Xəbər lenti
Azərbaycan Almaniyadan daha demokratikdir - R. T. Ərdoğanın etirafından belə çıxır
Azərbaycanda Almaniyadan daha ədalətli və demokratik ölkədir.
Yox, yox, bunu Az.TV-nin hansısa aparıcısı demir. Heç hamımızın məntiqinə aşiq olduğumuz Siyavuş Novruzov müəllim də nə qədər dahi olsa belə, bu həqiqəti idrak edəcək səviyyədə deyil. Bəlkə sizin də yenicə eşitdiyiniz bu sirri faş edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əfəndidir. Təəccüblənməyin, cənab Ərdoğanın məntiqindən həqiqətən də belə çıxır.
O, dünənki çıxışında Türkiyədə keçirilən referendumda millət vəkili sayının 600-ə yüksəldilməsiylə təmsili demokratiyanın daha ədalətli şəkil alacağını vurğulayıb və bunu Avropa ölkələrindəki vəziyyətlə əsaslandırıb. O deyib:
“Almanya’da nüfus 82 milyon, milletvekili sayısı 667. Fransa’da nüfus 66 milyon, milletvekili sayısı 925. İspanya’nın nüfusu 44 milyon, milletvekili sayısı 616. İtalya’nın nüfusu 60 milyon nüfusu var, 952 milletvekili var. İngiltere’de 65 milyon nüfus var, 1449 milletvekili var. Türkiye’ye geliyoruz, 80 milyon, milletvekili sayımız şu anda 550. İllerin temsili noktasında daha adil bir yaklaşım olsun. Adil paylaşımı yeni düzenlemeyle getirmiş olacağız”.
Bu statistik rəqəmlərdə ən diqqəti cəlb edən Almaniya örnəyidir. 82 milyon əhalisi olan Almaniyada 667 deputat varsa və bu əgər təmsili demokratiyanın təcəssümüdürsə, onda biz almanlardan daha demokratikik.
Nədənmi-deyə soruşursunuz? Onda gəlin, müqayisə edək:
Azərbaycanın, hardasa, 10 milyon əhalisi var. Təxminən, Almaniya əhalisindən 8 dəfə az. Millət vəkillərimizin sayı isə 125-dir. Deməli, Almaniya demokratik təmsilçilikdə bizə çatmaq üçün millət vəkillərinin də sayını 8 qatımıza çıxarmalıdır. 125 X 8 = 1000.
Almaniyanın millət vəkilləri isə, Ərdoğan əfəndinin dediyi kimi, cəmi-cümlətanı 667-dir. 1000-dən 33.3% az. Bu hesabla, biz almanlardan 33.3%, başqa təbirlə desək, 3/1 qədər daha demokratikik. Eləyikmi?
Göründüyü kimi, riyazi olaraq eləyik. Bəs, siyasi olaraq? Bax, bunu deyə bilmərəm.
Məsələ burasındadır ki, riyazi hesabla siyasi hesab bəzən bir-birinə tərs mütənasib olur...

Heydər Oğuz


Ana səhifəyə qayıt        Baxış: 1 903          Tarix: 12-04-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma