
Özünü prezidentdən çox, yaramaz uşaq kimi aparan Donald Trampın “dəcəllik”lərinin qarşısını almaq üçün ABŞ dövlət orqanları çarəni onun kiminləsə tək başına görüşmələrini yasaqlamaqda gördü. Xüsusilə Rusiya prezidenti Vladimir Putinlə görüşmək Donald Trampa qadağan oluna bilər.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Konqresinə Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə birə bir görüşməsinə bir daha yol verməmək məqsədilə hazırlanmış qərar layihəsi təqdim olunub.
Konqresin alt qanadı Nümayəndələr Palatasının demokrat üzvlərindən Şeyla Cekson Li tərəfindən təqdim olunan layihədə Tramp ilə Putinin iyulun 16-də Helsinkidə həyata keçirdikləri görüşdəki kimi, otaqda yalnız iki lider və tərcüməçilərinin olduğu şəkildə görüşməsinin qarşısı alınması təklif edilir.
“RT”-nin əldə etdiyi qətnamə layihəsinin mətnində bu cür təmaslar gizli görüş kimi təqdim olunur və təkbətək danışıqlarda əldə olunacaq müqavilələrin etibarsız sayılmasının lüzumuna diqqət çəkilir.
Layihədə həmçinin, Putin və Trampın təkbətək görüşlərdə əldə etdikləri razılaşmaların etibarlı sayılması üçün Konqresin müzakirəsinə və təsdiqinə təqdim edilməsinin lazım olduğu bildirilir.
Qeyd edək ki, liderlərin Helsinki görüşü ABŞ-da birmənalı qarşılanmamışdı. Görüşün ardından demokratlar Trampın tərcüməçisinin belə sorğu-suala çəkilməsini tələb edəcək qədər irəli getmişdilər.
Bundan əlavə, Trampın Helsinski görüşündən sonra mətbuat konfransında dediyi bir çox sözlər Ağ evin müxtəlif rəsmiləri tərəfindən təkzib olunmuşdu. Hətta Trampın özünə belə bir fikrini təkzib etdirmişdilər.
Belə ki, Helsinkidə birgə mətbuat konfransında Putin ABŞ seçkilərinə müdaxilə etmədiklərini söyləmişdi. Tramp da çıxışında ona inanmamaq üçün heç bir səbəb olmadığı demişdi. ABŞ-a geri qayıtdıqdan sonra təkrar mətbuat mənsubları qarşısına çıxan Tramp Helsinkidəki çıxışında təsadüfən inkar şəkilçisini unutduğunu bildirməklə özü-özünü yalanlamışdı. Bu da Trampın kifayət qədər güclü olmadığı və ölkəsinin maraqlarını yaxşı müdafiə etmədiyi ittihamlarına yol açmışdı.
Təzyiqlər nəticəsində Putini bu il bitmədən Vaşinqtona dəvət edən Trump administrasiyası öz fikrindən vaz keçmiş və görüşü 2019-cu ilə təxirə salmaq məcburiyyətində qalmışdı.
Paylaş: