Xəbər lenti

  

Ölkəmizdə ədaləti məhkəmələrdə yox, Prezident İlham Əliyevdə axtarmaq ənənəsinin ünü ətraf dövlətlərə də yayılıb. İranda təhsil alan xarici tələbələr də artıq bir çox hüququ pozulan vətəndaşlarımız kimi Prezident İlham Əliyevə açıq məktub yazıblar. İran, İraq, Fələstin, Livan, Suriya, Yəmən, Nigeriya və Kəşmirdən olan tələbələr adından imzalanan həmin açıq məktubda dindar siyasi məhbusların azadlığa buraxılması tələb olunur.

Sözsüz ki, həmin məktub xarici tələbələrin şəxsi təşəbbüslərindən çox,  İrandan Azərbaycana edilən təzyiqlərin tərkib hissəsi kimi nəzərə çarpır və rəsmi Tehranın Nardaran hadisələrinə baxışını ifadə edir. İranın rəsmi və yarırəsmi KİV-lərdə yayılmanan açıq məktubu olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:

 

 

İran, İraq, Fələstin, Livan, Suriya, Yəmən, Nigeriya və Kəşmirdən olan tələbələrin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə AÇIQ MƏKTUB

 

Azərbaycan Respublikasının öz dini haqlarına qovuşmaq istəyən islamçıları illərdir həbs həyatı yaşayırlar. Daha dəhşətlisi budur ki, onların məhkəmə qərarlarında əsl səbəblər deyil, əksərən narkoticarət və silah saxlama kimi yalançı ittihamlar əsas göstərilib.

Digər etirazçılara, qərbyönümlü müxalifətçilərə və hətta terrorçulara nisbətən islamçı dustaqlara daha mənfi münasibət bəslənir. Belə ki həbsxanalarda Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və Hacı Tale Bağırzadə kimi ruhanilərin canları təhlükə altındadır, onlar fiziki və mənəvi işgəncələrə məruz qalırlar.

Nardaran qəsəbəsindəki qardaşlarımız sizin hökumətinizin anti-islam siyasətlərinə etiraz etdiklərinə görə 4 ildir ciddi rejimli mühasirə altındadırlar. Azərbaycan Respublikası əhalisinin 80 faizi isə şiələrdən ibarətdir. İslamçılıq yalnız ideya və təfəkkür yox, həm də bir amal sayılır. Təəssüf ki, uşaq qatili olan İsraillə dostluq, xalqa qarşı isə hətta dini ayinlərin icrasında məhdudiyyət yaratma siyasətiniz İslam təlimlərinə ziddir və dostluğunuz elə bir həddə çatıb ki, İsrail rejim başçıları əksəri şiə olan bir İslam ölkəsini özlərinə qırmızı xətt və ikinci vətən adlandırırlar. İmam Xomeyninin SSRİ-nin dağılacağına dair proqnozu necə həyata keçdisə, bugünkü regional hadisələr də göstərir ki, Qərb hegemonluğu süqut etməkdə və zühur yaxınlaşmaqdadır.

Regionun bəzi Qərbə bağlı hakimiyyətlərinin acı taleyini yaşamamaq və ayıq xalq tərəfindən siyasi səhnədən silinməmək üçün anti-islam siyasətlərinizə yenidən baxmalı, İsrailə dostluğa, islamçı xalqa və dini liderlərə qarşı təzyiqlərə son qoymalısınız.

Siz dindar qüvvələrə arxalansanız, Qarabağ qısa müddət ərzində erməni işğalından azad edilər.

Bilin ki, əsl Məhəmməd (s) İslamına tabe olub Azərbaycan Respublikasındakı dini qardaş və bacılarımızın hüquqlarını tələb etməkdə, onları daim dəstəkləməkdə, islamçıların azadlığa çıxmasına çalışmaqda, onların, xüsusən də Nardaran hadisəsində zülmə məruz qalanların haqlarını səsləndirməkdə heç bir coğrafi və etnik sərhədlər İslam dünyasının biz tələbələrini yolumuzdan döndərə bilməz!

Məktubu imzalayanlar:

Vəhdət Konfransının Tələbə Komissiyasının Rəyasət Heyətinin üzvləri:

Əlirza Firuzi (İran)

Osman əl-Həkimi (Yəmən)

Ədi əl-Təmimi (Yəmən)

Bədiə Zəkzaki (Nigeriya)

Əla Cüneyd (Suriya)

Əli əl-Fəyyaz (İraq)

İbadə Əmin (Fələstin)

Müqavimət istiqamətinin İranda təhsil alan tələbə fəalları:

Müin Rəzii (Müstəqil Tələbələrin İslam Birlikləri İttifaqının Beynəlxalq Şöbəsinin sədri, İran)

Məhəmməd Dərviş (Livan)

Şadi əl-Həsəni (Yəmən)

Məhəmməd Həsəneyn (Kəşmir)

Ömər Əbu Səmurə (Fələstin)

Həsən əl-Ərmilə (Suriya)




Ana səhifəyə qayıt        Baxış: 2 461          Tarix: 9-12-2019, 07:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma