Qlobal neft hasilatı oktyabr ayında əvvəlki aya nisbətən 20 min barrel artaraq, sutkada 100 milyon 720 min barrelə yüksəlib.
Ovqat.com xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (İEA) dünən açıqladığı aylıq neft hesabatında belə deyilir.
Hesabata görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) gündəlik xam neft istehsalı 200 min barrel artaraq, 32 milyon 990 min barrelə çatdırıb.
OPEK-in xam neft xaricindəki digər ənənəvi olmayan hasilatı isə sutkada 6 milyon 980 min barel olub. Beləliklə, təşkilatın ümumi neft hasilatı gündəlik 39 milyon 970 min barrelə yüksəlib.
Oktyabrda OPEK daxilində gündəlik hasilatı artıran ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Ölkədə gündəlik neft hasilatı 160 min barrel artımla 3 milyon 210 min barrel səviyyəsinə qalxıb. Maraqlıdır ki, OPEK-in dövri sədri olan BƏƏ Energetika naziri Suhail əl-Mazrouei hasilatı ən artıranlardan olmalarına baxmayaraq, dünənki mətbuat açıqlamasında neft bazarında qiymətləri tənzimləmək üçün yeni strategiyaların hazırlanmasını təklif edib. O, yeni strategiya deyərkən, hasilatın azalmasını nəzərdə tutduğunu gizlətməyib. Sözlə əməlin uzlaşmadığı bu mövqe ərəb ölkələrinin ikibaşlı oyun oynadıqlarından xəbər verir və hasilatın azaldılacağı ehtimalına kölgə salır. Bunun digər bir dəlili isə BƏƏ-dən sonra ən çox gündəlik hasilatı artıran ölkənin Səudiyyə Ərəbistanı olmasıdır: gündəlik 130 min barrel artımla 10 milyon 650 min barrel.
Hesabata görə, ötən ay OPEK-də ən çox hasilat azalması İranda baş verdi. İranın gündəlik neft hasilatı 100 min barrel azalaraq, 3 milyon 340 min barrelə enib.
Oktyabrda OPEK-dən kənar ölkələrin neft hasilatı isə ümumilikdə 60 milyon 750 min barel olub. Hesabata görə, bu il OPEK-dəm kənar ölkələrin neft hasilatı ötən illə müqayisədə gündəlik orta hesabla 2 milyon 400 min barrel artaraq, 60 milyon 300 min barrelə yüksəlib. 2019-cü ildə bu artımın davam edəcəyi gözlənilir: gündəlik hasilatın daha 1 milyon 900 min barrel artırılaraq, 62 milyon 300 min barrelə yüksəldiləcəyi təxmin olunur.
Hesabata görə, gündəlik tələbat isə hasilatın gerisində qalır. Hasilat 100 milyon 720 min barreldirsə, təlabat 99 milyon 200 min barreldir. Hardasa 1 milyon yarım barrel fərq.
Hesabatda 2019-cu ildə qlobal neft tələbatının 100 milyon 600 min barrelə yüksələcəyi proqnozlaşdırılırsa da, hasilatın da artacağı gözlənilir.
Bu il neft tələbatı siyahısına 34 milyon 800 min barellə Asiya-Sakit Okean regionu liderlik edir. Onu 31 milyon 900 min barellə Amerika qitəsi izləyir. Avropa qitəsi isə 15 milyon barrellə üçüncüdür.
Paylaş: