Aİ ABŞ-ın İrana sanksiya qərarına qarşı 1996-ci il tarixli "antisanksiya aktı”nı yenidən aktivləşdirəcək.
Ovqat.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Yan Klod Janker deyib: Onun bildirdiyinə görə, Avropa Komissiyası olaraq onların vəzifəsi Avropa şirkətlərini qorumaqdır: “Bu səbəbdən də sabah səhər saatlarından etibarən, 1996-ci il tarixli "antisanksiya aktının" yenidən qüvvəyə mindirmək prosesinə başlayacağıq”.
O, həmçinin, Avropa İnvestisiya Bankının Avropa şirkətlərinin İrana yatırdığı investisiyalara yardım etməyə qərar verdiyini bildirib: “Komissiya İranla əməkdaşlığa davam edəcək" .
Qeyd edək ki, bu aktı Kubaya tətbiq olunan ABŞ embarqolarını aşmaq üçün hazırlanmış, ancaq heç vaxt həyata keçirilməmişdi. Sənəddə nəzərdə tutulan tədbirlər Avropa Parlamenti (AP) və Aİ Şurası qarşı çıxmasa, 2 ay ərzində qüvvəyə minəcək.
Aİ ölkələrinin bütün səylərinə rəğmən, ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanan nüvə sazişindən çəkilmə və sanksiyaların yenidən tətbiqi qərarı ABŞ-da fəaliyyət göstərən Avropa şirkətlərinə də təsir göstərir.
Fransanın enerji nəhəngi “Total” və Danimarkanın nəqliyyat şirkəti “Maersk” ABŞ-ın sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlarını açıqlamışdı.
Digər tərəfdə Avropalı şirkətlərin İrandakı fəaliyyətlərinə son verməsi, hazırda İranın bir nömrəli ticarət tərəfdaşı olan Çinin önünü aça bilər.
Bir çox mütəxəssislər İranla imzalanan nüvə müqavilənin tərəflərindən biri olan Çinin, sanksiyalar sonrası ABŞ, Avropa və Yapon şirkətlərinin İrandan çəkilməsi yaranacaq boşluğu dolduracağını təxmin edirlər.
İran Neft Naziri Bijen Namdar Zəngənə “Total”ın qaz sahəsi Cənubi Pars 11 sahəsinin inkişaf etdirilməsi müqaviləsindən çəkilməsi halında, prosesi Çin Milli Neft Şirkətinin (CNPC) aparacağını bildirmişdi.
Paylaş: