“1995-ci ildə görkəmli hüquqşünas Zakir Zeynalov Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasına sədr seçiləndə kabinetinə gedib onu təbrik etmək istədim. O isə mənim təbrikimi qəbul etmədi. Səbəbini İlyas İsmayılova edilmiş haqsızlıqda istəmədən rol oynaması ilə əlaqələndirdi. Dedi ki, heç vaxt seçkilərdə İlyas İsmayılova alternativ olmaq istəməzdim. Amma onunla eyni seçki dairəsindən deputatlığa namizədliyimi verməyə məcbur oldum. İndi nə deputat seçilməyin, nə də hansısa komissiyanın sədrliyinə gətirilməyim ürəyimcədir. Qazandığım uğurlara sevinə bilmirəm”.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş Maksim Musayev Ovqat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, ovaxtkı deputat həmkarı Zakir Zeynalov ömrünün sonuna qədər bunun mənəvi əzabını çəkib:
“Daha sonra rəhmətlik Zakir müəllim vitse-spiker seçildi. Mən yenə onu təbrik etmək üçün kabinetinə getdim. Zakir müəllim məni qapının ağzında qarşılayıb pəncərənin qarşısına qədər gətirdi. Pıçıltı ilə qulağıma yenə eyni sözləri dedi. Bildirdi ki, bu vəzifədə də özümü rahat hiss etmirəm. Yatsaydım, yuxuma da girməzdi ki, belə bir hadisə başıma gələ bilər. Nə deputatlıq, nə vitse-spikerlik, nə komissiya sədrliyi gözümə görünür. Təkcə onu fikirləşirəm ki, İlyas İsmayılova qarşı düzgün hərəkət etməmişəm”.
Qeyd edək ki, Zakir Zeynalov 1995-ci və 2000-ci illərdə Tovuz rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. 1995-ci ildə İlyas İsmayılovun alternativi olan Zakir müəllim mübahisəli seçki prosesi nəticəsində deputatlıq hüququ qazanmışdır. Onun vitse-spiker təyin olunması isə 2000-ci il seçkilərindən sonraya təsadüf edir. Maraqlıdır ki, həmin seçkilərdən qısa müddət sonra - 6 dekabr 2000-ci il tarixində Zakir Zeynalov 61 yaşında dünyasını dəyişib. Mərhumun vitse-spiker seçilməyinə sevinməməsi ömrünün sonuna qədər vicdan əzabıyla yaşamasını təsdiqləyir.
Maksim Musayevin əməkdaşımıza danışdığı digər bir əhvalat da İlyas İsmayılova dövrün ziyalıları və dövlət xadimləri tərəfindən göstərilən ehtiramı ifadə edir:
“Az.TV-nin keçmiş sədri Məmməd Muradın mənə dediyinə görə, 2000-ci ildə ömrünün son günlərini yaşayan Azərbaycan Kommunist partiyasının keçmiş I katibi Kamran Bağırova baş çəkməyə gedir. Mərhum Kamran müəllim ömrünün son anlarında belə, özündən çox, respublikanın halını düşünürmüş. O, Məmməd Murada İlyas İsmayılovdan muğayat olmağı vəsiyyət edib. Deyib ki, İlyas İsmayılov çox dəyərli vətənpərvərdir. Onun Respublika prokuroru olduğu illərdə Moskva eynilə Özbəkistandakı kimi Azərbaycanda da “pambıqla baş kəsmək” istəyirmiş. Respublikanın bütün rəhbərliyi , o cümlədən Kamran Bağırovun özü də bu təhlükə qarşısında aciz imişlər. Azərbaycanı gözənilən təhlükədən İlyas İsmayılovun qətiyyəti xilas edib. O, pambıq “prisiska”sını yoxlamaq adı altında respublikamıza gələn SSRİ Prokurorluğunun əməkdaşlarını geri qaytarıb”.
Paylaş: