Dekabrın 8-də ölkə mediası çox maraqlı bir hadisəyə şahidlik etdi: axşamüstü, demək olar, əksər saytlar “Movqe.az”a istinadla, prezident İlham Əliyevin PA-nın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyevi Təhsil naziri təyin etdiyi haqda xəbər yaydı. Təxminən, bir saatdan sonra isə əvvəlcə “Movqe.az”, sonra da xəbəri tirajlayan digərləri bircə-bircə yaydıqlarını səhifələrindən təmizləməyə başladılar…
Əlbəttə, bu xəbər qoyub-çıxarma işi “yeni media”nın – saytların fəaliyyətində adi, hər gün rastlaşılan və getdikcə də kütləvi xarakter daşıyan haldır. Çünki bu taktika cinayətkarlar – “reket jurnalist”lər üçün ənənəvi "qaz vurub qazan doldurma" niyyətiylə şantaj üsuludursa, bəziləri üçün də siyasi təhdid, təzyiq, hansısa mesajı çatdırma vasitəsi, yaxud hansısa prosesə təsir göstərmək məqsədiylə informasiya mühitində törədilən ideoloji təxribat fəndidir…
Ancaq bu dəfə söhbət elə bir mövzuda olan xəbərdən və bu xəbərin də ilk olaraq elə bir sayt vasitəsi ilə yayılıb-çıxarılmasından gedir ki, hələ də məqsədi qeyri-müəyyən, anlaşılmazdır və olaya seyrçi qalmaq da nəinki mümkün deyil, hətta susmağın özü belə, jurnalist peşəsinə xəyanət sayılacaq addımdır.
Bilməyənlərin nəzərinə çatdıraq ki, “Movqe.az” dövlətin informasiya siyasətinin həyata keçirilməsində və informasiya təhlükəsizliyinin təminatında önəmli yer tutduğu iddia edilən bir dövlət qurumunun – Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri, eyni zamanda mediaya qeyri-rəsmi dövlət nəzarətini həyata keçirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü hörmətli Vüqar Səfərlinin birbaşa “kontrolu"ndakı “Mövqe” adlı qəzetin eyniadlı saytıdır.
Bu qəzetə KİV DF yarandığı gündən indiyədək dövlətdən nə qədər maliyyə vəsaiti ayrılıb və bu vəsaitin müqabilində qəzetin ictimai rəydə çəkisi nə qədərdir, bunda işimiz yox və bu, tamamilə başqa bir vaxtın, başqa bir mövzunun söhbətidir. İnşallah, bir gün buna qayıdacağıq…
İndilikdə isə diqqət çəkmək istədiyimiz odur ki, hörmətli Vüqar Səfərli dövlətin media siyasətini tənzimləyən önəmli isimlərdən biri kimi, bu sektorda həm də çox önəmli mövqe sahibidir. Hətta o həddədək ki, məhz onun istəyi və rəyilə jurnalistlərdən kimə mənzil, mükafat, ad, pul və s. düşüb-düşmədiyinin siyahısı öncədən müəyyən edilir. Bilənlər bilir: bu il mənzil üçün sənəd verən jurnalistlər həm də hörmətli Vüqar Səfərlinin adına mütləq ayrıca ərizə yazmalı, KİVDF-də stolun üstünə qoyulan nümunəyə – yalvarış tonlu müraciətə imza atmalıydılar. Baxmayaraq ki, əvvəlcədən elan olunmuş şərtlər sırasında bu qayda yox idi…
Üstəlik, medianı izləyənlər onu da çox yaxşı bilir: hörmətli Vüqar Səfərli bütün çıxışlarında jurnalistləri peşəkarlığa səsləyir, dəqiqləşdirmədən informasiya yazanları yaxşıca tənbeh edir, onları məsuliyyətsiz davranışlarıyla dövlətin siyasətinə mane olmamağa çağırır…
Ancaq dünən onun “kontolunda”kı media elə bir addım atıb ki, jurnalist camiəsi hələ də çaş-baş qalıb, 2 gündür çözüm arayışındadır: hər kəs öyrənmək istəyir ki, axı "Mövqe.az"-ın qəfildən belə hoppanıb irəli düşmək, öncüllük etmək istəyinin kökündə nə durur, bu müəmmalı “tələskənliyin” arxasında nə gizlənir?!
Axı dövlətin media siyasətini müəyyənləşdirən şəxslərin özləri dəfələrlə başqalarından tələb və hətta Prokurorluq xəttiylə rəsmi xəbərdarlıq ediblər ki, jurnalistlərimiz xüsusən Prezidentin səlahiyyətlərinə aid olan məsələlərə “burun soxub”, məmurlar arasında intiriqa, nifaq salmasınlar, cəmiyyətə şübhə toxumu səpib ictimai rəyi qəsdən çaşdırmasınlar, belə məsələlərdə yalnız və yalnız rəsmi xəbərləri gözləsinlər…
İndi artıq ikinci sutkadır ki, bəbəxt jurnalistlər gözlərini AzTV-nin və AzərTAC-ın xəbərlərinə dikib, gözləyir və onu da fikirləşirlər ki, görəsən, nə baş verib: dövlətin jurnalistlərə qayğı siyasətindən hamıdan çox pay götürən "Movqe.az" bu tələb və çağırışları niyə qulaqardına vurub?!
Bəlkə, Baş prokurorluqdakı siyahı təzələnsin və dövlətin siyasətinə təsir göstərmək məqsədiylə hansısa xəbəri yayıb sonra onu silən saytların da daha heç bir müsabiqəyə qatıla bilməyəcəyi qaydası müəyyənləşsin?!
Hər halda, görünən odur ki, media işi, informasiya siyasəti bu sahənin həqiqi bilicilərinə və dövlət maraqlarını öz maraqlarından üstün tutmağı bacaran peşəkarlara tapşırılmayınca, hələ bu sektorda çox belə şəxsi-qrup maraqlarına hesablanmış özfəaliyyətə, rüsvayçı “çp”lərə şahid olacağıq…
Mövqe.az-ın bu xəbərinin ətrafında isə cəmiyyətdə çoxsaylı versiylar səslənib, uzağagedən nəticələr çıxarılsa da, biz hələlik bu mövzuya toxunmuruq… Gözləyək, rəsmi təsdiqi, inşallah, ondan sonra bu tələskənliyin səbəblərinə dair mövqeyimizi açıqlayacağıq…
Strateq.az
Paylaş: