Xəbər lenti

  

"Başa düşdüyüm qədəriylə, İranın Suriyanın cənub-qərb sərhədlərindən çəkilməsi məsələsində razılıq əldə olunub. Anlaşmanın nə dərəcədə yerinə yetirilib-yetirilməyəcəyini deyə bilmərəm, ancaq belə anlaşılır ki, tərəflər əldə olunan razılaşmadan məmnundurlar."

Ovqat.com xəbər verir ki, Rusiyanın BMT-dəki Daimi nümayəndəsi Vasili Nebenzya mətbuat nümayəndələriylə söhbətində belə deyib.

Neçə müddətdir ki, Rusiya, ABŞ, İordaniya, İsrail və İran arasında Suriyanın cənub sərhədlərində baş verən gərginliyin sona çatdırılması üçün danışıqlar aparılırdı. Danışıqların gedişinə aydınlıq gətirən  Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da Vasili Nebenzyanın fikirlərini təsdiqləyərək deyib:

"Suriyada İran və İsrail arasında yaşanan gərginliyi azaltmaq məqsədilə Rusiya, ABŞ və İordaniya arasında görüş keçirilib və razılaşma əldə olunub. İsrailə də razılıq prosesi haqqında məlumat verilib. Razılığa əsasən, Suriyanın cənub-qərb sərhədlərində gərginliyi azaltma regionunda sabitlik təmin olunmalı və Suriyalı olmayan bütün qüvvələr rayondan çıxarmalıdır".

 Suriyalı bir mənbə isə mətbuata açıqlamasında, Tanf bölgəsi də daxil olmaqla Suriyanın cənub sərhədlərinin Dəməşqin nəzarətinə keçməsi istiqamətində razılıq əldə olunduğunu bildirib.

İsraildə yayımlanan “Kanal-10” televiziyası da Rusiya və İsrailin Suriyanın cənub-qərb sərhədindəki bölgələrində nəzarətin yenidən rəsmi Dəməşq qüvvələrinin nəzarətinə keçməsi məsələsində razılığa gəldiyini irəli sürüb.

Göründüyü kimi, regionda maraqları olan güclərin İranın Suriya-İsrail sərhədlərindən çəkilməsiylə  razılaşdıqları müxtəlif qaynaqlar tərəfindən təsdiqlənir. Hələlik isə İran bu barədə öz mövqeyini açıqlamayıb. Əslində bu da başadüşüləndir. Bu zamana qədər həmin ölkə öz dövlət təhlükəsizliyini nəzərə alaraq Yaxın Şərqdə bulunduğunu iddia edirdi. İran rəsmilərinin fikrincə, özünə qarşı planlaşdırılan böyük müharibələri sərhədlərindən kənarda aparmaq daha məqsədəuyğundur və Tehran Suriyada, İraqda və digər ölkələrdə məhz bu müdafiə səddini qurmağa çalışır. İndisə həmin müdafiə səddini itirdiyini etiraf etmək həm də məğlubiyyətlə razılaşmaq deməkdir.

Bu gün əldə olunan razılaşmanın əsas qazananı isə İsraildir. Zira İsrail indiyə qədər öz təhlükəsizliyinin Suriya ilə sərhədlərində yerləşən İrana bağlı qüvvələr tərəfindən təhdid edildiyini irəli sürür və bölgədə hərbi əməliyyatlar keçirirdi. Son aylarda intensivləşən bu hücumlarda çox sayda İran hərbçisinin qətlə yetirildiyi, hərbi texnikalarının sıradan çıxarıldığı xəbərləri gəlirdi. Hətta ABŞ və bəzi Qərb dövlətlərinin Aralıq dənizinə böyük hərbi qüvvələrini göndərmələri və kimyəvi silahlara qarşı mübarizə iddiası ilə Suriyanı bombardıman etmələri də İsrailin təhlükəsizlik maraqları ilə izah olunurdu. Eynilə ABŞ-ın son zamanlar İrana qarşı təhdidkar tövrünün əsas səbəblərindən biri də məhz bu amillə əsaslandırılırdı.

Məsələ burasındadır ki, İranın böyük dövlətə çevrilmək layihəsi olan “Şiə hilalı”nın bir ucunun Livana, digər ucunun isə Yəmənə qədər uzanması nəzərdə tutulur  və rəsmi Tehran Suriyada, İraqda baş verən hadisələrdən istifadə edərək, sözügedən ayparanın şimal ağzını faktiki olaraq öz əlinə keçirmişdi. Beləcə, İsrailin paytaxına 50-60 km qədər yaxınlaşmışdı. Bu isə radarlara yaxalamayan alçaq uçuşlu raketlərin mənzili qədər məsafə demək idi və lazım gələndə Tel-əvivin rahatlıqla vurulması mənasına gəlirdi. İsrail də məhz bu təhlükəni ortadan qaldırmaq üçün nəyin bahasına olursa-olsun İranı bölgədən söküb atmaqda maraqlıdır. Bunun üçün öz strateji müttəfiqlərinin gücü hesabına hər tərəfdən İrana təzyiqlər etməyə çalışırdı.

Suriyadan gələn xəbərlər bu niyyətin artıq baş tutduğunu göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 642          Tarix: 2-06-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma