Xəbər lenti

 

"NATO üzvləri hansı silah-sursatı alacaqlarına özləri qərar verirlər".

Ovqat.com xəbər verir ki,  NATO-nun Baş katibi Jens Stoltenberqin Türkiyənin Rusiyadan S-400 almasıyla bağlı bəyanatında belə deyilir.

Baş katibin fikrincə, NATO üçün önəmli olan fərqli sistemlərinin birlikdə çalışa bilməsidir: “Həmin qurğunun NATO havadan müdafiə sisteminə inteqrasiya edilməsi barədə isə Türkiyədən heç bir tələb gəlməyib. Buna görə də məsələ hələ gündəmimizdə deyil".

Buna baxmayaraq, Stoltenberq NATO-nun havadan müdafiə sisteminə uyğun olmayan qurğuların Alyans üzvləri tərəfindən alınmasında da bir problem görmür:

"NATO standartlarına inteqrasiya olunmuş havadan müdafiə sistemlərimiz var. Amma təbii ki, dövlətlərin inteqrasiya olmamış müstəqil sistemlərə sahib olması da mümkündür”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasına NATO üzvlərinin münasibəti birmənalı deyil. ABŞ sözügedən S-400-lərin NATO standarlarına uyğunlaşdırılmadığını əsas götürüb bu alış-verişə qarşı çıxır. Fransa isə onu mümkün sayır. NATO-nun Baş katibinin Fransayla eyni mövqedə dayanması da Türkiyənin haqlılığını bir daha təsdiqləyir.

Jens Stoltenberqin bəyanatında önə çıxan bir məqam isə Türkiyənin S-400-lərə niyə meylləndiyinə qismən aydınlıq gətirir. Baş katibin fikrincə, millətlərin tamamilə müstəqil müdafiə sistemləri qurması onların milli iradəsinin təzahürüdür. Türkiyə isə öz S-400-lərini NATO-nun müştərək sisteminə qatmaqda maraqlı deyil.

Baş katibin etiraf etdiyi bu məqam Ankaranın artıq NATO-ya çox güvənmədiyini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 258          Tarix: 14-09-2017, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma