xural.com-dan yeni layihə…
Hələ uzun illər bundan əvvəl – 2003-cü il seçkilərində “Xural” qəzeti olaraq “Mənim Prezidentim” layihəsi etmişdik. O zaman nisbətən demokratik mübarizə metodları vardı və ən müxtəlif namizədlər seçkilərə qoşulmuşdu. Bizim üçün də maraqlı idi. Bu ilki kimi darıxdırıcı seçki marafonu yox idi.
Bu il isə hər şey fərqli oldu. Seçkilərin önə çəkilməsi bütün normal media layihələrimizi pozdu. Amma xural.com olaraq 2003-cü ildə etdiyimiz bir qiymətləndirmə metodunu bir az dəyişdirilmiş formada yenidən həyata keçirməyə çalışdıq. Prezidentliyə namizədliklərini irəli sürənlərin seçki debatlarını diqqətlə dinləyəcək və onların çıxışlarını 10 ballıq sistem üzərindən qiymətləndirəcəkdik. Elə də etdik.
Namizədlərin I debatı:
İlk debatda nəticələr baş redaktor Əvəz Zeynallı tərəfindən bu cür qiymətləndirildi:
1. Zahid Oruc – 3
2. Araz Əlizadə – 2
3. Qüdrət Həsənquliyev – 4
4. Əli Əhmədov – 2 (İlham Əliyevin nümayəndəsi)
5. Razi Nurullayev – 3.5
6. Sərdar Cəlaloğlu (Məmmədov) – 5
7. Fərəc Quliyev – 2
8. Hafiz Hacıyev – 3
Namizədlərin II debatı:
2-ci debat isə hər namizədin göstərdiyi performans nəzərə alınaraq və haqlarında qısa dəyərləndirilmə aparılaraq bu cür qiymətləndirildi:
Yorucu, sıxıcı, monoton bir debat. Nadir hallarda fərqli fikirlər olur, dərhal da özünüsenzura işə düşür. Bu gün ikinci debat keçirildi. 10 üzərindən qiymətləndirməmizi davam edirik. Hər namizədə etdiyi çıxışa görə neçə bal vermək mümkündür? İkinci imtahandan necə çıxdılar?
Mənim qiymətlərim belədir:
1. Zahid Oruc – 1
2. Araz Əlizadə – 1
3. Qüdrət Həsənquliyev – 2
4. Əli Əhmədov – 2 (İlham Əliyevin nümayəndəsi)
5. Razi Nurullayev – 4
6. Sərdar Cəlaloğlu (Məmmədov) – 6
7. Fərəc Quliyev – 3
8. Hafiz Hacıyev – 4
Zahid Oruc dünənki kimi də deyildi. Hazırlaşmamışdı. Təntiyir, cümləni baş-ayaq deyirdi. Bu gün bərbad idi.
Araz Əlizadə olduqca zəif, arqumentsiz, səbatsız idi. Danışığında rabitəsiz idi. Hazırlaşmamışdı.
Qüdrət Həsənquliyev təxminən dünən danışdığı tezisləri təkrarladı. Rabitəsizdi. Hazırlıqsız gəlmişdi. Novruz bayramına görə xoş danışacağını dedi, amma heç nə demədi.
Əli Əhmədov darmadağın idi. Regional inkişaf haqqında proqramların sayını belə bilmədiyi məlum oldu. Hazırlaşmamışdı. Rabitəsizdi. Təkrarçılıq edirdi. Dediklərində yeni heç nə yox idi. Təkəmseyrək səslənən tənqidlərə də cavab verə bilmədi.
Razi Nurullayev bu gün nisbətən hazırlıqlı idi, ancaq yeri gəldi-gəlmədi hey Əli Kərimlidən danışdı. Sanki danışmalı idi. Yersiz radikallıqdan danışdı. Sonuncu 3 dəqiqə normal idi.
Sərdar Cəlaloğlu hazırlıqlıdır. Bir az daha sürətlə danışsa və ardıcıl olsa, zatən üstün olduğu rəqiblərini lap üstələyər.
Fərəc Quliyev bu gün dünənkindən nisbətən normal idi. Müqayisələri diqqətçəkici oldu – xüsusilə, Hollandiya haqqında. Yeni və önəmli heç nə demədi. Monopolistlərdən bir azca danışsaydı…
Hafiz Hacıyev ənənəvi rolunda idi – 1 nəfəri kənarda saxlamaq və digərlərini baltalamaq. Ancaq onun da ciddi bir çərçivədə olduğu hiss olunur. Rabitəsiz, hazırlıqsız, amma məmurlara sərt…
Heç biri vaxta hakim deyildi. Təxminən əksəriyyəti vaxtında bitirə bilmədilər çıxışlarını. Acı bir mənzərə seyr etdik…
Xural.com
Paylaş: