Xəbər lenti

  

Son günlər İranda keçirilən etiraz nümayişləri hadisələrin əsl səbəbi haqqında müxtəlif mülahizələri də bərabərində gətirdi. Artıq demək olar ki, bütün İranı bürüyən nümayişləri İslam İnqilabının 40 illik fəaliyyətindən bezən xalq kütlələrinin üsyanı kimi qiymətləndirənlər də var, hadisələrin arxasında ABŞ, İsrail, Səudiyyə Ərəbistanı kimi xarici qüvvələrin barmağını axtaranlar da.

Xüsusilə, İranın ruhani rejimi etiraz aksiyalarının xarici qaynaqlı olduğuna inanır. Tehran Baş prokuroru Abbas Cəfəri Dolatabadinin dünən aksiyalarla bağlı açıqlaması da bu yöndə idi. Dolatabadi açıqlamasında hadisələrin arxasında ABŞ və İsrailin dayandığı iddia edərək, demişdi: "Tramp regiona gəlib qılınc rəqsi edəndən, İsraillə İran məsələsində razılığa gəldiyini açıqlayandan sonra bu hadisələr gözlənilən idi”.

Konstitusiyaya görə, İranda prokurorların birbaşa dini lider tərəfindən təyin olunduğunu nəzərə alsaq, Dolatabadinin bu mövqeyinin Xamaneyinin fikirlərini əks etdirdiyini anlaya bilərik. Təsadüfi deyil ki, yenə dini liderə bağlı olan İran İslam Keşikçilərinin sözçüsü İsmayıl Kövsəri də bənzər bəyanat verərək, aksiya iştirakçılarını sakitləşməsələr, rejimin öz “dəmir yumruğu”nu işə salacağı ilə təhdid etmişdi.

Dini liderə bağlı qüvvələrin hadisələri xaricə bağlamaq cəhdinin müəyyən əsasları da yox deyil. Bir müddət əvvəl ABŞ və İsrail kəşfiyyat orqanlarının Vaşinqtonda bir araya gələrək, İranla bağlı müzakirələr apardıqları və birgə fəaliyyət üçün saziş imzaladıqları barədə yayılan xəbərlər də bu ehtimalı qüvvətləndirir. Həmin sazişdə İranı çökdürmək üçün 4 işçi qrupunun yaradılması və qarşıya qoyulan hədəflər arasında İranda daxili çaxnaşmalar törədilməsi də nəzərə tutulur.

 

 Bununla belə, daxili narazılıqları yalnız xarici amillə əsaslandırmaq analizdə asana qaçmaqdan başqa bir şey deyil. Nədən ki, bütün xarici qüvvələr bir ölkəni daxildən parçalamağı arzulaya bilərlər. Fəqət ölkə daxilindəki narazılıqlar olmasa, bütün bu səylərin heç bir əhəmiyyəti qalmaz.

Üstəlik, uzun illər boyu Qərb imprializminə qarşı mübarizədə yetkinləşmiş, bişmiş İran xalqından söhbət gedir və ABŞ-ın Yaxın Şərqə gətirdiyi “ərəb baharlarının” nələrə yol açdığı hər kəs tərəfindən yaxşı anlaşılırsa, bu cür mülahizələr çox da inandırıcı görünmür.

Açığı, ABŞ prezidenti Donald Trampın hadisələr zamanı etirazçıları dəstəkləməsi də Vaşinqtonun bu proseslərdə məkrli mövqe tutduğunu, etirazçılardan çox, İran rəsmilərinin  əlinə oynadığı təəssüratı yaradır. Necə ki, Trampın öz açıqlamalarıyla əslində “ayı xidməti” göstərdiyi ABŞ analitikləri tərəfindən də etiraf olunub. Məlumata görə, Barak Obama hökumətinin Yaxın Şərq üzrə koordinatoru Filip Gordon Nyu-York Tayms qəzetinin 30 dekabr sayında yazdığı məqaləsində də bu xüsusu ön plana çıxarmış və iranlı nümayişçilərə verilən dəstəyin rejimin işinə yaradığını irəli sürmüşdü.

Zənnimizcə, həqiqətən də, İranda baş verən üsyanların kökündə xarici faktorlardan çox, daxili amillər mühüm rol oynayır və rejim diqqətini bu məsələlərə yönəltməli, öz sonunu gətirə biləcək proseslərin qarşısını bəlli islahatlarla almağa çalışmalıdır. Əks halda, İran hər an viran olmaqdan, partlamağa hazır barıt çəlləyi taleyindən sığortalanmayacaq və xarici qüvvələrin təxribatlarına açıq vəziyyətə gələcək.

Bəs, İranda baş verən üsyanların əsl səbəbi nədir? Proseslərin arxasında kimlər var?

 

Fikrimizcə, İran üsyanlarının başlıca səbəblərindən biri ölkənin siyasi xarakterindəki ikitirəlikdən doğur. İran quruluş etibarilə nə tam demokratik, nə də tam teokratik ölkədir. Ölkə Konstitusiyasına görə, bu məmləkət həm dini ehkamlarla, həm də demokratik prinsiplərlə idarə olunur. Bu ikili xarakter onun rəsmi adında da öz əksini tapıb – İran İslam Respublikası.

İranda dini hakimiyyəti Xamaneyinin rəhbərlik etdiyi Üləmalar Məclisi təmsil edir. Üləmalar Məclisinin seçdiyi dini rəhbər heç kim qarşısında məsuliyyət daşımır və istədiyi an İran hökumətini istefaya göndərə bilər. Dini lider bu funksiyasını iki üsulla həyata keçirir – ya İran parlamenti qarşısında məsələ qaldıraraq, ya da İran Ali Məhkəməsinə müraciət edərək.

Üstəlik, dini liderin prezidentliyə və ya deputatlığa namizədlərin seçkidə iştirakına veto qoymaq hüququ var. O, bu hüququnu özünə bağlı Konstitusiya Mühafizləri Şurasının qərarıyla həyata keçirir.

Bundan başqa İranın bütün silahlı qüvvələri və İnqilab Keşikçiləri Qvardiyası da dini liderə bağlıdır. Bu da onu İranın əsas siyasi gücü halına gətirir.

İranda respublikaçılığın təmsilçisi isə prezidentdir. İran hökumətini prezident müəyyənləşdirir. Amma onun istədiyi qərarları vermək səlahiyyəti məhduddur; bir çox qərarlar dini lider tərəfindən əngəllənə bilər. Üstəlik, ölkə prezidentliyinə seçkilər dörd ildən bir seçilir və ölkə rəhbəri olmaq istəyən şəxsin namizədliyi dini lider tərəfindən təsdiqlənməlidir. Bütün bu məhdudiyyətlər isə istər-istəməz prezidenti dini liderdən asılı vəziyyətə salır.

İranda sözügedən ikili sistem zaman-zaman ixtilaflara yol açır; hər dəfə islahatçılar qanadı hakimiyyətə gələndə həyata keçirilmək istənilən siyasətlər dini avtoritarizmin əngəlinə ilişir. İlk belə hadisə İran İslam Respublikasının quruluş illərində yaşanıb. 1980-ci ildə xalqın 75%-nin səsini toplayan Əbülhəsən Bənisədr hakimiyyətini yalnız ilyarım əlində saxlaya bilib. Demokratik islahatlara imza atmaq istəyən bu adam o dövrün dini lideri Xumeyninin işə qarışmasıyla prezidentlikdən uzaqlaşdırılıb və Fransaya qaçmağa məhkum olub.

İlk dəfə 2013-cü ildə prezident seçilən Həsən Ruhani ilə indiki dini lider Xamaneyi arasında da bənzər ixtilaflar mövcuddur. Xüsusilə hakimiyyətinin ikinci dövründə (2017-ci il) nüvə sazişinə imza atmaqla xalqın böyük rəğbətini qazanan Ruhani təhsildən tutmuş, siyasi, iqtisadi islahatlara, xarici siyasətdə dəyişiklik etmək istəyinə qədər bir çox məsələlərdə Xamaneyi ilə kəllə-kəlləyə gəlməkdən çəkinmir. Maraqlıdır ki, Ruhaninin bu islahatçılığı Xamaneyi tərəfindən Bənisədr şıltaqlığı kimi qiymətləndirilib. Ötən Ramazan ayında ənənəvi iftar çıxışlarının birində Xamaneyi açıq üslubla rəqibini tənqid etmiş, ona Bənisədrin taleyini yaşaya biləcəyi ilə hədə-qorxu gəlmişdi.

 

Dini liderin bir neçə ay əvvəlki çıxışlarından birində Ruhaninin təhsil islahatları ilə bağlı dilə gətirdiyi tənqidlər iki qüvvə arasında münasibətlərin daha da gərilməsinə səbəb olmuşdu. Bildirildiyinə görə, Ruhani hakimiyyəti BMT Uşaq Fondu (UNİCEF) ilə 2030 saylı müqavilə bağlamış və Qərbyönümlü təhsil siyasətinə start vermişdi. Hökumətin bu siyasəti, sözsüz ki, dini iradəni öz sosial bazasını itirməyə yönəlmişdi. Buna kəskin qarşı çıxan Xamaneyi təhsil strategiyasının xaricilərə həvalə edilməsini pisləmiş və toplumun həssas kəsimlərini mübarizəyə səsləmişdi. Üzərindən az keçməmiş “həssas kəsimlər”dən həqiqətən də mübariz səslər yüksəlmişdi. Ramazanın son günlərində keçirilən ənənəvi “Qüds günü” mitinqində Xamaneyi tərəfdarları Ruhanini təhqir edən şüarlar səsləndirmişdilər.

Ruhani tərəfdarlarının dini liderə reaksiyaları isə özünü çox gözlətməmişdi. İran parlamentinin vitse-spikeri Əli Mütəxxəri, Xamaneyinin bu çağırışını “atəş azadlığı” kimi qiymətləndirmiş və “əks-atəşlərlə” cavab veriləcəyini açıqlamışdı.

Bir sözlə, İrandakı üsyanlar heç də birdən-birə ortaya çıxan proseslər deyil və siyasi sistemin təbiətindən doğan müharibənin elanı hələ bir neçə ay əvvəl verilmişdi.

İranın dini lideri Xamaneyi rəqibini nə qədər Bənisədrə bənzətsə də, həm bənzədilən iki siyasi lider, həm də onlara qarşı olan dini rəhbərlər arasında ciddi fərqlər var. Başqa sözlə desək, nə Ruhani Bənisədrdir, nə də Xamaneyi Xümeyni. Bənisədr xalqın 75%-nin səsini toplayaraq hakimiyyətə gəlsə də, əlində silahlı güc yox idi. Üstəlik, 1979-cu ildə böyük ümidlər bəslənən və toplum həyatında mühüm rol oynayan mollalar arasında da Bənisədr heç bir nüfuza malik deyildi.

 

Eyni sözləri Ruhani haqqında demək çətindir. Ruhani, hər şeydən öncə, İslam İnqilabının şinelindən çıxmış şəxsdir. Mövcud sistemin qurucusu Xümeyninə yaxınlığı ilə tanınan, hətta ona ilk “imam” təxəllüsünü yaraşdıran Ruhani həm də uzun illər İran Müdafiə Nazirliyində mühüm vəzifələr icra edib. Beləcə, mollalara yaxınlığı ilə o, İranın “demokratik şeyxi” ünvanıyla da tanınır. Uzun illər İranın Ali Təhlükəsizlik Şurasının üzvü olan Ruhani həm də Avropa ilə aparılan nüvə müzakirələrində ölkəsinin əsas nümayəndəsi kimi iştirak edib. Bütün bunlar onun ordu arasındakı nüfuzundan xəbər verir.

Digər tərəfdən, İran İslam İnqilabının 40 ilə yaxınlaşan hakimiyyət dövründə rejimin təlqin etdiyi dəyərlər də artıq əvvəlki cazibəsini itirib, hətta xalq tərəfindən xoş qarşılanmayan sistemə çevrilib. Keçirilən son siyasi aksiyalarda da bu fakt gün işığına çıxdı. Dini duyğuların ən yüksək səviyyədə olduğu, əhalisinin böyük hissəsini din xadimlərinin təşkil etdiyi Qumda belə, anti-rejim şüarlar səsləndirildi. “Xamaneyi, abır-həyan olsun, utan, xəcalət çək, hakimiyyətdən əl çək”, “Hizbullaha ölüm!”, “Suriyanı burax, bizim halımıza yan!” kimi şüarlar bunlardan sadəcə bir neçəsi idi. Etiraz aksiyalarının məhz Məşhəddən başlaması İranın mövcud rejiminə qarşı dindarların da üsyan etdiyinin bir başqa göstəricisidir.

Bir çox analitiklər Məşhəddəki etiraz aksiyalarının arxasında Xamaneyi tərəfdarlarının dura biləcəyinə inanırlar. Onların fikrincə, əslində bu etiraz dalğası ölkədə siyasi böhran yaradıb Ruhanini devirməyi planlaşdıran Xamaneyinin işidir. Belə ki, Ruhaniyə qarşı Bənisədr ssenarisi hazırlayan Xamaneyinin İran parlamenti vasitəsilə öz planını həyata keçirmək şansı yoxdur. Parlamentin əksəriyyəti Ruhaniyə bağlı qüvvələr olduğundan, dini lider məcburən onun vəzifədən uzaqlaşdırılmasının digər metoduna (Ali Məhkəmə qərarıyla) əl atmalıdır. Bunun üçün isə Ruhaninin toplumu qütbləşdirməsinə bəhanə yaradılmalıdır. Nəzərə alsaq ki, hazırda İranda dini iradənin əlində hüquq mühafizə orqanlarından başqa heç nə qalmayıb, həqiqətən də bu ehtimal inandırıcı görünür. Məşhəddəki nümayişlərdə səsləndirilən şüarların Ruhani əleyhinə yönəlməsi də bu baxımdan başadüşüləndir.

 

İran boyu yayılan etiraz nümayişlərini yalnız bu amillə əsaslandırmaq isə doğru deyil. Mümkündür ki, Xamaneyi tərəfdarlarının Məşhəd üsyanına Ruhani tərəfdarları digər şəhərləri ayağa qaldırmaqla cavab veriblər.  İran prezidentinin “Aksiya iştirakçılarının etiraz etmək hüququ var, hökumət buna şərait yaratmalıdır” şəklində bəyanatı bu ehtimalı qüvvətləndirir.

İrandakı üsyanın digər səbəblərindən biri isə, sözsüz ki, iqtisadi böhrandır. Neftin qiymətlənlərinin ucuzlaşması azmış kimi, bu ölkənin Suriyada və İraqda gedən müharibədə aktiv rol oynaması istər-istəməz ciddi maliyyə itkisinə yol açır. Görünən budur ki, hökumətin dini avtoritarzmin basqısıyla 2018-ci il büdcəsində sosial problemlərdən çox, xarici hərbi əməliyyatlara vəsait ayırması iranlıların üsyandan başqa  çarə tapa bilməməsinə səbəb olub. Təsadüfi deyil ki, təkcə sadə xalq yox, idarəçilər də İranın getdikcə daralan maliyyə imkanlarının tükəndiyini etiraf edir, gileylənirdilər. Bu yaxınlarda İran parlamentinin sədri Larincani 350 milyard dollara düşmüş büdcəylə ölkənin idarə edilməsinin mümkünsüzlüyünü söyləmişdi. Ölkə rəhbərlərinin xalqa ümid vermədikləri bu vəziyyət mütləq sosial partlayışla nəticələnməli idi və bu da baş verdi.

 

İran İslam İnqilabı dövründə xalqa verilmiş milli azadlıqlar vədinin indiyədək yerinə yetirilməməsi də üsyanların başlıca səbəblərindən biri kimi ortaya çıxır. Xüsusilə Cənubi Azərbaycanda, Loristanda və ərəblərin yaşadığı Huzistan, Buşəhr kimi əyalətlərdə ayağa qalxan əhalinin əsas tələblərinin milli azadlıq ideyalarıyla bağlı olduğu bildirilir.

Bir sözlə, İranda başlayan və artıq bütün əyalətləri bürüyən üsyanları yalnız xarici amillərlə əsaslandırmaq olmaz. Prinsipcə, bunu özünün son çıxışında İran prezidenti Həsən Ruhani də etiraf edib. Bu istiqamətdə ən maraqlı açıqlama isə Xamaneyinin Məşhəd nümayəndəsi ayətullah Aləmül-Xudadan gəlib. Ayətullah açıq şəkildə etiraf edib ki, son 40 ildə dini rejimin İran xalqının başına gətirdiyi müsibətlərə görə xəcalət çəkir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 187          Tarix: 2-01-2018, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma