün onun qahmar çıxdığı həmin Konstitusiya bu millətin gözü qarşısında dəfələrlə pozulub. Heç uzağa getməyək, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat olduğu dövrlərdə parlamentə “seçilən” deputatların, hardasa 20%-nin elə həmin Konstitusiyaya zidd fəaliyyət göstərdiyini bildirir və bunu tutarlı dəlillərlə sübuta yetirirdi. Bəs, Şahin müəllim onda niyə susurdu? Niyə indiki kimi mətbuata açıqlama verib demirdi ki, Konstitusiyanın müxtəlif maddələrinə görə qanunsuz “seçilən” bu “millət vəkillərinin” legitimsizliyi qəbul olunan qanunların da legitimliyinə kölgə salır?
Belə çıxır ki, özünün və komandasının maraqlarına toxunmayan qanunsuzluq legitimdir, amma Prezidentin öz tabeçiliyindəki strukturu dəyişdirmək niyyəti legitim deyil!
Şahin müəllim niyə unudur ki, vaxtaşırı Konstitusiya və qanunların pozulmasına göz yuma-yuma özləri Azərbaycanı bu hala gətiriblər? Xalqın əvəzinə deputat seçə-seçə zelaflaşan MSK-nın təcrübəsi istənilən layihəni referendumla bir neçə aya qanunlaşdıra bilər. Yetər ki, siyasi iradə olsun. Bu olandan sonra Konstitusiyada atılmaq istənilən addımın hüquqi əsasının olub-olmaması önəmli deyil. O boyda Məzahir Pənahovu niyə neçə illərdir seçki tamaşasının rejissoru qoyublar? Ölkənin siyasi iradəsinin istədiyi bir referendumu keçirə bilməyəcəksə, daha o, kimə lazımdır?
Üstəlik, Milli Məclisdə artıq qəbul olunaraq qanuni qüvvəyə minən həmin layihəyə diqqətlə nəzər salanda, həqiqətən də, Prezident Administrasiyasının ləğv edilməsi niyyəti aydın görünür. Şahin müəllim kimisə Konstitusiya oxumamaqda günahlandırmaqdandırsa, layihəyə diqqətlə baxsın. Orda hər şey çox dəqiq və aydın dillə yazılıb. Artıq qəbul olunan “Dövlət qulluğu haqqında” Qanunda Prezident Administrasiyasının adı yoxdur. Yəqin ki, Konstitusiya da bu qanuna uyğunlaşdırılacaq. Əlbəttə ki, Məzahir müəllimin sayəsində...
Şahin müəllim hüquq nəzəriyyəsini əsas götürüb “Qanunlar Konstitusiyaya uyğunlaşdırılır, Konstitusiya Qanunlara yox” deyərək heç kimə hüquq dərsi keçməsin. Anlasın ki, biz ABŞ-da yox, Azərbaycanda yaşayırıq. Burda Əsas Qanun əsas olmayan qanunlara görə tənzimlənir. Hətta yazılmayan qanunlara görə də tənzimlənə bilər. Və bütün bunlar hazırda kabinetlərində əyləşdikləri Administrasiyalarının ləğvindən təşvişə düşənlərin sayəsində indiki vəziyyətə gəlib çıxıb. 

Türklər demişkən:
"Kəsər dönər, sap dönər,
Gün gələr, hesab dönər".


Heydər Oğuz
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 450          Tarix: 26-04-2017, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma