Xəbər lenti

 

Prezident İlham Əliyev bu gün Cəlilabad Royan İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovu vəzifəsindən azad edib. https://azertag.az/xeber/1133614

Digər bir sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. https://azertag.az/xeber/1133616

Ovqat.com bildirir ki, Əziz Əzizovun Yasamal kimi mühüm bir rayona başçı təyin olunması bir çoxlarının xəyallarını alt-üst edib.

Nədən ki, son zamanlar tikinti və söküntüləriylə yadda qalan bu rayon Bakının ən qazanclı rayonu sayılır. Məlumata görə, yaxın gələcəkdə də Yasamal rayonunda bir çox köhnə binaların sökülməsi və yerinə yenilərinin inşa edilməsi dövlət planına salınıb. Bu səbəbdən də könlündən balıq tutmaq keçənlərin böyük əksəriyyəti Yasamalda “ayağını suya batırmaq” fikrində idilər.

Ötən ilin yay aylarından başsız qalan Yasamala ən çox iddia edənlərdən biri də YAP-ın bu rayondakı təşkilatının sədri Tağı Əhmədov idi. Yasamala rəhbərlik etmək üçün müxtəlif mətbu orqanlarında özünü az qala əsrin dahisi, alimi kimi təqdim edən Tağı müəllimin bütün ümidlərini puşa çıxaran isə, deyəsən, məşhur MTN məhkəməsində adının xeyli hallanması olub. Tağı müəllim bu cür cılız təbliğatları ilə öz korlanan reputasiyasını düzəldə bilməyib. Hər halda onun irəli çəkilməməsi və universitetlərin birində başını qatmağa göndərilməsi bundan xəbər verir.

Xatırladaq ki,  MTN işinin əsas müttəhimlərindən olan Covdarov məhkəmə zamanı Tağı Əhmədovun mülkiyyəti barədə sensasion məlumatlar işıqlandırmışdı. Bundan əvvəl isə məhkəmə prosesində Tağı Əhmədovun MTN-ə 3 milyon dollar verdiyi məlum olmuşdu. Bunu Tağı müəllimin özü də inkar etməmiş, amma sərvətinin qaynağı barədə heç kimi inandırmayacaq açıqlamalarla yadda qalmışdı. O bildirmişdi ki, həmin pulları 40 illik maaşını toplayaraq əldə edib.

 

Əlbəttə, bu açıqlamalar inandırıcı olmadığından Tağı Əhmədovun ictimaiyyəti nəzdində reputasiyasiyasını daha da qaraltmış, onu gülüş obyektinə çevirmiş və mətbuatda apardığı təbliğat da məhz bu səbəbdən fayda verməmişdir.  Görünür, növbəti prezident seçkilərinə hazırlaşan Azərbaycan siyasi iradəsi də ictimai rəylə hesablaşmaq gərəyi hiss etdiyindən Tağı Əhmədovun arzusu ürəyində qalmışdır.

Di gəl ki, Yasamal rayonuna başçı təyin olunan Əziz Əzizov da süddən çıxmış ağ qaşıq imicinə malik deyil. Onun barəsində də dövri mətbuatda kifayət qədər ifşaedici məlumatlar dərc olunub və bu məlumatların heç biri indiyə qədər təkzib edilməyib. Məsələn, cumhuriyyet.az-ın 2015-ci ildə Əziz Əzizov barəsində yaydığı məqalələrdən birində deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. ...Əziz Əzizovun icra başçısı postuna təyinatına kimi yüksək vəzifəsi olmayıb. Ən böyük vəzifə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postu olub ki, bu da nəqliyyat sektorunda yüksək vəzifə hesab olunmur”.

Əziz Əzizovun Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postuna gələnə qədər isə tramvay ustası olduğunu xatırladan sayt onun birdən-birə yüksəlişinin əsl səbəbinə də aydınlıq gətirmişdi:

 

“Daha sonra və ən əsası ömür böyu heç bir dövlət qurumunda yüksək post tuta bilməyən Əziz Əzizov (05.03.1996 – 08.08.2006-ci illər arası-red.) sahibkarlıq fəaliyyətinə başlayıb. Ümümiyyətlə, Azərbaycanda, 2006-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq o qədər də asan deyildi. Əsasən Rüsiyadan gələn və əli milyonlarla oynayanlar Əziz Əzizov kimi sahibkarlara imkan verməzdi. Di gəl ki, Ə.Əzizov Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postundan imtina edib gözlənilmədən sahibkar olub.

Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.

Onu da bildirək ki, bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir”.

Qaynaq: http://teref.info/manset/3116-tramvay-parkinin-ustasi-nece-icra-bashchisi-olub.html

  

Nəzərə alsaq ki, Yasamal rayonu hakimiyyətdə təmsil olunan bütün qruplaşmaların əsas diqqət mərkəzindədir, Kərəm Həsənov kimi təsir gücü o qədər də böyük olmayan bir məmurun adamı sayılan Əziz Əzizov üçün bu rayonu idarə etmək düşünüldüyü qədər asan olmayacaq. Ən kiçik səhv yeni başçının, sələfi İbrahim Mehdiyevin taleyi ilə üzləşməsinə yol aça bilər.

Xatırladaq ki, İbrahim Mehdiyev Yasamaldakı Hacı Cavad məscidini vaxtından əvvəl sökməkdə günahlandırılaraq işdən uzaqlaşdırılmışdı. Onun öz tələskənliyinə qurban getdiyi Prezidentin köməkçisi Əli Həsənov tərəfindən rəsmən etiraf edilmişdi. Əli Həsənov 1 İyul 2017-ci il tarixində rəmi informasiya kanalı olan “AZƏRTAC”-a açıqlamasında “sabiq başçını prezidentin "tapşırığının əksinə olaraq", yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə "özbaşına qərar" verməkdə” ittaham edərək demişdi: "Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir".

Qaynaq: 

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Haci_Cavad_mescidinin_sokulmesini_ozbasina_heyata_kechiren_vezifeli_sexsi_cezalandirib-1074734

Bir sözlə, qısa müddətdə tramvay ustalığından Cəlilabadın başçısı vəzifəsinə yüksələn Əziz Əzizov indi “gözdən uzaq” bir yerdə deyil, hər kəsin diqqət mərkəzində olan rayona rəhbərlik etməyə gəlir. Bəs, təcrübəsi buna imkan yaradacaqmı? Bu sualın ən yaxşı cavabını zaman verəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 655          Tarix: 2-02-2018, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma