Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.
APA-nın xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.
***
12.07
“Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.
APA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, noyabrın 28-də Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: “Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.
***
12.01
Milli Məclisin iclası başlayıb.
APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilir.
***
11.03
Bu gün Milli Məclisin iclası keçiriləcək.
APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.
Paylaş: