Xəbər lenti

 

Son illərdə ABŞ-ın Orta Doğuya müdaxiləsi əslində ən çox İranın xeyrinə oldu; Tehran bölgədə ciddi güc və nüfuz sahibi oldu.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranda baş verən prosesləri şərh edərkən deyib. O bildirib ki, bu gün Livanda, İraqda, Yəməndə, Suriyada məhz İran oyunqurucu dövlətə çevrilib:

“Amma bu İrana maddi olaraq çox baha başa gəlir – İran sanki SSRİ-nin son illərindəki sindromu yaşayır. SSRİ cənnəti bu dünyada vəd edən absurd ideoloji sistem idi, məhdud resurslarını dünyada kommunizmin qələbəsinə xərcləyirdi, dünyada ABŞ-a qarşı istənilən rejimləri silahla, pulla dəstəkləyirdi və bu da SSRİ əhalisinin rifah halının aşağı düşməsi ilə nəticələndi. Məntiqsiz iqtisadi sistem, problemli və işlək olmayan utopik ideologiya, mənasız qadağalar, özəl mülkiyyətə düşmənçilik, Əfqanıstana müdaxilə, ABŞ-la silahlanma yarışı... - bütün bunlar SSRİ-nin daha tez tükənməsinə, dağılmasına səbəb oldu. İranda bərqərar olan sistem də SSRİ-nin “dini” formasıdır, sadəcə, cənnəti o biri dünyada vəd edir, bölgədə İslam İnqilabının qələbə çalması üçün çalışır, öz xalqının rifah halının pisləşməsi hesabına İraqda, Livanda, Yəməndə, Suriyada hibrid müharibə aparır, buna milyardlarla dollar xərcləyir. İranın resursları SSRİ-dən çox-çox məhdud olduğu üçün bu müdaxilələrə və silahlanma yarışına xərclənən vəsait İran iqtisadiyyatını çökdürür. Bunun üzərinə ABŞ sanksiyalarını da gəlsək, İranın sosial-iqtisadi vəziyyəti bugünkü bərbad vəziyyətə düşməyə məhkum idi”.

Ekspert qeyd edib ki, İranda əhalinin 70%-ə yaxını 40 yaşına qədər olan insanlardır və onlar İslam İnqilabını görməyiblər:

“Bu nəsil internet nəslidir, onlar dünyanı gəziblər, tez-tez xarici ölkələrdə olublar, hətta yeni nəsildən olan təqribən 1 milyon insan ABŞ-da, Avropada təhsil alıb və onlar artıq mənasız qadağaların, məzmunsuz şüarların içində yaşamaq istəmirlər. Bu nəsil etnik mənsubiyyətinə görə deyil, İrandakı mövcud “oyun qaydalarına” görə sistem dəyişikliyi istəyirlər. İran böyük potensialı olan ölkədir, dünya qaz ehtiyatlarına görə 1-ci, neft ehtiyatlarına görə isə ilk beşlikdə yer tutan ölkədir, dinamik və gənc nüfuzu var, işləmək, pul qazanmaq istəyən insanları var. İran bazarı sözün yaxşı mənasında “ac” bazardır – yeni texnologyalara, yeni sistemə ehtiyacı hiss edir”.

Ekspertin sözlərinə görə, İranda baş verən etirazları etnik zəminə çəkmək ancaq rejimin əlinə oynamaqdan başqa bir şey deyil:

“Mərkəzi dini hökumət etirazların etnik zəminə çəkilməsində maraqlıdır ki, əhalinin böyük bir qismini bu etirazlardan kənarda tutsun, öz əməllərini, sərt addımlarını “etnik separatizmə” qarşı mübarizə kimi təqdim etsin. Bizim marağımız odur ki, İran dünyəvi, sivil, demokratik və bütöv bir ölkə olsun, indiki mərhələdə parçalanmasın, çünki rejim etnik münaqişələr salaraq prosesləri həmişə qaba güclə əzəcək. İlkin mərhələdə İranın sekulyarlaşması və demokratikləşməsi əsas hədəf olmalıdır. Cənubi Azərbaycana müstəqillik istəmək zərərli və yanlış yoldur”.

N.Cəfərli bildirib ki, Azərbaycanımızı sosial rifah dövlətinə çevirərək Güney üçün model olmalıyıq:

“Əsas məsələ də məhz budur: biz “rol-model” olmasaq, cazibə mərkəzinə çevrilməsək, İranda yaşayan soydaşlarımıza heç nə ilə kömək edə bilməyəcəyik”.




Ana səhifəyə qayıt        Baxış: 2 867          Tarix: 25-11-2019, 00:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma