Xəbər lenti

 

 

Süleyman Dəmirəlin “Seyid Əhməd”i

 

Ötən yazımızda qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində ABŞ-ın Dağlıq Qarabağ məsələsində güzəştə getməyimiz üçün bizə ən həlledici təsiri strateji müttəfiqimiz Türkiyə üzərindən olmuşdur. Bu məqsədlə hətta Türk millətçilərinin böyük lideri, “başbuğ” Alparslan Türkeşin də alicənablığından yararlanan erməni lobbiləri acından ölüm anı yaşayan və məğlubiyyətin astanasında dayanan Ermənistana 50 min ton buğda yardımında bulunmuş, sonrada rusların dəstəyi ilə Dağlıq Qarabağ tamamilə işğal edilmişdir. Beləcə, Elçibəy hakimiyyəti devrilmiş, hakimiyyətə Heydər Əliyev gətirilmiş və yaranan siyasi xaosdan istifadə edilərək Dağlıq Qarabağla yanaşı bu vilayətin ətrafındakı 7 rayonda ələ keçirilmişdir.

Sual oluna bilər: Bəs, Türkiyə hökuməti niyə həm də öz stareji maraqlarına zidd olan bu planda yer almışdır?

Zənnimizcə, bu suala birmənalı cavab vermək mümkün deyil. Hələ quruculuğunun ilk dövründə Azərbaycanın torpaq bütünlüyünün və suverenliyinin əleyhinə olan və indiyədək xarici dövlətlərdən asılılığını şərtləndirən bu vəziyyətin əmələ gəlməsində Alparslan Türkeş kimi türk siyasilərinin problemi sülh yolu ilə həll etmək və bəzi güzəştlərə getmək kimi saf və sadəlövh ümidlərii mühüm rol oynamışdır. Bununla yanaşı, Türkiyə hökumətlərinin ABŞ təzyiqlərini yumşaltmaq üçün ermənilərə güzəştə getmək məcburiyyətində qalmasını da istisna etmək olmaz. Görünən budur ki, usta siyasətçi Süleyman Dəmirəl bu iki fərqli yanaşmanın üst-üstə düşməsindən faydalanaraq “ilanı Seyid Əhməd əliylə tutmaq” taktikasına üstünlük vermiş, Türk millətçilərindən gələ biləcək təzyiqləri zəiflətmək üçün Alparslan Türkeşin “lobbiçiliyinə” yaşıl işıq yandırmışdır.

Türkiyə üç od arasında

İnsafən, Süleyman Dəmirəli də anlamaq çətin deyil. Məsələ burasındadır ki, 1990-cı illərin əvvəllərində Türkiyə-ABŞ arasında çox ciddi gərginliklər yaşanır, erməni, Şimali Kipr, kürd məsələləri Ankaranın qarşısında müttəfiqliyin davam etdirilə bilməsi üçün şərt kimi qoyulurdu. Türkiyə bu problemlərdən bəzilərində güzəştə getmədən hərbi və iqtisadi yardımlardan tamamilə məhrum edilə bilərdi. Ankara isə erməni məsələsini  ən təhlükəsiz güzəşt kimi qəbul edir və bəzi “pozitiv” addımlar atmağa çalışırdı. Öz dövlət maraqları baxımından hardasa haqsız da deyildi. Yunan və kürd məsələsində veriləcək güzəşt onun öz sərhədləri daxilində qalacaqdı. Erməni açılımının təsir dairəsi isə Türkiyə sərhədlərindən xeyli kənarda idi və bu region Ankaranın nəzarəti altında deyildi. Dolayısıyla, Türkiyə güzəştə getməsə belə, Cənubi Qafqazda öz milli maraqlarını istədiyi kimi qoruya bilməyəcəkdi.

Üstəlik, qarşısında perspektiv geosiyasi məkan kimi açılan bu regiona sülhpərvərlikdən kənar müdaxilələr onu yaxın təhdid olaraq gördüyü Rusiya ilə qarşı-qarşıya gətirərdi. Ənənəvi dostları da yanında olmadığından Türkiyənin erməni məsələsində güzəştə getməkdən başqa çarəsi yox idi.

 

1990-cı illərdə ABŞ-ın “Erməni soyqırımı” kartı

Türkiyəyə ənənəvi dostlarından təzyiqlər də yeni deyildi. Qardaş ölkə Şimali Kiprə hərbi müdaxilə etdikdən sonra ABŞ-dakı yunan və erməni lobbiləri birləşmiş və Ankaraya ciddi siyasi təzyiqlər başlamışdı. İlk əvvəl 1970-ci illərin ortalarında başlayan türk diplomatlarına qarşı terror hadisələri daha sonra öz yerini siyasi basqılara buraxmışdı. Xüsusilə SSRİ-nin dağılması ilə Türkiyə ABŞ qarşısındakı geopolitik əhəmiyyətini itirdiyi illərdə erməni lobbilərinin aktivliyi də artmışdı. İlk ciddi təzyiq 1989-ci ildə başlamışdı. Türkiyə əleyhdarlığı ilə seçilən senator Bob Dol həmin il “erməni soyqırımı" qətnamə layihəsini Senatın gündəminə gətirmiş və ciddi mübarizəyə başlamışdı. Tarixdə ilk dəfə qətnamə həmin il Senatın Xarici Əlaqələr Komitəsindən də keçmişdi. Sənədin qəbulu ən son mərhələdə ikən, Türkiyənin yəhudi lobbisi ilə qurduğu əməkdaşlıqlar son anda qətnamənin qəbulunu əngəlləmişdi. Amma bu əngəlləmə çox çətin başa gəlmişdi. Belə ki, B.Dolun hazırladığı, Cozef Bayden, Con Makkeyn kimi senatorların isə ciddi şəkildə dəstəklədiyi qətnamə layihəsi 61 senatorun imzasıyla müzakirəyə çıxarılmışdı. Senatın 100 senatordan təşəkkül tapdığını nəzərə alsaq, bu sayın özü belə səsvermə zamanı sənədin keçməsi üçün kifayət edərdi. Ən acınacaqlısı isə budur ki, o dövrün ABŞ prezidenti Corc Buş da veto hüququndan istifadə etməyə çalışmırdı. Üstəlik, B.Dol Corc Buşla eyni siyasi təşkilatın – Respublikaçılar partiyasının üzvü idi. Bu fakt “erməni soyqırımı” qətnamə layihəsinin iqtidar partiyası tərəfindən dəstəkləndiyi təəssüratı yaradırdı.

 

Qətmanənin qəbulunda “qıl payı”

Türkiyəni bu vəziyyətdən Demokrat Partiyasının nümayəndəsi senator Robert Birdin lobbiçiliyi qurtardı. Türkiyənin ABŞ səfirliyinin təmas qurduğu R.Bird Demokrat Partiyasının nümayəndələrinin bir qismini geri çəkilməyin vacibliyinə inandıra bildi. Qətnamə layihəsinə əvvəl 61 senator dəstək verirdisə, sənəd 1989-cu ilin sentabr ayında Senatın Ədalət komitəsinə təqdim olunanda bu say artıq 54-ə düşmüşdü. Robert Birdin ciddi səyləri nəticəsində Senatın digər nüfuzlu üzvü – Silahlı Qüvvələr Komitəsinin sədri Sam Nunnun açıq şəkildə Türkiyəni müdafiə etməsi ilə qətnamə layihəsini dəstəkləyənlərin sayı daha da azaldı. Sənəd Senatın Baş Assambleyasına 46 senatorun imzasıyla təqdim olundu. İlk səsvermədə Türkiyə “erməni soyqırımı” təzyiqindən “qıl payı” qurtuldu: Leyhinə-49, əleyhinə-49, bitərəf-2.  1990-cı ilin 27 fevralında keçirilən təkrar səsvermədə isə qazanan Türkiyə oldu. Leyhinə-48, əleyhinə-51, bitərtəf-1.

 

İqtisadi və hərbi asılılıq

 

Beləcə, aslan ağzından canını qurtaran Türkiyə ABŞ-ın sərt üzünü görmüş və güzəştlərə hazır hala gəlmişdi. Ən pisi isə o idi ki, Türkiyə təkcə siyasi basqılarla da üz-üzə deyildi. O, həm də erməni və yunan lobbiləri tərəfindən iqtisadi sanksiyalarla da üzləşmə təhlükəsi altında qalmışdı. Söhbət 1980-ci ildə ABŞ-la imzalanan və bir il sonra qüvvəyə minən Müdafiə və İqtisadi Əməkdaşlıq Müqaviləsindən (SEİA) gedir. Müqaviləyə görə, Türkiyə ABŞ-a öz torpaqlarında hərbi bazalar açmağa icazə verəcək, ABŞ isə bunun müqabilində Türkiyəyə müdafiə və iqtisadi inkişaf məqsədilə finansal yardımlarda bulunacaqdı. Əslində 5 illiyinə bağlanan bu müqabilə daha sonra 1990-cı ilə uzadılmışdı. Erməni məsələsinin yenidən gündəmə gətirildiyi dövrlərdə SEİA-nin yenidən uzadılması müzakirə olunurdu və bu işdə də qardaş ölkənin əlinə-ayağına ən çox ilişən də yenə eyni  senatorlar idi: B.Dole. C.Bayden, Con Makkeyn və s.

 

Yarım milyard dolların kəraməti

 

Əleyhdarlarının bütün səylərinə baxmayaraq, Türkiyə 1990-cı ildən etibarən hər il bu müqavilənin yenilənməsinə nail ola bildi. Təbii ki, bəzi güzəştlərin sayəsində. 1990-cı ilin 11 sentyabrında ABŞ Konqresində etdiyi çıxışında prezident Corc Buş ölkəsinin Fars körfəzindəki hədəflərini açqladı və Misirlə Türkiyəyə “alicənab” yardımlar verəcəklərini bildirdi. 1991-ci ilin yanvarında bu məqsədlə Türkiyəyə gələn ABŞ dövlət katibi Ceyms Baker Ankaradan körfəz əməliyyatında hərbi dəstək istədi, bunun müqabilində isə ciddi finans dəstəyi sözünü verdi. Vəd edilən yardım isə 550 milyon dollar idi. Amma bu qədər kiçik məbləğ belə erməni və yunan lobbiləri tərəfindən çox görülür, Vaşinqton yönətimindən həmin vəsaitlərin yardım kimi yox, kredit kimi verilməsi tələb olunurdu. Türkiyə isə bunu kredit kimi alıb ABŞ-a borcunu daha da artırmaq istəmirdi. Halbuki, həmin illərdə ABŞ Körfəz müharibəsinə dəstək verən dövlətlər üçün 64 milyard dollar ayırdığını açıqlamış və şəxsən Ceyms Baker bu məbləğin 14 milyardının Türkiyə və Misirə veriləcəyini bildirmişdi. Əslində isə Türkiyəyə ayrılan real hərbi dəstək yarım milyard dollardan bir qədər çox idi.

 

Erməni lobbisinin dəstəklədiyi senatorların müxalifliyini zorla aşmağı başaran Türkiyə, nəhayət ki, bu mütəvazi yardımları ala bildi. 1991-ci ildə bu yardım 550 milyon dollar idisə, 1992-ci ildə həmin məbləğ cəmi 150 milyon artırıldı. 1993-cü ilin büdcə müzakirələrində isə aralarında C.Baydenin də bulunduğu Türkiyə əleydarı senatorlar sayəsində bu məbləğ daha da azaldılmışdı. Büdcə layihəsində Türkiyəyə qrant olaraq 543 milyon dollar hərbi, 75 milyon dollar iqtisadi yardım verilməsi nəzərdə tutulmuşdu. Konqresdə və Senatda maneələrlə qarşılaşan yardım paketi əvvəl dəyişdirilmiş, hərbi kredit olaraq ən çox 450 milyon dollar səviyyəsində faizli kredit verilməsi planlaşdırılmışdı. Daha sonra Senatın Baş Assebleyasında bu dəstək yenidən qranta çevrilmişdir.

Bu həmin Cozef Baydendir ki...

Bir sözlə, Türkiyə 1993-ci ilə bu cür ağır basqılara məruz qala-qala gəlmişdi. Bütün basqıların mərkəzində isə gələn ildən ABŞ-a prezidentlik etmək istəyən Cozef Bayden dayanırdı. Bu həmin C.Baydendir ki, ermənilərə buğda yardımından 10 il sonra da türk düşmənliyindən əl çəkməmiş, bir qrup senatorla birlikdə 2003-cü ildə ABŞ prezidenti Corc Buşa açıq məktub yazaraq “erməni soyqırımını tanı” deyirdi. Bu həmin C.Baydendir ki, ermənilərə dəstəklə kifayətlənməyib Kipr məsələsində də Türkiyənin əsas başağrısına çevrilmişdi. 1999-cu ildə ABŞ-a səfər edən Türk rəsmilərinin önünə çıxıb onları aşağılayaraq “Siz bizə möhtacsınız” deyə bağırırdı. Həmin bağırtı səsləri türk mətbuatına bu cür düşmüşdü:

“Əcəvit və Cem (Baş nazir Bülənd Əcəvid və Xarici İşlər naziri İsmayıl Cemdən gedir-H.O) ABŞ-a gedir, siyasətin öndə gələn isimləri ilə görüşürlər.

 Bayden da zaldadır. Söz alır və bu dialoq baş verir:

 Bayden: Siz ABŞ-a möhtacsınız. Ancaq ABŞ-ın Türkiyəyə ehtiyacı yox. Kredit ehtiyacınızın da olduğunu bilirəm. Kipr problemini həll edin, tələb olunanları yerinə yetirin, sizə yardımçı olaq. Əks təqdirdə heç bir yerə vara bilməyəcəksiniz.

Cem: Kiprdə bir yerə varmasaq varayaq. Buraya ovuc açmağa gəlməmişik.

Əcəvit: Kipr məsələsi 1974-ci ildə bitmişdir. Anladınızmı, cənab Senator?

 

Lobbi, yoxsa nökərçilik?

 

Bu həmin Cozef Baydendir ki, ABŞ-ın vitse-prezidneti olanda belə, Ermənistana gedib “soyqırım” abidəsinin qabağında baş əymək eşqinə düşmüşdü. Ümumiyyətlə, bu adam özünü erməni vurğunu kimi aparmaqla qalmır, az qala, nankor qonşularımız qarşısında nökər kimi davranmaqdan da çəkinmirdi. Onun bir müddət əvvəl Münhendə düzənlənən Təhlükəsizlik konfransında Ermənistan prezidenti Armen Sarkisyanla üz-üzə gələrkən səsləndirdiyi fikirlər nökərçiliyin rəsmən etirafı kimi səslənmış və dünya tərəfindən heyrətlə qarşılanmışdı. Məlumata görə, erməni prezidentinin yanından keçən Cozef Bayden dərhal geri dönmüş və ondan üzr istəyərək demişdi:

"Salam Cənab Prezident, qüsura baxmayın, yanınzdan sizi fərq etmədən keçdim".

Armen Sarkisyanın ona cavabı isə yumordan daha çox, “ağayanalığı” ilə seçilirdi:

"Bəli, yanımdan elə keçə bilməzsiniz".

Baydenin ən təhlükəli tərəfi

Cozef Baydenin Türkiyə və Azərbaycan üçün ən təhlükəli tərəfi onun təkcə ermənilərə və yunalara lobbiçilik etməsi deyil. O, yeni zamanda yəhudi və yunan lobbiçisi kimi tanınır. Hətta çıxışlarının birində özünü sionist adlandırmaqdan belə çəkinməyən Baydenin bu sözləri məşhurdur: “Mən sionistəm. Sionist olmaq üçün mütləq yəhudi olmağa gərək yoxdur”.

Məsələ burasındadır ki, Azərbaycan və Türkiyə bu zamana qədər erməni lobbisinin milli maraqlarımıza zidd siyasətlərini zərərsizləşdirmək üçün yəhudi lobbisinin imkanlarından faydalanırlar. Ermənilərin yanında salam vermədən keçməyi belə, özünün utancı sayan C.Bayden eyni zamanda yəhudi lobbisinə yaxınlığı ilə seçilir və bu bizim əsas silahımızın əlimizdən çıxmasına səbəb ola bilər.

II yazının sonu

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 002          Tarix: 9-07-2019, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma