Xəbər lenti

  

İran Neft Naziri Bijen Namdar Zəngənə, ABŞ-ın keçən noyabr ayında Tehrana tətbiq etməyə başladığı sanksiyaların nəticələri ilə bağlı maraqlı açıqlamalar verib.

Ovqat.com-un xəbərinə görə, ISNA xəbər agentliyinə açıqlamasında nazir iqtisadi sanksiyaların İranı hətta 1980-ci ildən daha çətin vəziyyətə saldığını etiraf edib:

“Amerikanın sanksiyaları səbəbindən 1980-ci illərdəki İran-İraq müharibəsi dövrü ilə müqayisədə daha çətin vəziyyətə düşmüşük. Ancaq ABŞ-ın neft ixracatımızı sıfırlamasına icazə verməyəcəyik”.

Zəngənə qarşı-qarşıya qaldıqları çətinliyin səbəbini sanksiyalara getmək məcburiyyəti olmayan Avropa ölkələrinin də İranla ticari münasibətləri kəsməsiylə əsaslandırıb:

"Amerika Yunanıstana və İtaliyaya İranla ticarəti davam etdirmək sərbəstliyi tanıyıb. Buna baxmayaraq, hər iki ölkə İrandan neft almır, sorğularımızı cavabsız qoyurlar".

 Zəngənənin etirafına görə, Türkiyədən başqa heç bir Avropa ölkəsi İrandan neft almır.

ABŞ, ötən noyabr ayında İranın enerji və bank sektorlarını hədəfə alan sanksiyalar tətbiq etməyə başlarkən, səkkiz ölkəyə 180 günlük sərbəstlik tanımışdı. Vaşinqtonun İrandan müvəqqəti olaraq neft almağa davam etməsinə icazə verdiyi ölkələr Türkiyə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, İtaliya və Yunanıstan idi. ABŞ Prezidenti Donald Trampın neft qiymətlərində gözlənilən böyük yüksəlişin qarşısını almaq üçün ticarət sərbəstliyi tanıdığı bu ölkələrə satılan neft İranın “qara qızıl” ixracatının75%-ni təşkil edir.

Sözsüz ki, iqtisadiyyatı neft ixracatı üzərində qurulan İranın potensialının cəmi 25%-dən istifadə etməsinin böyük böhrana səbəb olacağı gözlənilən idi.

Üstəlik, neft nazirinin iddialarının əksinə olaraq, Türkiyə də artıq onlardan neft almır. Məlumata görə, ötən ilin noyabr ayında sanksiyalar tətbiq olunandan sonra Türkiyə İrandan neft alışını getdikcə azaltmış, bu ilin ilk günlərində isə ticari münasibərləri tamamilə dayandırmışdı. Bu isə həm də o deməkdir ki, cənub qonşumuzun iqtisadi vəziyyəti yaxın zamanlarda daha da pisləşəcək.




Ana səhifəyə qayıt        Baxış: 764          Tarix: 7-02-2019, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma