
Sözsüz ki, hər bir deputatın əsas vəzifəsi qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır. Vətəndaşların sosial vəziyyətini düzəltmək, imkansızlara maddi yardım göstərmək millət vəkillərinin yalnız vicdani borcu olduğundan, bunu yerinə yetirmədiyinə görə kimisə qınamaq hüquqi deyil.
Bununla belə, millət vəkilləri vətəndaşın vəziyyətini müsbət yöndə dəyişdirəcək qanunlar hazırlamağa çalışmalı, seçicilərinin problemini icra strukturları qarşısında qaldırmalı və həllinə nail olmağa səy göstərməlidir. Millətin vəkilliyinə iddia edən heç bir insan bu müqəddəs vəzifəsindən boyun qaçıra bilməz.
Nə yazıq ki, millətin vəkilliyinə iddia edən bir çox deputatlar yalnız yuxarıdan gələn direktivlərə səs verir, uzaqbaşı, öz maaşlarının azlığından gileylənib, onu artırmaq davasına qalxırlar. Amma səsini aldıqları seçiciləri ağıllarının ucundan belə keçirmirlər. Halbuki, bir çox hallarda seçkiqabağı təşviqat prosesində həmin seçicilərə dünyanın vədini verənlər də məhz onlardır. Deputat seçiləndən sonra isə verdikləri vədləri “unudur”, Koroğunun məşhur misalında deyildiyi kimi, “igidlik ondur: doqquzu qaçmaq, biri isə gözə görünməmək” yolunu tuturlar.
Vətəndaşların acınacaqlı sosial vəziyyətindən faydalanıb şirin vədlərlə deputat olanların bu əməlləri Azərbaycanın bir çox yerlərində ümidi gözündə qoyulan ailələr buraxır. Hər yerdən əli-ayağı üzülüb yalnız verəcəkləri səsə ümid bağlayan bu talesiz ailələr seçdikləri deputatların nə zamansa insafa gəlib onların vəziyyətilə maraqlanacaqları günü gözləyə-gözləyə qalırlar. Bax, bu mənada, seçicilərə verilib əməl edilməyən şirin vədin əsl adı istismardır - insanların acınacaqlı vəziyyətinin istismarı. Seçki qanunvericiliyində isə, bu cür istismar halları qadağan olunur.
Şirin vədlərlə istismar edilən seçici qruplarından biri də Göyçay şəhəri, Heydər Əliyev küçəsi ev 169 ünvanında yaşayan Beydullayevlər ailəsidir. Ailənin xanımı Eyzangül Ağakərim qızının redaksiyamıza göndərdiyi məktubunda bildirilir ki, son parlament seçkiləri ərəfəsində MM-in hazırdakı deputatı Elman Nəsirovla görüşüb sövdələşiblər. Deputatlığa namizəd seçkilərdə ona səs verəcəkləri təqdirdə, ailənin evinin təmirinə kömək edəcəyinə boyun olub. Ailə Elman Nəsirovun bu şirin vədinə inanıb və bir növ səslərini ona ev təmiri qarşılığında “satıb”. Di gəl ki, seçkidən sonra deputatı “gördüm” deyən olmayıb.
Eyzangül xanım isə vədini unudan deputatın peşini buraxmaq niyyətində deyil. Məktubda bildirildiyinə görə, bu il noyabr ayının 3-də Göyçayda keçirilən Nar bayramında deputatı “yaxalaya” bilən Eyzangül xanım ona verdiyi vədi xatırladıb. Millət vəkili yenə Eyzan xanımı şirin vədlərlə yola salıb. Zavallı ailənin şikayət etmədiyi, üz tutmadığı ünvan qalmayıb. Amma hələ də hər an başlarına uçacaq evlərində seçdikləri millət vəkilindən mərhəmət uma-uma yaşayırlar.
Deputat Elman Nəsirovun seçki istismarına məruz qalan Beydullayevlər ailəsi 5 nəfərdən ibarətdir. Ailənin başçısı Hafiz Fəti oğlu Beydullayev ağır qaraciyər serrozu və infark xəstəsi olduğundan, öz yararsız evində yaşaya bilmir, qardaşıgilə sığınıb. Ailənin digər üzvləri isə vəziyyəti acınacaqlı olan evlərində həyatlarını sürdürməyə məhkumdurlar.
Beydullayevlər ailəsi böyük oğullarının ümidinə qalıb. O, hansısa şadlıq evində ofisant işləyərək, anasına, qardaş və bacısına baxır. Qazandığı pul isə heç qidalanmalarına çatmır. Bu qədər az gəlirlə ailənin nə zamansa yaşadıqları evə əl gəzdirəcəkləri xəyal kimi görünür. Ailə hər gecə kəlimeyi-şəhadətlərini oxuya-oxuya yatır ki, heç olmasa, evləri başlarına uçacağı təqdirdə, o dünyaya müsəlman kimi köçələr. Bu dünyada həsrət qaldıqları ağ günü o biri dünyada görələr.
Bəs, Beydullayevlər ailəsinin mərhəmətinə bel bağladığı Elman Nəsirov kimdir?
Yeni Azərbaycan Partiyasından 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə seçilən Elman Nəsirov seçkiqabağı platformasında özünü bu cür tanıdır:
“Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır.
Belə insanlardan biri də Elman Nəsirovdur.
Azərbaycanda bu gün onu hamı tanıyır. Hər kəs televiziya, radio dalğalarında, mətbuat səhifələrində onun çıxışlarını dinləmək, oxumaq istəyir. Həm də təkcə ölkəmizdə deyil, Vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da onu tanıyır, sevir və qiymətləndirirlər.
Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı istər peşəkar alim kimi məşğul olduğu sahədə – müəllimlikdə, istərsə də siyasətşünas, beynəlxalq icmalçı kimi fəaliyyət göstərdiyi ictimai-siyasi prosesdə aparıcı şəxslərdən biri kimi dəyərləndirirlər.
Oxucunu intizarda qoymayaq. Bu şəxs çox gənc yaşlarından (indi də gəncdir) institut auditoriyasında geniş ictimaiyyət qarşısında çıxışlar edən, mühazirələr söyləyən siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Xudam oğlu Nəsirovdur”.
Mənbə: http://yenicag.az/haminin-tanidigi-deputatliga-namized-elman-nesirov/
İndi isə öz təbiriylə desək, gələn il 50 yaşına qədəm qoyacaq “gənc deputat”ın mərhəmətinə sığınan Eyzangül Ağakərim qızı Beydullayevanın Ovqat.com-a ünvanladığı şikayət məktubunu kiçik redaktə fərqiylə təqdim edirik. Seçki qanunvericiliyində seçiçiləri şirin vədlərlə aldatmağın yolverilməz sayıldığını nəzərə alan əlaqədar qurumların da bu məktubu oxuyub deputatın əməlinə hüquqi qiymət verəcəklərinə ümidvar olmaq istəyirik.
“Göyçay şəhəri H.Əliyev küçəsi ev 169 sakini Beydullayeva Eyzangül Ağakərim qızını tərəfindən
ŞİKAYƏTLİ MÜRACİƏT
Mən 5 nəfəlik ailəmlə birlikdə Göyçay şəhəri H.Əliyev küçəsində qəzalı vəziyyətdə olan yararsız evdə təhlükə altında yaşayıram. Hər axşam kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, yuxuda olan zaman ev uçsa ölə bilərik. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış otaqların içinə yağıb deyə evimiz tam yararsız və qəzalı vəziyyətdədir.
Həyat yoldaşım Beydullayev Hafiz Fəti oğlu ağır qaraciyər serrozu və infark xəstəsidir. Evimiz yararsız vəziyyətdə olduğu üçün yataq xəstəsi olan həyat yoldaşım qardaşının evində yaşayır. Evimizə yağış suları yağdığı üçün özüm də, uşaqlarım da xəstəliyə düçar olmuşuq. Bəlkə də Azərbaycanda ikinci belə acınacaqlı vəziyyətdə yaşayan ailə yoxdur.
2015-ci il tarixdə parlament seçkiləri keçirilən zaman Elman Nəsirovla görüşdük. O, bizə söz verdi ki, deputat seçilsə mütləq evinizin təmirinə köməklik edəcək. Biz ailəlikcə gedib ona səs verdik və hətta bülletenin də şəkilini çəkdik. Sevindik ki, Elman Nəsirov deputat seçildi və vədinə əməl edər. O gün-bu gün 2 ildir, Elman Nəsirov “həll edəcəm” deyə-deyə sözünün üstündən qaçır. Baxmayaraq ki, uçub-dağılmış evdə yaşayan biz yoxsul ailə öz sözümüzün üstündə dayanıb ona səs verdik.
Özüm 10 il orta məktəbdə sinif müəllimi işləmişəm, dolana bilmədiyimiz üçün işdən çıxıb quşçuluq broylerində fəhləlik etmişəm ki, acından ölməyək. Həyat yoldaşımın xəstəliyinə görə quşçuluq müəssisəsindən də işdən çıxdım ki, ona qulluq edim. İndi ailəmizdə yeganə işləyən böyük oğlumdur, o, şadlıq evində ofsiant işləyir.
3 noyabr 2017-ci il tarixdə Göyçayda keçirilən Nar bayramında deputat Elman Nəsirovla görüşüb ondan vədinə əməl etməyi xahiş etdim, yenə əvvəlki kimi söz verib getdi. Göyçay Rayon İcra Hakimiyyətinə yazdığım ərizəyə isə cavab olaraq qeyd edirlər ki, "İcra Hakimiyyətinin hesabına fərdi evlərin tikintisi, təmiri üçün vəsait və material ayrılmadığından sizə köməklik göstərilməsi imkan xaricindədir".
İndiyə qədər Elman Nəsirovun qəbulunda dəfələrlə olmuşam və ona çoxlu sayda ərizələrlə müraciətlər etmişəm. Hətta 14 nəfər qonşularım Elman Nəsirova ərizə yazıb ondan bizim ailəyə köməklik etməsini xahiş ediblər. Ancaq heç bir əhəmiyyət verməyib.
Mən mətbuat vasitəsi ilədə deputat Elman Nəsirova müraciət edirəm: Hörmətli millət vəkili Elman Nəsirov, axı mənə söz verdiniz ki, evinizin təmirinə köməklik göstərəcəm. Xahiş edirəm, gəlin, bizim yaşayışımızı gözlərinizlə görün, bəlkə bundan sonra bilərsiniz ki, deputatı olduğunuz rayonun sakinləri olan Beydullayevlər ailəsi hansı acınacaqlı və təhlükəli vəziyyətdə yaşayır. Yolunuzu səbirsizliklə gözləyirik.
İmza; Vəd verdiyiniz, sizə səs vermiş Beydullayevlər ailəsi adından Eyzangül Beydullayeva”.
Paylaş: