Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, 39 yaşlı Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ovqat.com xəbər verir ki, Elvin İsayevin Ukraynaya səfərinin görüntüsü yayımlanıb. Görüntüdə Ukraynadakı rus separatçılarına yardım apardığı anlaşılan Elvin İsayev video vasitəsilə onlara “Rusiya sizin yanınızdadır”, “Azərbaycan talışları sizin yanınızdadır” deyə müraciət edib.
Videonu bu linkdən izləyə bilərsiniz
Görünür, yardım adıyla Ukraynaya gedən Elvin İsayev daha sonra paytaxt Kiyevdə saxlanılıb. Bəlkə də rus separatçılarını dəstəkləməsi rəsmi Kiyevi qıcıqlandırdığından bu amil Elvin İsayevin deportasiyasını da sürətləndirib.
Bəzi məlumatlara görə, Elvin İsayev Avropaya sığınmaq niyyətilə Şengen vizası almaq üçün Kiyevə gedibmiş. Ona Ukraynadakı vəkillərdən biri 1000 avro müqabilində viza düzəltməyə söz veribmiş.
Paylaş: