Ruhaninin ikinci dəfə qələbə çalması o deməkdir ki, artıq İran dünyanın aparıcı dövlətləri ilə qarşdurmaya getməyəcək, böyük ehtimalla, ABŞ-ın da İrana qarşı təhdidləri səngiyəcək.
Bu sözləri Axar.az-a İranda prezident seçkilərinin nəticələri ilə bağlı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq İran xalqının çox düzgün bir seçim etdiyini düşünür:
“Əgər mühafizəkarlar qələbə çalsaydı, bu, İran üçün çox xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi. Çünki belə olan halda ABŞ və Qərb ölkələri ilə münasibətlər mənfi istiqamətə gedəcəkdi. Ancaq ABŞ-ın gözlədiyi və Qərbin İranın Yaxın Şərqdəki fəaliyyətini bloklamaq planları baş tutmadı. İran xalqının Ruhaniyə səs verməsi özlərinin də dediyi kimi anti-imperialist təhlükələrdən qorumaq üçün şans yaratdı. Ruhani tam islahatçı olmasa da, mütərəqqi baxışlara malikdir. Ruhani İranın dəyişməsini və Qərblə əlaqələrin sağlam zəminə oturdulmasını istəyir. Ruhaninin ikinci dəfə qələbə çalması o deməkdir ki, artıq İran dünyanın aparıcı dövlətləri ilə qarşdurmaya getməyəcək, böyük ehtimalla, ABŞ-ın da İrana qarşı təhdidləri səngiyəcək”.
Politoloq artıq Trampın İrana qarşı qaldırdığı iddiaların yerinə yetirilməyəcəyini bildirib:
“Çünki Ruhani bundan sonra daha cəsarətli hərəkət edəcək, reformaları dərinləşdirəcək. Ruhani Təbriz və Ərdəbildə azərbaycanlılara birmənalı qaydada türk dilində orta məktəblərin açılacağına dair söz verdi. Görünür, soydaşlarımız mədəni milli muxtariyyətlərini inkişaf etdirmək şanslarını Ruhanidə gördülər”.
Q.Hüseynli İranda prezident seçkilərin nəticələrinin Azərbaycana təsirinə də toxunub:
“Azərbaycanla münasibətlərə gəlincə, Ruhani müəyyən addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. Çünki Ayətullah Xameneinin Qarabağ məsələsinə dair mövqeyi İranın mövqeyi idi. Bütün bunların hamısı çox gözəl səslənməklə bərabər, dünya şiələrinin həmrəyliyini göstərən amildir. Ən başlıcası, İranda ən böyük saylı millət olan Azərbaycan türklərinin siyasi iradəsinin artıq dövlət səviyyəsinə qalxdığını söyləmək mümkündür. Zənnimcə, Cənubi Azərbaycandakı proseslər Azərbaycanla münasibətlərdə İranı daha praqmatik siyasət yürütməyə məcbur edir. Eyni zamanda, bu, İranı Ermənistana qarşı münasibətlərdə ehtiyatlı olmağa dair bir çağırışdır. Əgər İran bundan sonra da Dağlıq Qarabağ məsələsində yanlışlığa yol versə, bu, ümumxalq etirazlarına səbəb olacaq. İranda siyasi əhval-ruhiyyə kifayət qədər Azərbaycan türklərinin xeyrinə dəyişib və bu, bütün sahələrdə, o cümlədən İran-Azərbaycan münasibətlərində pozitiv meyillərin yaranmasına səbəb olacaq”.
Qeyd edək ki, ötən gün İranda keçirilən prezident seçkisində Həsən Ruhani qalib gəlib.
Paylaş: