Xəbər lenti
Dünən, 19:25

  

Qasim Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə təklənən Livan Hizbullahının Şimali İraq Kürd Muxtariyyəti ilə də araları pozulub.

Ovqat.com xəbər verir ki, bu gün Livan Hizbullahı ilə Kürd Muxtariyyəti rəhbərliyi arasında söz dueli yaşanıb.

Polemikaya səbəb Hizbullah lideri Həsən Nəsrullahın Kürd Muxtariyyətinin keçmiş prezidenti Məsud Bərzani barədə söylədiyi fikirlər olub. O, kürd rəhbərliyini Qasim Süleymaniyə hörmətlə yanaşmağa çağırıb və xatırladıb ki, bir vaxtlar İŞİD-in qorxusundan Məsud Bərzani tir-tir titrəyirdi. Qasim Süleymaninin qurduğu Həşdi-Şabi könüllülər ordusunun o vaxt Ərbili bu çətin vəziyyətdən xilas etdiyini deyən Həsrullahın fikrincə, ən azı buna görə kürdlər Qasim Sülüymaniyə borclu olmalıdırlar.

Nəsrullahın bu iddiasına cavab özünü çox gözlətməyib. Kürd Muxtariyyəti rəhbərliyinin sözçüsü Cutyar Adil bəyanat yayaraq, Həsən Nəsrullahı illərdir sığındığı mağaradan başını çölə çıxara bilməməkdə günahlandırıb. İndi bu adamın kimisə qorxaqlıqda günahlandırmasını gülünc adlandıran sözçü Şimali İraq Kürd Muxtariyyətini peşmərgələrin (kürd döyüşçüləri – H.O.) qoruduğunu, buna baxmayaraq, Mosulun işğaldan azad edilməsində xidməti olan hər kəsə minnətdarlıqlarını dəfələrlə dilə gətirdiklərini xatırladıb.

C.Adil onu da vurğulayıb ki, Bərzani kürd xalqının lideridir və ona yönələn təhqir bütünlüklə kürdləri aşağılamaq deməkdir: “İraq Kürd Muxtariyyəti və bir millətin lideri barədə işlətdiyin bu sözlərə təəccüblənmədik. İllərdir yeraltı tunellərdə və sığınacaqlarda yaşayır və günəş işığından məhrum olubsan. Əvəzində isə illərdir zülmlərə məruz qalan və öz haqqı uğrunda döyüşən bir xalqı müdafiə etmək əvəzinə aşağılayırsan”.

Sözçü həmçinin 2017-ci ildə keçirilən müstəqillik referendumu zamanı Həşdi Şabi qüvvələrinin Şimali İraqa hücum etdiyini xatırladaraq onların kürd dirənişi qarşısında tab gətirə bilmədiklərini bildirib: “Liderimiz Bərzani ilə görüş zamanı sizin təmsilçisi olduğunuzu bildirdiyiniz şəxsin (Süleymanini nəzərdə tutur-H.O.) və onun kimilərin 2017-ci ilin oktyabrında Muxtariyyətimizi məhv etmək xəyalları peşmərgə dirənişi qarşısında yox oldu. Qorxusundan başını deşikdən çıxara bilməyən sən, niyə səninlə heç bir əlaqəsi olmayan bir xalqla uğraşırsan? Bərzani Kürdüstanın müqavimətinin simvoludur. Sən və sənin kimi qorxaqlar bir millətə və onun rəhbərinə həqarət yağdıracaq böyüklükdə deyillər”.

Qeyd edək ki, İŞİD 2014-cü ildə Mosulu işğal etdikdən sonra həqiqətən Ərbilin yaxınlarına qədər irəliləşmişdi. Amma bu təşkilatın hədəfi məzhəbcə sünni olan kürdlər yox, şiələrin əlinə keçən Bağdada doğru irəliləmək idi. Eyni anda həm Bağdadı, həm də Ərbili qarşısına almaq İŞİD-in hərbi taktiki hədəflərinə uyğun gəlmədiyindən Şimali İraqda sadəcə yezidi kürdləri, şiə ərəbləri və türkmənləri cəzalandırmaqla kifayətləndi. Daha sonra isə ölkənin cənubuna doğru irəliləməyə başladı.

Hətta Şimali İraqın türkmənlərdən, ərəblərdən və yezidi kürdlərdən təmizlənməsi əməliyyatında kürd separatçıları ilə İŞİD-in ortaq maraqları vardı və zaman-zaman bu iki qüvvə bir-birinə yardım edirdilər. Bəzi müşahidəçilərə görə, beynəlxalq güc mərkəzləri Şimali İraqda etnik təmizləmə əməliyyatı aparmaq üçün bəzi ərazilərə birinci İŞİD-i göndərir, onların təmizləmə əməliyyatından sonra bölgə kürdlərə təhvil verilirdi.

Xüsusilə İraq hərbi qüvvələrinin və Həşdi Şabinin Mosul əməliyyatı zamanı separatçı kürdlərlə-İŞİD ittifaqı açıq şəkildə özünü büruzə vermişdi. Kürd Muxtariyyəti Mosul əməliyyatında Həşdi Şabinin onlara aid torpaqdan istifadəsinə razı olmamış və məhz bu səbəbdən də əməliyyat xeyli gec başlamışdı.

Dolayısıyla həmin illərdə Ərbilin qorunmasında nə peşmərgələrin, nə də o zaman daha yaranmayan Həşdi Şabinin hər hansı xidmətləri olmayıb. İŞİD-in hədəfləri arasında Şimali İraqı almaq planı olmadığından həmin illərdə Ərbil özünü qoruya bilib. Həşdi Şabi yalnız 2017-ci ildə Mosul əməliyyatı zamanı bu bölgəyə gəlib və hərbi missiyasını həyata keçirdikdən sonra geri çəkilib.

Elə həmin ilin payız aylarında Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməyə qərar verməsi də təsadüfi deyildi və Mosulu almaqla suverenliyini gücləndirən Bağdada arxadan vurulan növbəti zərbə idi. Bu da mərkəzi hakimiyyətin Şimali İraqa hərbi əməliyyata başlamasına səbəb oldu.

2017-ci ilin 16 oktyabrında başlayan və Həşdi Şabinin də iştirak etdiyi hərbi əməliyyatda, C.Adilin dediyi kimi, mərkəzi hakimiyyət hər hansı ciddi dirənişlə qarşılaşmadı. Əksinə, əməliyyatın ilk günü Kərkükə nəzarət edən Kürdüstan Yurdsevərlər Birliyi mərkəzi hakimiyyətin tərəfinə keçdi və Şimali İraq müqavimətsiz təslim oldu. Bərzani tərəfdarlarının fikrincə, müstəqillik referendumunun beynəlxalq güclər tərəfindən qəbul olunmamasında da Kürdüstan Yurdsevərlər Birliyinin bu xəyanəti mühüm rol oynadı.

Ümumiyyətlə, Şimali İraq kürdlərinin əsasən iki əşirət arasında bölündüyü bəllidir. Bu qüvvələrdən birinə Təlabani, digərinə isə Bərzani klanı rəhbərlik edir. Təlabani klanı İrana, Bərzani klanı isə daha çox Türkiyəyə meyllidir. Bu mənada Həşdi Şabinin və onun əsas qurucusu Qasim Süleymaninin Şimali İraqa verdiyi dəstək Təlabani qüvvələrinə edilib və Bərzanilər buna görə özlərini İrana borclu saymırlar.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 13-01-2020, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma