“Bəzi məmurlar, o cümlədən rayon icra başçılarının ard-arda səsləndirdikləri bəyanatlar ondan xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasının insan və vətəndaş hüquq və azadlıqları təsbit olunmuş müddəalarından və Yerli İcra Hakimiyyəti Orqanları haqqında Əsasnamədən xəbərsizdirlər. Dövlət məmuruna güllə atmaq dövlətə xəyanət etməkdir, güllələnməlidir və .s kimi izahı mümkün olmayan savadsız çıxışlar bir daha başçıların bir çoxunun yerində olmadıqları qənaətinə gəlməyə əsas verir”.
Ovqat.com xəbər verir ki, tanınmış ekspert Elçin Qurbanov Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərov barədə rəsmi şəxslərin səsləndirdikləri fikirləri şərh edərkən belə deyib.
Onun fikrincə, hər bir məmur hüquqa hörmət etməli və çıxışında qanunsuz tələblər dilə gətirməməlidir: Bu adamlar bilməlidirlər ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I bəndinə görə, Anayasada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II bəndinə əsasən isə, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Şərəf və ləyaqətin təhqiri, istər məmur, istərsə də digər şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur . Hər bir azərbaycanlı qulluq mövqeyindən asılı olmayaraq ilk növbədə vətəndaşdır. Məmur olmaq şəxsiyyəti vətəndaşlığın xüsusi statusu ilə təmin etmir. Bunu yalnız əmək fəaliyyəti kimi qiymətləndirmək lazımdır. Əksinə məmur ən nümunəvi şəxslər arasından seçilməlidir. Xüsusi zəngin əxlaqa sahib olmalıdır. Kobudluqdan, dəbdəbədən uzaq olmalıdır. Əgər məmur öz vəzifəsini layiqincə yerinə yetirmirsə, ictimai qaydalara və qulluq mövqeyinə zidd hərəkətlər nümayiş etdirirsə, davranış qaydalarını pozursa, insanların şərəf və ləyaqətini alçaldırsa, ona heç kəs söz deməməlidir; çünki məmurdur? Çox maraqlıdır, belə nəticələrə köklənən yersiz müdafiə tezisləri həqiqətən də ikrah hissi yaradır. Burada ədalətlilik, obyektivlik, bərabərlik və vicdan elementləri yoxdur. Məmur istədiyini edə bilər, amma onun özbaşnalığına heç kim müqavimət göstərə bilməz? Bu tamamilə səhv fikirdir”.
Elçin Qurbanovun fikrincə, məmur özbaşınalığına qanuni cəza vermək mümkün olmursa, istər-istəməz vətəndaşın qisas almaq hissi meydana çıxır: “Qisasçı üçün fərqi yoxdur ki, subyekt hansı vəzifəni daşıyır, iş yeri haradır və s. Bütün bunlar diskriminasiyadan doğur. Qanun qarşısında hər kəs bərabər olmalıdır. Məmur qeyri – etik hərəkətlərindən doğan şəxsi ədavətə görə vətəndaş tərəfindən cəzalanırsa, bu, heç vaxt dövlətə qarşı cinayət sayıla bilməz. Onda belə çıxır ki, məmur vətəndaşı dövlətin adından təhqir edir. Belə nəticələri dövlətin adı ilə qətiyyən bağlamaq olmaz. Dövlət şəxs deyil və onu şəxsiləşdirmək də olmaz. Bu kimi hallarda dövlətə qarşı ilk xəyanəti məmur etmiş olur, ona görə ki, hakimiyyətdən sui istifadə edir, vəzifə səlahiyyətlərini aşır, konstitusiya və qanunlarla müəyyən edilmiş normalara əhəmiyyət vermir və belə yaramaz hərəkətləri cəzasıq qaldığı üçün harınlayır, daha ciddi ziddiyyətlər yaradaraq siyasi hakimiyyətlə xalq arasına nifrət toxumu səpir. Əsl xəyanətkarlar belələridir.
Mən yenə də öz fikrimdə qalaraq qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyi məmur vətəndaş münasibətlərinə olduqca həssas yanaşmalı , səbəblərdən asılı olaraq məmurun deyil, daha çox vətəndaşın yanında olmalıdır”.
Paylaş: