Xəbər lenti

    

İranda hakim molla rejiminə qarşı kütləvi xalq etirazları yenidən qızışır.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, yanvarın 29-da ölkənin daha 6 şəhərində hakim dini rejimə qarşı etiraz aksiyaları keçirilib.

Məlumatlara əsasən, yanvarın 29-u axşam saatlarında İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində dinc etirazçılar küçələrə axışaraq, ölkəyə hakim molla rejiminə öz etiraz bildiriblər. Bəndər Abbas şəhərində etirazçılar, “Diktatora ölüm” və “Ey qeyrətli iranlı, bizə qoşul, dəstək ver” şüarları səsləndirərək molla hakimiyyətinə qarşı kəskin etirazlarını bildiriblər.

Nəcəfabad şəhərində isə aksiyaçılar “Diktatora ölüm” və bu kimi şüarlar səsləndirərək, hakim axundların dinc müxaliflərə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər.

   Ərakda isə dinc aksiyaçılar, onların toplaşmasına mane olmağa çalışan bir polis avtomobilini çevirərək rejimə qarşı şüarlar səsləndiriblər. Hər üç şəhərdə onlarla aksiyaçının tutulduğu bildirilir.

Məlumata əsasən, həmin gün, Şiraz, Kirman və Qorqan şəhərlərində də rejimə qarşı etirazlar keçirilib. Həmin etirazların təfərrüatı barədə hələlik hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, bir ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürüldüyü bildirilir. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılmışdı.

 

 

Ən maraqlı aksiya isə Tehranda keçirilib.

Yanvarın 29-da Tehranın beynəlxalq “İmam Xomeyni” hava limanında qar yağması ilə əlaqədar uçuşların təxirə salınmasından narazı olan xarici qadın sərnişinlər, hava limanı rəhbərliyinin səriştəsizliyinə etiraz əlaməti olaraq baş örtüklərini açıblar. Qeyd edək ki, qadınların baş örtüyünü açmaq İranda ən ciddi siyasi aksiyalardan sayılır.

  

Paytaxt Tehranda qarın yağması nəticəsində uçuşların bir neçə dəfə təxirə salınmasından və hava limanı rəhbərliyinin məsuliyyətsizliyindən narazı olan xarici qadın sərnişinlər, baş örtüklərini açaraq hava limanındakı nizam-intizamsızlığa qarşı şüarlar səsləndiriblər.

Hava limanı mühafizə xidmətinin baş örtüyünü açan xarici qadınlara qarşı reaksiyası barədə hər hansı bir məlumat yayılmayıb.

 

İranın müxtəlif şəhərlərində qadınların məcburi hicaba qarşı sivil mübarizəsi gündən-günə genişlənir.

İran mənbələrinin yaydığı xəbərə əsasən, son günlər paytaxt Tehranda, İsfahan və Şirazda, eləcə də başqa şəhərlərdə onlarla qadın, küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər. Qadınların məcburi hicaba qarşı dinc etirazı isə əksər kişilər və qadınlar tərəfindən dəstəklənib.

  

Bildirilir ki, yanvarın 28-i və 29-da daha iki qadın Tehranın İnqilab küçəsində, məşhur “Fransız şirniyyatı” mağazası qarşısnda baş örtüklərini açaraq məcburi hicaba etirazlarını bildiriblər. Qadınların etirazı, polislərin müdaxiləsinə qədər davam etdirilib. Qeyd olunur ki, polislər baş örtüklərini açan və başıaçıq gəzən həmin qadınları tutaraq naməlum istiqamətə aparıblar.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına 35 gün əvvəl start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı bir qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. İranda məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə baş vermiş olayla bağlı  jurnalistlərə açıqlamasında bildirib ki, həmin qadın iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

  

"Məcburi hicaba yox” deyərək baş örtüklərini açdıqlarına görə tutulan qadınların hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açıb atan hər bir qadına cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 243          Tarix: 31-01-2018, 00:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma