Xəbər lenti

 

“Zeytun budağı” hərəkatının 8-ci günündə Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ÖSO) strateji əhəmiyyətə malik Əli Bekki kəndini PKK-PYD ünsürlərindən azad edib.

Ovqat.com Türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı ən azı 10 terrorçunun öldürüldüyü bildirilir.

Daşlıq ərazisi ilə seçilən Əli Bekki kəndi Türkiyənin Hatay vilayəti Reyhanlı rayonuyla qonşuluqda yerləşir. Kənddə güclü istehkamlar olmaqla yanaşı təlim düşərgələri də var imiş və bütün hərbi məntəqələr zərərsiz hala gətirilib.

Əli Bekkinin ən mühüm özəlliyi isəTürkiyə sərhədlərində yerləşməsi və Afrinin ön cəbhəsini təşkil etməsidir. Bu istehkamın alınmasıyla Türkiyənin Afrinə daha rahat irəliləməsinin önü açılmış oldu.

TSQ-nın bu günə qədər terrorçulardan təmizlədiyi yerlər bunlardır: Adamanlı, Haftar, Hayoğlu, Öməruşağı, Marso, Şeyxabid, Qarmanlı, Baliköy, Kurni ve Mahmudobasi kəndləri, Suriya-Tel təpəsi və Burseya dağı. 8 gün ərində 10 kənd və bir neçə yüksəkliyi ələ keçirmək, əlbəttə, ciddi uğur sayılmaz. Hərbi ekspertlər bu yavaş irəliləyişi bir neçə səbəblə izah edirlər:

  1. Hava şəraitinin uyğunsuzluğu,
  2. TSQ-nın mümkün olduğu qədər mülki şəxslərə zərər vurmamaq etinası,
  3. Afrinə qədər bir çox yolların minalanması və damların üzərində yerləşdirilmiş snayperçilər

Bildirildiyinə görə, ən mühüm təbii əngəl sayılan havanın sisliyi və qar yağışı artıq sona çatıb. Artıq Afrində Günəş doğub və bu da “Zeytun budağı” əməliyyatının daha sürətli irəliləyişinə təminat verir. Üstəlik, bölgənin mərkəzinə doğru irəliləyişdəki ön cəbhə maneəsi də ortadan qalxıb.

TSQ-nin qarşısında indi iki maneə dayanır: minalanmış yollar və insanların məskunlaşdığı bölgələrdə yaşayış evlərinin damlarına yerləşdirilmiş snayperlər. Məlumata görə, PKK/PYD qüvvələri yaşayış binalarının üzərinə yerləşdirdikləri snayperçilərin təhlükəsizliyini təmin etmək üçün sakinlərin evlərindən çıxmasına imkan vermir, Türk əsgərlərini çətin vəziyyətdə qoyur. Çünki həmin snayperçilərin hava hərəkatıyla  zərərsizləşdirilməsi ciddi mülki itkilərə yol açar ki, bu da əslində PKK/PYD-çilərin tam işinə yarayır: onlar bu faktdan istifadə edib “Türk ordusu mülki vətəndaşları qırdı” deyə dünya mediasında hay-həşir sala, “Zeytun budağı” əməliyyatının terrorizmlə mübarizə imicinə kölgə düşürə bilərlər.

Bununla belə, Tür ordusunun PKK ilə 40 ilə yaxın mübarizə təcrübəsi var və Mehmetçik bu cür vəziyyətlərdə mülki şəxslərə zərər vermədən necə hərəkət edəcəyini bilir.




Ana səhifəyə qayıt        Baxış: 2 564          Tarix: 28-01-2018, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma