“1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi”.
Ovqat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu sözləri Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitindəkı nitqində deyib.
Prezident çıxışında 27 il bundan əvvəl qurulmuş AXCP-Müsavat hakimiyyətinin fəaliyyətini tənqid edərək həmin dörü tariximizin qara ləkəsi adlandırıb: “Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi...”
Maraqlıdır, bəs görəsən, mərhum Heydər Əliyev həmin dövrü necə xarakterizə edirdi?
Araşdırmamız nəticəsində Heydər Əliyevin həmin dövrdə AXC ilə bağlı səsləndirdiyi bir neçə fikirlə qarşılaşdıq. Bunlardan biri mərhum siyasi xadimin 5 sentyabr 1991-ci ildə məşhur Nehrəm görüşündə söylədiyi sözlərdir. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra seçiçiləri ilə görüşən Heydər Əliyev deyir:
“... Ancaq gəlin, bir həqiqəti deyək. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Xalq Cəbhəsi, Naxçıvan Xalq Cəbhəsi yaranan vaxtdan demokratiya uğrunda mübarizə aparıb. Azərbaycan Kommunist Partiyası və onun mürtəce rəhbərliyi – Vəzirov, Mütəllibov başda olmaq şərtilə bütün demokratik hərəkatları boğub. Bu, həqiqətdir”.
(Video-görüntünün 7.17-7.44-cü dəqiqələri)
Təsbit etdiyimiz digər fakt Heydər Əliyevin həmin deputat seçkilərindən sonra dəyərli ictimai xadim və fikir adamı Rauf Zeyniyə verdiyi müsahibədir. Rauf bəyin “Bir ağsaqqal kimi bu gün AXC-nin öncülləri haqqında fikriniz nədir və onlara nə tövsiyə edərdiniz” sualına Heydər Əliyev belə cavab verib:
“-AXC haqqında mənə hər yerdə sual verirlər. Mən hələ Moskvada olanda da, Azərbaycana, Naxçıvana gələndən sonra da bütün görüşlərimdə, mitinqlərdə və başqa yığıncaqlarda bu haqda suallar veriblər. Mən həmişə demişəm və indi də öz fikrimdə də qalıram ki, AXC yeni yaranmış demokratik, siyasi bir qüvvədir, mən bunun gələcəyini görürəm, siyasi gələcəyini görürəm. Mən belə hesab edirəm ki, hər bir xalqını sevən adam gərək bu hərəkatın inkişaf etməsinə kömək etsin və ona şərait yaratsın.
Burada-Naxçıvanda Xalq Cəbhəsinin bir çox üzvləri ilə tanış olandan sonra və xüsusən NMR-nın Ali Məclisinin bütün yığıncaqlarında şahidi olmuşam ki, Xalq Cəbhəsində azərbaycan xalqına çox sədaqətli, dəyərli, ağıllı, bacarıqlı, xalqın aqibəti haqqında düşünən adamlar var və onlara kömək etmək lazımdır. O ki qaldı öncüllərə, mən bilmirəm indi Xalq Cəbhəsinin öncülləri kimdir. Əgər öncüllərinə mənim tövsiyəmi bildirmək istəsəniz mən çox arzu edərdim ki, onlar hamısı ayıq olsunlar, heç bir şeydən qorxmasınlar, çəkinməsinlər. Öz əqidələrini heç nəyə satmasınlar, təmiz olsunlar, pak olsunlar, xalqın qarşısında vicdan təmizliyini həmişə qorusunlar və ən nəhayət bir olsunlar. Çünki Xalq Cəbhəsinin sıralarında milli birlik, mənə belə gəlir ki, bu təşkilatın gələcəyini təmin edən əsas məsələdir”.
https://modern.az/az/news/151310
Heydər Əliyevin həmin dövrlərdə AXC-nin fəaliyyətini yüksək qiymətləndirməsinin 3-cü dəlili 1990-cu ildə folklorşünas alim və jurnalist Əli Şamil bəyə verdiyi müsahibədir. Müsahibənin mövzuyla bağlı hissəsi:
“-Xalq cəbhəsinə münasibətiniz?..
H.Əliyev: — Mənə bu sualı çox verirlər. Daha çox isə xarici müxbirlər bu sualla müraciət etməyi çox sevirlər. Çünki, Azərbaycanda Xalq Cəbhəsi yarananda, geniş xalq hərəkatı başla- yanda Azərbaycanın rəhbərliyi özünün zəifliyini, bacarıqsızlığını Moskva qarşısında, Qorbaçov qarşısında müəyyən dərəcədə bəraətləndirmək məqsədilə, özlərini yaxşı göstərmək üçün belə bir şaiyə yaymışdılar ki, guya Azərbaycanda xalq hərəkatına mən başçılıq edirəm.
Mən bununla fəxr edirəm. Demək onlar mənim gücümdən ehtiyat edirlər. Bu məndə yaxşı hisslər oyadır. Əgər Əliyev, hansı ki, indi Moskva rəhbərliyi böyük təzyiq altında saxlayır və ədalətsiz olaraq ləkələmək istəyir, ürək xəstəliyi keçirib, səhhəti də müəyyən dərəcədə zəifləyib, Moskvada belə bir iqtidara malikdirsə, deməli Əliyevin gücü hələ var.
Həqiqətə qalsa isə mənim Xalq Cəbhəsi ilə heç bir əlaqəm olmayıb. Onun rəhbərləri də mənimlə əlaqə yaratmaq fikrinə düşməyiblər. Lakin onu deyim ki, bu əsil xalq hərəkatıdır. Böyük bir qüvvədir. Bu hərəkat xalqın dərin qatlarından çıxan hərəkatdır. Ola bilər ki, bu demokratiya tam demokratiya deyil. Ancaq müəyyən şəraitə görə daxili hissiyatların biruzə verilməsidir. Mənə belə gəlir ki, bu hərəkat, AXC Azərbaycan torpağında çox tə’sirli qüvvədir. Bu qüvvə ilə hesablaşmaq lazımdır. Bu qüvvə ilə hesablaşmayan adam, demək həyatın reallığını başa düşmür, o uduzacaqdır. Mənim Xalq Cəbhəsinə hüsn-rəğbətim var”.
https://ali-shamil.tr.gg/Heyd%26%23601%3Br-%26%23399%3Bliyevl%26%23601%3B-m.ue.sahib%26%23601%3B.htm
Ovqat.com
Paylaş: