Bir az əvvəl qələm adamlarının böyük bir qrupu yenə Prezident tərəfindən mənzillə təmin olundu. Təfərrüatından asılı olmayaraq, belə bir humanist addımın qiyməti çox böyükdür. Odur ki, mən də bu vaxta qədərki bütün təbriklərə qoşuluram, özü də ürəkdən qoşuluram.
Lakin bu aksiyada daha bir maraqlı məqam da var. Siyahı açıqlandıqdan sonra gözləyirdim ki, mütləq iki hadisə baş verməlidir. Amma hələ ki, heç nə baş verməyib. Ona görə də mən qənaətimi ictimailəşdirməyi lazım bildim. Çünki, bu sükutda bir laqeydlik sezilməkdədir.
Bəs nə idi baş verməli hadisələr? Birincisi, gözləyirdim ki, Azərbaycan Yazıçıları Birliyinin rəhbərliyindən bir neçə nəfər istefa verəcək, necə deyərlər “üzüsulu”. İkincisi, prokurorluq orqanları AYB-də bir müddət əvvəl aparılmış “mənzil bölgüsü” əməliyyatına görə ciddi araşdırmaya başlayacaq.
Səbəbi izah edim. Mənzil verilən jurnalistlərin siyahısında bir müddət bundan əvvəl AYB-nin “ev verdiyi” ən azı iki nəfərin də adı var. O zaman AYB hay-küylə bildirirdi ki, 36 nəfəri mənzillə təmin edib və sair bu tipli gözqamaşdırıcı bəyanatlar. Əslində isə, AYB-də “satdı-böldü” qanunsuzluğu baş vermişdir. Şəxsən mənim bu qanunsuzluq barədə müraciət etdiyim instansiyaların heç biri AYB-dəki bu vəziyyətin qanuni olmasını təsdiq etməmişdir. Deməli, qanunsuzdur. Lakin bu qanunsuzluqlara qarşı da heç bir hərəkət olunmamışdır.
Yenə də Prezident! Həmən 255 nəfərlik siyahıda AYB-nin guya ki, “təmin etdiyi” iki nəfərin də yer alması cənab Prezident tərəfindən çox incə və çox aydın diplomatik eyhamdır. Yəni, AYB-dəki bölgü heç də heç bir əndazəyə sığmır və Prezident də oralarda nələrin baş verdiyini çox yaxşı bildiyini anladır.
İkincisi, cənab Prezident yenə eyni eyhamla hüquq-mühafizə orqanlarına qanunun pozulduğu ünvanı göstərir. Bundan açıq necə demək olar?
Güman edirəm ki, hüquq-mühafizə orqanları, prokurorluq mütləq bu işə qarışacaq. Çünki, Prezidentdən o yanası yoxdur.
Bu halda isə AYB rəhbərliyindən nəinki istefalar, hətta həbslərin olması gözləniləndir.
Paylaş: