
Türkiyənin Şimali Suriyada düzənlədiyi “Sülh bulağı” əməliyyatı 3-ci gününə qədəm qoyub.
Ovqat.com Türk Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, əməliyyat başlayandan indiyədək 277 terrorçu zərərsizləşdirilib, bunlardan 49-u bu gecə yürüdülən əməliyyat zamanı öldürülüb.
TSQ-nın dünən axşam yaydığı məlumata görə, indiyədək ən azı 11 kənd terrorçulardan təmizlənib.
Qısa zaman ərzində əməliyyatın bu qədər tez irəliləməsi və qarşı tərəfin xeyli itkiylə üzləşməsi 3 səbəblə əsaslandırılır.
Səbəblərdən biri digər əməliyyatlarla müqayisədə “Sülh bulağı”na Türk ordusu daha çox hərbi qüvvəylə başlamasıdır. Döyüşlərdə konkret nə qədər əsgər və hərbi texnikanın iştirak etdiyi bildirilməsə də, onun Türk ordusunun 1974-cü ildə gerçəkləşdirdiyi Kipr müdaxiləsindən sonra ikinci böyük xarici hərbi əməliyyatı olduğu vurğulanır.
Əməliyyatın uğurlu alınmasının digər səbəbi isə Türk ordusunun qədəm qoyduğu ərazilərdə yerli sakinlərdən aldığı dəstəklə izah edilir. Sirr deyil ki, artıq neçə ildir, ABŞ tərəfindən dəstəklənən PKK/YPG qruplaşması kürdlərin yaşamadığı bölgələri də işğal etmiş və dinc sakinlərə işğalçı münasibət bəsləyirdi. Məlumatlara görə, PKK/YPG-nin Suriyanın hardasa 1/3-ni ələ keçirməsinə baxmayaraq, həmin ərazilərin az qismində kürdlər məskunlaşmışdılar. İşğaldan sonra isə yerli ərəblər və türkmənlər PKK zülmünə məruz qalır, bir çoxları ya yaşadıqları ərazilərdən çıxarılır, ya da boyun əyməyə məcbur edilirdilər. Bu da istər-istəməz yerli sakinlərdə işğalçılara qarşı nifrət hissini körükləyirdi.
İnsafən, Şimali Suriya sakinləri arasında bu nifrət toxumunun səpilməsinin əsl günahkarı kürd separatçıları da deyildi. Bölgədə ərazi anlaşılmazlığının yaranmasının tarixi kökləri var və bu konfliktlərin tarixi Hafiz Əsəd hakimiyyətinin ilk dövrlərinə qədər uzanır. Belə ki, Hafiz Əsəd Şimali Suriyanı əldə saxlamaq üçün bölgə ən azı 6 kantona (rayon) bölmüş, kürdlər və türkmənlərin kompakt yaşadığı ərazilərin arasına ərəblər yerləşdirmişdi. Ata Əsədin bu siyasətinin əsas məqsədi isə kürdlər arasında torpaq bütövlüyünü yox etmək və beləcə, hələ o zamanlarda gündəmə gətirilən Şimali İraqdan Aralıq dənizinə qədər “Kürdüstan” proyektinin qarşısını almaqdı.
ABŞ-ın Suriyaya müdaxiləsindən sonra aktivləşdirilən “Kürdüstan” layihəsini həyata keçirmək üçün kürd separatçıları ərazi bütünlüyünü təmin etmək məqsədilə uzun illərdən bəri bu coğrafiyada yaşayan digər etnikləri öz yurd-yuvalarından didərgin salmalı və Aralıq dənizinə qədər bütün torpaqları özününküləşdirməli idilər və bir çox kantonlarda bunu etməyə başladılar. Bu siyasətin həyata keçirilməsi isə bölgənin digər xalqları ilə kürd separatçıları arasında onsuz da əvvəlcədən movcud olan ziddiyyətləri artırdı. Nəticədə Türk ordusunun bölgəyə müdaxiləsi Şimali Suriyanın narazı salınmış əhalisinin ən böyük arzusuna çevrilmişdi.
Təsadüfi deyil ki, Türk ordusu Fərat sayının şərqində irəlilədikcə bölgənin digər kantonlarından da bu hərbi müdaxiləni dəstəkləyən mesajlar gəlməkdədir. Bunu sosial şəbəklərdə paylaşılan bir divar yazısı şəkili də təsdiqləyir. Şimali İraqdan paylaşıldığı iddia edilən həmin divar yazısı fotosunda Türk ordusu Münbiçə dəvət edilir və ondan yardım istənilir.
"Biz Münbiçlilər 1918-ci ildən etibarən Türk qardaşlarımızı gözləyirik. PKK-nı buradan çıxarın. Ey Ərdoğan, İslam ümmətini xilas et!" – divar yazısında belə yazılıb.
Bununla belə, Türk ordusunun bu sürətli irəliləyişinin kürdlərin yaşadığı şəhər və kəndlərdə daha çətin olacağı bildirilir.
Türk ordusunun Şimali Suriyaya düzənlədiyi əməliyyatlardan daha çox qüvvə ilə “Sülh bulağı” hərbi hərəkatına başlaması və tez bir zamanda məsələnin həllinə çalışması beynəlxalq təpkilərlə izah olunur. Artıq bir çox beynəlxalq quruluş və dövlətlərdən bu cür reaksiyalar gəlməyə başlayıb. Üstəlik, Türkiyə prezidentinin bir aydan sonra ABŞ-a səfəri gözlənilir. Görünür, daha artıq beynəlxalq təpkiləri üzərinə çəkməmək üçün Türkiyə “Sülh bulağı”ndan bir an öncə “qələbə suyu” içməyə çalışır.
Ovqat.com
Paylaş: