İran Milli Neft Şirkəti Rusiyanın “Qazprom” şirkət ilə müştərək əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə bu gün axşam Tehranda Neft Nazirliyinin binasında imzalanıb.
Müqaviləni İranın Milli neft şirkətinin baş direktoru Əli Kardor və Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller imzalayıb. İmzalama mərasimində İran neft naziri Bijən Namdar Zəngənə də iştirak edib.
Müqaviləyə əsasən, Rusiyanın “Qazprom” şirkəti “İran LNG” layihəsini təkmilləşdirməklə yanaşı həmçinin “Fərzad A və B”, “Şimali Pars” və “Kiş” qaz yataqlarının inkişafına dair hesabatı 2018-ci ilin ilk 3 ayında İran Milli Neft Şirkətinə təqdim etməlidir. İran LNG Şirkəti ildə 10 milyon ton istehsal potensialı olan bir zavoddur. “Qazprom” şirkəti ən gec 6 ay müddətinə layihənin maliyyə və texniki araşdırmasını aparacaq və bu zavodda sərmayə və pay şərikliyi üçün öz təklifini təqdim edəcək.
İmzalanma mərasimindən sonra Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller jurnalistlərə açıqlamasında İranla qaz sahəsində əməkdaşlıq üçün önəmli addım atıldığını bildirib.
“Bu gün dünyanın ən böyük qaz istehsalçısı və ixracatçısı ilə faydalı müzakirələr apardıq”, deyə İranın neft naziri Bijən Namdar Zəngənə jurnalistlərə bildirib. O qeyd edib ki, İran və Rusiya dünyanın birinci və ikinci ən böyük qaz istehsalçısı olaraq dünya bazarında həlledici rol oynayacaq.
Paylaş: