Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti, eləcə də internet istifadəçilərinin sayı haqqında danışıb.
Yeni Azərbaycan Partiyasının (YAP) saytında yazılan məlumata görə, prezidentin köməkçisi deyib ki, ölkədə internet mediası fəaliyyətini uğurla davam etdirir.
“Hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə, Azərbaycan dünya ölkələri arasında birinci sıralardadır”, – deyə o, bildirib.
“Fakt Yoxla” Əli Həsənovun dediklərinin doğru olub- olmadığını yoxlayıb.
İnternet istifadəçilərinin statistikası, sosial media və internet bazarı üzrə ixtisaslaşan “internetworldstatus.com” saytının 2019-cu ilin iyununa olan məlumatına görə, Azərbaycan əhalisinin 79,8 %-i (7 991 630) internetdən istifadə edir.
200-dək ölkə üzrə iqtisadi götəriciləri dərc edən “theglobaleconomy.com“saytı isə yazıb ki, Azərbaycan internet istifadəçilərinin sayına görə 194 ölkə arasında 48-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ilk sıralarda Andorra, Bermuda, İslandiya, Lixtenşteyn, Küveyt, Lüksemburq, Faroe adaları, Aruba, Danimarka və Monako durur. Bu ölkələrdə internet istifadəçilərinin sayı 97 faizdən yuxarıdır.
Azərbaycanda internet istifadəçilərinin sayı yuxarı olsa da, internet azadlıqları ilə bağlı göstəricilər çox aşağıdır. “Freedom House” təşkilatının “Freedom on the Net 2019” hesabatına görə, Azərbaycan 39 xalla internetin azad olmadığı ölkələr sırasına düşüb. Halbuki, bir il öncəki hesabatda Azərbaycan internetin qismən azad olduğu ölkələr sırasında yer alırdı.
“Freedom House” Azərbaycan üzrə hesabatın detallarını açıqlamayıb. Təşkilatın 2018-ci ilə dair hesabatına görə, Azərbaycanda ən çox pozuntu internet istifadəçilərinin hüquqları ilə bağlı olub. Daha sonrakı sırada dərc olunan materialların məzmununa qoyulan məhdudiyyətlər və internetə çıxış imkanlarına maneələr gəlir.
Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti onlayn nəzarəti əlində saxlamaq məqsədilə xarici ölkələrdən gətirilən avadanlıqlardan istifadə edir. “Qurium” Media Fondunun proyekti olan “Virtual Yol” yazıb ki, hökumət 2015-ci ildə İsrailin “Allot Communications” şirkətindən 3 mln. dollara internet istifadəçilərinə nəzarət edən aparat alıb.
Bundan başqa 2017-ci ilin yanvarında “abzas.net”, “cumhuriyyet.net”, “azadlıq.info” saytlarına kiber hücumlar qeydə alınıb. Məlum olub ki, hücumların gəldiyi İP şəbəkələrində Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və Nəqliyyat Nazirliyinin email serverləri yerləşib. Araşdırmada deyilir ki, böyük ehtimalla hücumlar Nəqliyyat Nazirliyindən olub. Hücumlardan 1 ay sonra bu nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib.
Hökumət müxalif və tənqidi saytlara çıxışı da məhdudlaşdırıb. Bloklanan saytlar arasında Azərbaycanın hökumət rəsmiləri haqqında korrupsiya faktlarını ortaya çıxardan baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə layihəsi (OCCRP) də var. Girişin məhdudlaşdırıldığı xəbər saytları arasında Azadlıq Radiosu, “Azadlıq” qəzeti, “Turan” Tv, “Azərbaycan saatı” proqramı, “xural.com” və “bastainfo.com” saytları da var. Qeyd edək ki, “OCCRP” istisna olmaqla yerdə qalan saytlar məhkəmə qərarı ilə bloklanıb.
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” Qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.
Bu dəyişikliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) saytları məhkəmə qərarı olmadan bloklamaq səlahiyyəti verib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna görə, NRYTN girişin məhdudlaşdırıldığı saytların siyahısını dərc etməli, saytların bağlanma səbəbini göstərməlidir. Amma nazirlik qanunun tələbinə əməl etməyib.
Bloklanan media portallarının sayı yuxarıda qeyd olunanlarla bitmir. İyulun 22-də “Turan” agentliyi, “Press-Klub” və Azərbaycan Jurnalistlər Birliyinin milli mətbuat günü münasibətilə təşkil etdiyi forumda media üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda ümumilikdə 60 resurs bloklanıb, onların yalnız 7-si haqqında məhkəmə qərarı var.
İnternetə məhdudiyyətlər saytların bloklanması ilə də yekunlaşmayıb. Müxalifətin mitinq keçirdiyi ərazilərdə internetin sürətinin zəiflədiyi müşahidə olunub. Son illərdə paytaxtda, xüsusilə də “Məhsul” stadionunda keçirilən mitinqlər zamanı həmin ərazidə internet məhdudlaşdırılıb. Buna görə media orqanlarının mitinqdən canlı yayım etməsində çətinliklər yaranıb.
Ən son belə hal oktyabrın 19-da bir sıra müxalif qüvvələri birləşdirən Milli Şuranın metropolitenin “28 may” stansiyası yaxınlığında elan etdiyi mitinq zamanı baş verib. Bu hal ABŞ-ın Azərbaycandakı səfirliyinin və Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviçin bəyanatında da pisənilib.
Bu, jurnalistlərin, ictimai fəalların internetdən istifadəsinə yaradılan ilk maneə deyildi. 2017-ci il fevralın 6-da Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilirdi. Dinləmələrə internet üzərindən qatılmalı olan jurnalist Xədicə İsmayılın yaşadığı evin işığı və interneti kəsilmişdi. Bu barədə feysbuk postunda yazan jurnalist bildirmişdi ki, evinin yaxınlığında bir radarlı maşın dayanıbmış.
Son illər feysbukda prezident İlham Əliyevi təbliğ edən xeyli profillər açılıb. Trollar adlanan belə profillər saytlardakı yazılara müdaxilə edə bilməsələr də, müstəqil media qurumlarının sosial media hesablarında paylaşılan, eləcə də prezidentin tənqidçilərinin yazdığı postları kütləvi şəkildə şikayət edərək sildirmək imkanlarına malikdirdlər.
Oksford Universitetinin “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni, Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatında Azərbaycan hökumətinin siyasi manipulyasiya məqsədi ilə real olmayan sosial şəbəkə profillərindən istifadə etdiyi qeyd olunub.
Beləliklə, Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 80%-ni əhatə etsə də, onların internet resurslarına çıxışında hökumət strukturlarının yaratdığı maneələr var. Əli Həsənovun internet istifadəçilərinin sayı ilə bağlı dedikləri doğrudur, amma Azərbaycan bu göstəici üzrə ilk yerlərdə deyil.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əli Həsənovun dedikləri yanlışdır.
Ovqat.com-un musiqili-şeirli əlavəsi:
“Faktla yola”nın bu ifşası Türkiyənin mərhum müğənnisi Kayahanın məşhur mahnısında səsləndirdiyi bir misranı yada salır:
“Yılandan korkmam yalandan korktuğum kadar”
Dövlət adamlarına yalanın yaraşmadığını qeyd edərək, Kayahanın ifasında həmin şeiri nəzərlərinizə çatdırırıq:
Paylaş: