Türkiyə, Fransa və İtaliya Müdafiə nazirləri NATO qərargahında görüşüb, çox önəmli bir sənədə imza atıblar.
Ovqat.com xəbər verir ki, bu 3 NATO ölkəsinin imzaladığı niyyət protokolunda havadanmüdafiə sistemlərinin birgə inkişaf etdirilməsi nəzərdə tutulub.
Türkiyə Müdafiə naziri Nurəddin Canikli də mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib. Onun bildirdiyinə görə, imzalanan sənədə əsasən, tərəflər SAMP-T raket sistemlərini birgə inkişaf etdirəcək və istehsala başlayacaqlar.
Qeyd edək ki, bu görüşdən qabaq NATO bəyanat verərək, Türkiyənin Rusiyadan S-400 almasına razı olumacaqlarını, müttəfiqlərin bəzi cəhətləriylə daha üstün havadanmüdafiə sistemləri üzərində çalışdıqları və Ankaranın da bu bundan yararlanacağını vurğulanmışdı. Odur ki, NATO üçlüsünün görüşündə məlum niyyət protokolunun imzalanması ağıllarda bəzi suallar yaratmışdı: Əcəba, Türkiyə S-400-lərdən imtina edəcəkmi?
Jurnalistlərin bu yöndə suallarını cavablandıran Canikli bu ehtimalı inkar edərək, həm S-400-ləri alacağını, həm də NATO standartlarında havada sistemlərini birgə istehsal edəcəklərini açıqlayıb.
Xatırladaq ki, Türkiyə artıq 5 ildən çoxdur, milli raket istehsalı üzərində çalışır. 2013-cü ildə bu məqsədlə Çinlə bağlanan 4 milyard dollarlıq müqavilə NATO-nun basqıları ilə 2 ildən sonra ləğv olundu. Halbuki, həmin müqavilədə Türkiyəyə lazım olan raketlərin öz silah fabriklərində quraşdırılması nəzərdə tutulurdu. Bununla yanaşı, raket qurğularına tələb edilən avadanlıqların 50%-i də Türkiyənin özündə istehsal olunacaqdı. Bununla da Ankara milli raket sənayesini xeyli inkişaf etdirəcəkdi.
Fəqət öz standartlarından kənar müdafiə qurğularının NATO-nun ümumi hərbi sisteminə uyğunlaşdırılmasının hərbi sirlərin sızması baxımından təhlükəli olmamasını bəhanə gətirən Alyans Türkiyənin tələb edilən raketləri özünün istehsalına da razılıq vermir, Ankaranı müttəfiqlərinin əlinə baxan vəziyyətdə tutmağa çalışırdı. Prinsipcə, qardaş ölkənin rus hərbi sistemlərinə yönəlməsinin başlıca səbəblərindən biri də bu idi.
Nə yazıq ki, Rusiya da S-400 tipli raketlərin Türkiyədə istehsalına razılaşmır, “xərci borcunu ödəməyəcəyini” bəhanə gətirib onları yalnız sata biləcəyini bildirirdi. Fransa və İtaliya ilə bağlanan son niyyət protokolunda isə həmin silahların məhz Türkiyədə də istehsalı nəzərə tutulur. Məsələyə bu aspektdən nəzər salanda Ankaranın imzaladığı bu sənədlə, nəhayət, öz istəyinə çatdığı görülür.
Sözsüz ki, nə əldən qoyan, nə yardan doyan NATO-nun bu addımı müvəqqəti olsa belə, Türkiyəni Rusiyayla hərbi inteqrasiyadan uzaqlaşmağa da hesablanmış ola bilər. Görünür, Türkiyənin Müdafiə naziri də bu ehtimalı nəzərə alıb S-400-ləri almaqadan vaz keçmədiklərini açıqlayıb.
Bu baxımdan hər iki tərəfə eyni məsafədə dayanmaq mövqeyini Türkiyənin uğurlu hərbi blefi də adlandırmaq olar.
Heydər Oğuz
Ovqat.com
Paylaş: