
"Cinayət üstündə yaxalandınız. Çinin Şimali Koreyaya neft girişinə icazə verməsilə əlaqədar böyük xəyal qırıqlığına uğradım. Bunun davam etməsi durumunda Şimali Koreya probleminin dostcasına həlli mümkün deyil".
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında bu iddianı irəli sürüb.
Trampın fikrindən belə çıxır ki, Çin Şimali Koreyaya neft idxalına imkan verib və bununla da ABŞ prezidentinin etimadını alt-üst edib.
Sual oluna bilər: ABŞ prezidenti Şimali Koreyaya neft nəqlinə izn verilməsini niyə cinayət kimi qiymətləndirir?
Bilindiyi kimi, ABŞ-ın iqtisadi embarqo tətbiq etdiyi bir neçə ölkədən biri də Şimali Koreyadır. Vaşinqton bu qərarını dünya dövlətlərinə qəbul etdirib və BMT TŞ qətnaməsilə öz istəyini legitimləşdirib.
TŞ-nın bir üzvü də Çindir. Sözsüz ki, rəsmi Pekin veto haqqından istifadə edərsə, ABŞ-ın bu tələbi rəsmiləşməyə bilərdi. Fəqət Çin ABŞ-ın bu tələbinə qarşı çıxmamış, ən son, bir həftə bundan qabaq BMT TŞ-da digər üzvlər kimi Şimali Koreyaya qarşı növbəti sanksiya qərarına səs vermişdi. Qərara görə, Pxenyan iqtisadi cəhətdən cətin vəziyyətə salınmalı, beləcə, öz nüvə araşdırmalarından geri çəkilməyə vadar edilməli idi. Sanksiyalar çərçivəsində Şimali Koreyanın idxal etdiyi neft məhsullarının 90%-nə embarqo qoyulurdu.
Görünən budur ki, Çin BMT TŞ-da səs verdiyi bu qərarın tələblərinə əməl etməyib, gizli yolla Şimali Koreyaya neft satışında iştirak edib. Pekinin bu ikibaşlı mövqeyi Pxenyanın çətin vəziyyətindən istifadə edərək, ona baha qiymətə neft satışı ilə əsaslandırıla bilər.
Belə məlum olur ki, Çinin bu “çoxbilmişliyinin” ömrü uzun sürməyib. BMT TŞ-nın son qərarından heç bir həftə keçməmiş onun Şimali Koreyaya neft satması ABŞ-ın “radarına” düşüb. Bu da Vaşinqtonda ciddi xəyal qırıqlığı yaradıb.
Trampın məyusluğunun digər bir səbəbi də var. Bu da ötən noyabr ayında ABŞ prezidentinin Pekinə etdiyi səfər zamanı çinli həmkarıyla əldə etdiyi razılaşmanın pozulmasıyla əlaqədardır. Həmin görüşdə iki lider Şimali Koreyayla bağlı müzakirələr aparmış və ortaq fikrə gəlmişdilər. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışan Çin prezidenti Şi Cinpinqle də bunu etiraf edərək, demişdi:
"Şimali Koreya məsələsinin dialoq və müzakirə ilə həllı məsələsində ümumi razılığa gəldik və bu istiqamətdə birgə səy göstərəcəyik".
Tramp da çıxışında öz həmkarının fikirlərini dəstəkləmiş və əlavə etmişdi ki, bundan əvvəlki hökumətlər ABŞ-Çin münasibətlərinin nəzarətdən çıxmasına səbəb olublar: “Ancaq mən iki ölkə arasındakı ziddiyətləri düzəldərək hər iki tərəfin mənfəəti üçün çalışacağam".
Çin yetkililərinin son “çoxbilmişliyi” isə Trampın bu etimadının üstündən xətt çəkiblər. Hər halda ABŞ prezidentinin sözlərindən belə aydın olur.
Paylaş: