Xəbər lenti

 

Əminəm ki, bir çox adam Rusiyayla indiki gərgin əlaqələrimizin dünya üçün faydalı olmadığını düşünür. Xüsusilə də biz - amerikalılar üçün, milli təhlükəsizlik mənfəətləri baxımından sözügedən əlaqələrin bu cür aşağı səviyyədə qalması faydalı deyil. Vəziyyəti düzəldə bilərikmi, ona baxacağıq"

Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Reks Tillerson, NBC-yə verdiyi müsahibəsində belə deyib .

İkili əlaqələr ilə bağlı 'sıfırlama' termininə qarşı çıxan Tillerson bu kimi sözlərin sui-istifadə edildiyini düşünür: “Heç nə sıfırlana bilməz və keçmişi silib atmaq mümkün deyil. Sadəcə, münasibətlərə yeni səhifədən başlamaq olar... Biz, əlimizdəki mövcud səhifəylə işə başlamalıyıq".

Maraqlıdır ki, Tramp administrasiyasının ən güclü adamı sayılan Tillerson indiki hakimiyyətin seçilməsində rus barmağının mühüm rol oynadığını da inkar etməyib. O, “Rusiyanın ABŞ-da keçirilən 2016 prezident seçkilərinə müdaxilə etdiyindən əmin olduğunu”, ancaq ikitərəfli əlaqələrin daha geniş məzmunda ələ alınmasının vacibliyini bildirib: "Bu əlaqələrə ən geniş kontekstdə baxmağımızın lazım olduğunu düşünürəm. ABŞ-ın təhlükəsizliyi üçün lazımlı olduğunu düşündüyümüz əlaqələrə dönsək, diqqətimizi cəlb edən bir çox əhəmiyyətli sahələr qarşımıza çıxacaq".

Xatırladaq ki, Barak Obama rəhbərliyindəki keçmiş hakimiyyət Rusiyanı ABŞ-dakı prezident seçkisinə müdaxilə etməklə günahlandırmışdı. ABŞ Nümayəndələr Palatası və Senatının kəşfiyyat komitələri hələ də, bu versiyanın nə dərəcədə doğru olub-olmadığını araşdırır. Tillerson isə belə işlərlə baş qatmağın mənasızlığına, Rusiya ilə münasibətləri yaxşılaşdırmağın zamanının gəldiyinə eyham vurur.

Bilindiyi kimi, Tramp komandasında Rusiya ilə yaxın əlaqələrdə ən çox adı hallanan da elə Tillersondur. Onun Amerikanın ən böyük enerji şirkəti “EXXON”-un icraçı direktoru kimi Rusiyayla ciddi işgüzar əlaqələrinin mövcudluğu, hətta Putin dostu olduğu, ölkənin ən nüfuzlu mükafatını şəxsən Rusiya prezidentinin əlindən aldığı bildirilir və bu səbəblərə görə də siyasi karyerasına şübhə ilə yanaşılır.

Bu qədər kritik vəziyyətdə Tillersonun ABŞ-dakı son prezident seçkilərində rus barmağının olmasını və Moskvayla münasibətləri normallaşdırmağa çalışmasını etiraf etməsi xeyli təəccüblü görünür. Belə təsəvvür yaranır ki, Nümayəndələr Palatası və Senatın yaxınlarda açıqlanması gözlənilən araşdırmalarının inkaredilməz nəticələri Tillersona indidən bəlli olduğundan, dövlət katibi bəribaşdan “qara məni basınca, mən qaranı basım” fəlsəfəsinə sığınır və Moskva ilə münasibətlərin zəruriliyini, dünya və ABŞ üçün faydalılığını əsaslandırmağa çalışır.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 195          Tarix: 15-05-2017, 07:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma